ABŞ-da peşəkar yazıçı kimi tanınan ilk azərbaycanlı

   ABŞ-da peşəkar yazıçı kimi tanınan ilk azərbaycanlı
  31 May 2019    Oxunub:13342
Ulu babası Hacı Məhəmməd Rəcəb Bakının Qala kənd məscidinin axundu idi. Dövrünün sayılıb-seçilən üləmalarından biri kimi tanınırdı. Kərbəla ziyarəti zamanı vəfat etdiyi üçün orada dəfn olunub. Atası Rafiq Səlimov uzun illər dövlət qulluğunda çalışıb, hazırda təqaüddədir.
Anası İradə xanım isə 2016-cı ildə 58 yaşında olarkən dünyasını dəyişib. Rəhmətlik İradə xanım Azərbaycan aktyoru, pedaqoq, dramaturq, bir sıra birpərdəli pyeslərin, vodevillərin və musiqili komediyaların müəllifi, rejissor Mirmahmud Kazımovskinin nəvəsi olub.

Ömür-gün yoldaşı ixtisasca iqtisadçıdır, Hyustonda şəxsi bizneslə məşğul olur. İki övladı vardır. Oğlu Riad 13, qızı Ceyla İradə isə 11 yaşındadırlar.

Haqqında söhbət açdığım Zeynəb xanım Səlimova Bakıda dünyaya gəlib. Səkkizinci sinfədək 23 nömrəli məktəbdə oxuyub. Tam orta təhsilini 134 nömrəli məktəbdə alıb. 1997-2001-ci illərdə Qərb Universitetinin işgüzar inzibatçılıq fakültəsində beynəlxalq biznesin idarə olunması ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə magistr dərəcələrinə yiyələnib. Həmçinin turizm agentliklərinin birinin satış şöbəsində çalışıb. 2003-cü ildə ailə qurduğu üçün bir müddət heç yerdə işləməyib. 2005-ci ildə “Elegant Travel” turizm şirkətini yaradaraq dörd il həmin şirkətə rəhbərlik edib.

Eyni zamanda akademik Ziya Səmədzadənin rəhbərliyi altında elmi iş üzərində işləyərək 2008-ci ildə iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Sonra iki il “Flydubai Airlines” hava yolları şirkətində çalışıb. 2015-ci ildən ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayır. 2017-2019-cu illərdə burada biznesin təşkili üzrə kollecdə oxuyaraq biznesin idarə olunması ixtisasına yiyələnib.

Deyir ki, - “On yaşımdan bədii yaradıcılıqla məşğul oluram. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. İlk şeirlər kitabım, “Все чувства выплеснуть позвольте” 2001-ci ildə, ikinci kitabım “Я хочу, чтобы длился день” isə 2005-ci ildə Bakıda işıq üzü görüb. Amerikaya gələndən sonra iki romanım həm ABŞ-da və həm də Rusiyada nəşr olunub”.

Onun 2017-ci ildə Amerikada işıq üzü görən “The Garnet Bunches” və 2018-ci ildə ərsəyə gələn “Up to Miracles: A Stone’s Throw from a Fairy Tale” kitabları ABŞ-ın bir sıra mötəbər sərgilərində nümayiş etdirilib. 2018-ci ildə “The Garnet Bunches” kitabına görə “Pacific Book Review” təşkilatı tərəfindən “Peşəkar Star” mükafatına layiq görülüb.

Rusiyada nəşr olunan “Гроздья Граната”, eləcə də “Прямо в чудеса. В двух шагах от сказки” kitabları isə ona bu ölkədə nüfuz gətirib. Və “Bladimir Mayakovski-125” medalı ilə təltif olunub. Bu ilin sentyabr ayında Hyustonda “Гроздья Граната” və “The Garnet Bunches” kitablarının təqdimat mərasimi keçiriləcək.

Hyustonda fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin demək olar ki, əksər tədbirlərində fəal iştirak edir. Yoqayla məşğul olmağı, velosiped sürməyi xoşlayır. Klassik ingilis ədəbiyyatını mütaliə etməkdən yorulmur.

Deyir ki, - “Mənim ən böyük amalım, övladlarımı əsl azərbaycanlı kimi böyütməkdir. İstəyirəm ki, onlar həm Amerika cəmiyyətinə qaynayıb qarışa bilsinlər və həm də milli kimliklərini unutmasınlar”.

Mehriban, mədəni, dərin zəkalı, yüksək intelektli bu yaradcı xanımın böyük uğurları hələ irəlidədir. İnanırıq ki, Amerika Birləşmiş Ştatları kimi nəhəng bir ölkədə dünya standartlarına uyğun gözəl əsərləri ilə Azərbaycanımıza başucalığı gətirəcəkdir. Axı onun əsərlərində Azərbaycan mədəniyyətinin çalarları açıq-aşkar hiss olunur.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: ABŞ   Yazıçı  





Xəbər lenti