“İslahatlar daha böyük güclə davam etdirilməlidir” - PA rəsmisi
PA rəsmisi bildirib ki, "ASAN Xidmət"lə Vəkillər Kollegiyasının imzaladığı memorandum əhaliyə daha keyfiyyətli hüquqi yardımın göstərilməsinə şərait yaradır və bu, həm paytaxtda, həm də regionlarda hüquqi yardımın əhatəsinin genişləndirilməsinə səbəb olacaq:
"Cənab prezidentin 3 aprel 2019-cu il tarixli sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı növbəti tapşırıqlar verilib və bu istiqamətdə layihələr hazırlanacaq. Bu, ilk belə tapşırıq deyil. Bütövlükdə həyata keçirilən humanist siyasətin növbəti təzahürüdür. 2017-ilin fevralında cənab prezidentin humanistləşmə ilə bağlı sərəncamı olmuşdu. Bu, bir növ islahatların dalğasına səbəb oldu. Cinayət qanunvericiliyində 300-dək dəyişiklik edildi. Azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri tətbiq olundu. Bütövlükdə kompleks şəkildə dəyərləndirilmə aparıldı və islahatlar həyata keçirildi. Nəticəsi isə bu gün göz qanağındadır. Belə ki, həmin islahatlar 14 minə yaxın şəxsə tətbiq olunmuşdu. 9 minə yaxın şəxs istintaq və məhkəmə dövründə məsuliyyətdən azad olunmuşdu. 1800 şəxs cəzadan azad olunmuşdu ki, onlardan 800 nəfəri azadlıqdan məhrumetmə cəzasından azad edilmişdi. Hesab edirəm ki, bu islahatlar daha böyük güclə davam etdirilməlidir".
Sektor müdiri qeyd edib ki, cəza siyasətinə yeni baxış var və bunun nəticəsi olaraq Azərbaycanda azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin sayı ən aşağı səviyyədədir. Onun sözlərinə görə mülki məhkəmə icraatı ilə bağlı fərmanda bir sıra tapşırıq və tövsiyələr mövcuddur: "Bura həm ixtisaslaşmış vəkillərin yaradılması, həm bütövlükdə mülki-prosessual qanunvericiliyin yenidən işlənməsi daxildir. Mülki-prosessual Məcəllə 20 il bundan öncə qəbul olunub və onun təkmilləşməsinə ehtiyac var. Gündəlik fəaliyyətində Məcəllədən istifadə edənlər orada müəyyən boşluqların və təkmilləşmələrə ehtiyacın olduğu sahələrlə rastlaşırlar. Vəkillər də bununla bağlı təkliflər irəli sürsə, çox yaxşı olar və biz bunu gözləyirik".
V.İsayev qeyd edib ki, fərmanda məhkəmədən kənar üsullara, operativ metodlara böyük önəm verilib: "Bu sahədə son illər böyük addımlar atılıb. 2016-cı ildə Apellyasiya Şuralarının yaradılmasını misal göstərə bilərəm. Statistik göstəricilər deməyə əsas verir ki, 2018-ci ildə Apellyasiya Şuralarına edilən müraciətlər nəticəsində həm Şuranın fəaliyyəti təkmilləşib, həm də müraciətlərə baxılmaların nəticələri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Yəni sahibkarların hüquqlarının müdafiəsinə etibarlı şərait yaradıb. Məsələn, yerli Apellyasiya Şuralarına edilən müraciətlərin 95 faizindən yuxarı instansiya və prezident yanında Apellyasiya Şurasına müraciət edilmir. Bu da mühüm göstəricidir".
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Vüsal-İsayev PA