“Artıq açıq şəkildə müharibə elan ediblər” - Parlamentdə müzakirə

 “Artıq açıq şəkildə müharibə elan ediblər” -    Parlamentdə müzakirə
  31 May 2019    Oxunub:2661
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qarşıdakı aylarda gərginləşməsi ehtimalı arta bilər. Ermənistanın baş naziri Nikol Paşinyanı ittiham edirlər ki, o, münaqişənin həlli ilə bağlı güzəştli mövqe ortaya qoymağa hazırlaşır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, erməni oliqarxlarla qondarma "Qarabağ klanı" arasında ittifaq bağlanıb: "Razılaşmaya əsasəm onlar Paşinyanı hakimiyyətdən devirənə qədər mübarizə aparacaqlar. Artıq açıq şəkildə müharibə elan ediblər. Belə olan halda, Paşinyandan münaqişənin həlli ilə bağlı konstruktiv nəyisə gözləməyin mənası qalmır. Ermənilər təxribat törətdilər, Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid oldu. İstisna deyil ki, yeni təxribatlara əl atılsın”.

Deputat Çingiz Qənizadə də çıxışında xatırladıb ki, Azərbaycan ordusunun mayoru Aqil Ömərov erməni snayperi ilə vurularaq öldürülüb.

“Bu, o vaxta təsadüf edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda idi. Bir mayorun, bir komandirin yetişdirilməsi üçün Azərbaycan dövləti nə qədər xərc çəkir və bizim atəşkəs rejimi elan etdiyimiz bir dövrdə snayperlərin istifadəsinin qadağa olunmasına baxmayaraq, bu hadisə baş verib” - deyə deputat qeyd edib.

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, bu barədə beynəlxalq təşkilatlara məlumat çatdırılıb: “Azərbaycan Xarici İşlər Nazirliyi bu istiqamətdə işlər aparır. Beynəlxalq təşkilatlardakı Azərbaycan Milli Məclisinin nümayəndələrinə tapşırılacaq ki, məsələni orada daha yüksək səviyyədə qabartsınlar”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   İclas   Qarabağ  





Xəbər lenti