“Polşa ilə siyasi əlaqələrimiz yüksək səviyyədədir” - Prezident
"İlk növbədə, cənab Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Bu, Sizin Azərbaycana ilk səfərinizdir. Əminəm ki, bu səfər Polşa-Azərbaycan əlaqələrinin inkişafına çox güclü təkan verəcəkdir.
Mən Sizin ölkənizə öz rəsmi səfərimi xatırlayıram. İki il bundan əvvəl biz Sizinlə Polşada görüşmüşdük və o görüş zamanı ikitərəfli əlaqələrimizin gələcək inkişafı haqqında fikir mübadiləsi aparmışdıq. Hesab edirəm ki, iki il ərzində biz böyük yol keçmişik və müxtəlif sahələr üzrə uğurlu əməkdaşlıq formatı yaradılıb. Xüsusilə Polşa və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox önəmli sənəddir və bizim əlaqələrimizin mahiyyətini əks etdirir. Biz doğrudan da strateji tərəfdaşıq".
Prezident İlham Əliyev iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib: "Yüksək səviyyəli qarşılıqlı səfərlər bunu əyani şəkildə təsdiqləyir. Bu gün müzakirə olunan mövzularla bağlı bizdə fikir ayrılığı yoxdur. Biz istəyirik ki, ikitərəfli əlaqələrimiz bütün sahələrdə inkişaf etsin".
Daha sonra dövlət başçısı vurğulayıb: "Hesab edirəm ki, biz iqtisadi sahədə daha da fəal işləməliyik. Çünki ticarət dövriyyəsi hələ ki, o qədər də böyük deyil, halbuki potensial var. Bu gün biz bu barədə də danışdıq və müəyyən etdik ki, növbəti mərhələdə biznes qurumlarının müntəzəm olaraq bir araya gəlməsi nəticəsində ticarət dövriyyəsi artmalıdır. Bu gün keçiriləcək biznes forum əlbəttə ki, buna nail olmaq üçün çox önəmli bir vasitədir. Bilirəm ki, forumun işinə həm Polşadan, həm Azərbaycandan çox böyük maraq var. Hesab edirəm ki, Polşa və Azərbaycan biznes dairələri bir-biri ilə sıx əlaqə quraraq, həm özləri, həm də ölkələrimiz üçün fayda gətirə bilərlər.
Hesab edirəm ki, sərmayə qoyuluşu baxımından bizim aramızda heç bir fikir ayrılığı yoxdur. Biz qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı fəal işləməliyik və ölkəmizdə gözəl sərmayə iqlimi var. Ümid edirəm ki, Polşa şirkətləri bu imkanlara diqqətlə baxacaqlar. Eyni zamanda, Azərbaycan şirkətlərinə də tövsiyə edirəm Polşadakı imkanlara baxsınlar ki, bizim aramızda olan iqtisadi və ticarət əlaqələri daha da genişlənsin. Keçən il Polşada Azərbaycanın ticarət evi açılmışdır. Bu, kiçik də olsa, önəmli addımdır. Hesab edirəm ki, bundan sonra bu istiqamətdə daha böyük addımlar atılacaq.
Bu gün, eyni zamanda, nəqliyyat sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkələrimiz üçün böyük önəm daşıyır. Azərbaycan bu sahədə öz işlərini görür. Mövcud nəqliyyat və logistika imkanları yeni bir vəziyyət yaradır. Yəni, Azərbaycan nəqliyyat mərkəzlərinin birinə çevrilir və əlbəttə, ərazimizdən keçən yüklərin həcmi də əminəm ki, artacaq. Energetika sahəsində əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılmışdır. Bu sahədə də böyük potensial, qarşılıqlı maraq var. Müvafiq qurumlar, bizim şirkətlərimiz bu məsələ ilə bağlı indi işləyirlər və danışıqları davam etdirirlər".
Prezident İlham Əliyev əlavə edib: "Biz bu gün, eyni zamanda, digər sahələrdəki əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Kənd təsərrüfatı, turizm və digər sahələrdə yaxşı imkanlar var. Həm əldə edilmiş nailiyyətlər, həm də yeni imkanlar mövcuddur və biz bu imkanlardan istifadə etməliyik.
Cənab Prezidentlə təkbətək görüşümdə mən, eyni zamanda, regional vəziyyətlə bağlı öz fikrimi bildirdim. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxmalıdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu həm tarixi ədalət tələb edir, həm də beynəlxalq hüquq tələb edir. Bir sözlə, səfərin uğurlu keçməsi artıq reallıqdır. Əminəm ki, səfərin ikinci hissəsində də əldə ediləcək razılaşmalar bizim ümumi ikitərəfli əməkdaşlığımıza çox böyük təkan verəcək, bu əməkdaşlıq inkişaf edəcək və biz bunu istəyirik. Səfərin uğurlu keçməsi artıq onu göstərir ki, hər iki tərəfdən çox güclü siyasi iradə var".
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev