Hesablama Palatasının səlahiyyəti artırılır

 Hesablama Palatasının səlahiyyəti artırılır
  30 May 2019    Oxunub:1767
Azərbaycanda kommersiya və ya vergi sirri haqqında məlumatlar Hesablama Palatasına da veriləcək.
Azvision.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə, eyni zamanda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan dəyişikliklərdə vergi ödəyiciləri haqqında məlumatın verilə biləcəyi orqanların sayı artırılıb. Təkliflərdə Hesablama Palatasının öz vəzifələrinin həyata keçirməsi məqsədilə həmin məlumatların bu quruma da təqdim edilməsi nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni dəyişikliklərdə isə Hesablama Palatasının öz fəaliyyətini daha da gücləndirməsi üçün adiyyati qurumların inzibati məsuliyyəti gücləndirilib və baş verən xətalara görə cərimələr müəyyən edilib.

Bu inzibati məsuliyyətin olması həmin orqanların öz üzərlərinə düşən vəzifələri daha məsuliyyətlə icra etməsinə və Hesablama Palatasının fəaliyyətinin güclənməsinə imkan yaradacaq.

Dəyişikliyə əsasən, bu xətalar baş verdikdə Hesablama Palatası protokol tərtib edəcək və inzibati tənbehin tətbiqi üçün məhkəməyə göndəriləcək. Məhkəmə isə həmin xətalar haqqında işlərə baxaraq inzibati tənbeh tədbiri tətbiq edəcək.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Hesablama   Palata  





Xəbər lenti