Azərbaycan səfirliyi Romada ziyafət verib - FOTOLAR

Azərbaycan səfirliyi Romada ziyafət verib -  FOTOLAR
  29 May 2019    Oxunub:3371
Azərbaycanın İtaliyadakı Səfirliyi tərəfindən Romanın "The Westin Excelsior Roma" mehmanxanasında 28 May Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə rəsmi ziyafət təşkil olunub.
Səfirlikdən AzVision.az -a verilən məlumata görə, ziyafətdə İtaliyanın dövlət rəsmiləri, xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Emanuela Del Re, dövlət idarəçiliyi üzrə dövlət katibi Mattia Fantinati, Deputatlar Palatasının sədr-müavini Ettore Rosato, Xarici İşlər Nazirliyinin baş katibi Elisabetta Belloni, İtaliya Respublikası Prezidentinin Katibliyinin rəhbəri Simone Querrini, İtaliya Respublikası Prezidentinin diplomatik müşaviri Emanuela D’Alessandra, İtaliya Respublikası Prezidentinin informasiya məsələləri üzrə müşaviri Canfranko Astori, Senatın xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçelli, Senatın ədliyyə daimi komissiyasının sədri Andrea Ostellari də daxil olmaqla çoxsaylı parlamentarlar, dövlət qurumlarının rəhbər şəxsləri, ölkədə akkreditə olunan diplomatik korpusun üzvləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, İtaliyanın işgüzar, elmi, akademik, mədəniyyət, incəsənət dairələrinin nümayəndələri, o cümlədən məşhur müğənni Albano Karrisi, Oskar mükafatçısı, rejissor və ssenarist Cianni Kuaranta və tanınmış maestro Alvise Kasellati iştirak ediblər.



Tədbirə İtaliyada səfərdə olan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də qatılıb.

İtaliya Respublikası və Azərbaycan Respublikasının dövlət himnlərinin səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə qonaqları salamlayaraq 28 May Respublika Gününün Azərbaycan tarixindəki önəmini vurğulayıb, bu il bu bayramla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinin birgə qeyd olunmasın xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Müstəqllik illərində ölkəmizin əldə etdiyi nailiyyətlər, xarici siyasətin uğurlarından bəhs edən diplomat Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın mövcud olduğunu, bunun son illərdə həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərdə, geniş iqtisadi, xüsusilə enerji sahəsində əməkdaşlıqda təzahür etdiyini, bu günlərdə qədim Romanın Fori İmperiali ərazisində Azərbaycan hökumətinin dəstəyi ilə aparılan arxeoloji qazıntı işləri nəticəsində eramızın İ-İİ əsrinə məxsus önəmli tapıntının iki ölkə arasında mədəniyyət sahəsində sıx əlaqələrin də mövcudluğunun göstəricisi olduğunu deyib.



Ardınca İtaliya hökuməti adından çıxış edən xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Emanuela Del Re müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi önəmindən, İtaliya ilə qurduğu diplomatik təmaslarından danışıb, Azərbaycanın dövlət müstəqlilliyini bərpa etməsindən sonra iki ölkə arasında daim inkişaf edən münasibətlərdən, əlaqələrin strateji tərəfdaş səviyyəsinə yükəsləməsindən danışıb, ötən il İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana dövlət səfərinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfərinin əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsi olduğunu bildirib.



Azərbaycan və İtaliya arasında geniş iqtisadi gündəliyin olduğu, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı, Azərbaycanın isə İtaliyanın ən böyük xam neft və ikinci ən böyük enerji təchizatçısı olduğunu deyib, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans Adriatik boru kəmərinin strateji önəmini və enerji təhlüksəziliyinin təmin olunmasındakı əhəmiyyətini vurğulayıb. Azərbaycan və İtaliya arasında mədəniyyət sahəsində sıx mübadilələrdən danışaraq Azərbaycan hökuməti tərəfindən İtaliyanın maddi-mədəni irsinin qorunmasına göstərilən dəstəyi və bunun nəticələrini yüksək qiymətləndirib. Ölkəmizin regional təhlükəsizlik və əməkdaşlıqdakı önəmli rolunu qeyd edən nazir müavini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də nizamlanmamasının narahatlıq doğurduğunu, münaqişənin yaratdığı ağır humanitar fəsadların təəssüfedici olduğunu, İtaliyanın ötən il ATƏT-infəaliyyətdə olan sədri kimi danışıqlar prosesinə töhfə verməyə çalışdığını, problemin həllinin Ermənistan və Azərbaycan arasında dialoqdan keçdiyini və buna ölkəsinin töhfə verməyə hazır olduğunu söyləyib. Bir neçə il öncə Azərbaycanda səfərdə olduğunu, Azərbaycan mədəniyyətinə, ənənələrinə heyran olduğunu, özünü Azərbaycanın yaxın dostu hesab etdiyini söyləyən nazir müavini Emanuela Del Re İtaliya hökuməti adından 28 May Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə Azərbaycan xalqını və azərbacyanlı həmkarlarını təbrik edib.



Sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin tarixindəki yeri, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi yol, ölkəmizin xarici siyasət istiqamətləri və prioritetləri, əldə olunmuş nailiyyətlərə toxunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə istinad edərək “Əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünki Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər”, deyə bildirib.



Azərbaycanın istirakı ilə həyata keçirilən beynəlxalq və regional enerji və nəqliyyat layihələri və təşəbbüsləri, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, regional təhlükəsizliyə olan təhdidlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub. Azərbaycan və İtaliya arasında yaxın dostluq, yüksək səviyyəli siyasi dialoq və sıx əməkdaşlığın mövcudluğunu bildirən Hikmət Hacıyev İtaliyanı Azərbaycanın Avropa İttifaqında ən yaxın tərəfdaşlarından biri kimi səciyyələndirib, ölkələrimiz arasında bu gün həyata keçirilən önəmli iqtisadi, enerji və mədəniyyət sahəsində layihələrin, o cümlədən Trans Adriatik boru kəmərinin istifadəyə verilməsinin xalqlarımızı növbəti önilliklərdə bir-birinə daha da sıx bağlaycağını deyib.



Tədbirdə İtaliyanın məşhur Santa Çeçilia Musiqi Akademiyasının tələbəsi, çoxsaylı beynəlxalq müsabiqələrin qalibi, pianoçu Müşfiq Quliyevin ifasında Azərbaycan bəstəkarlarının musiqilərindən ibarət konsert proqramı təqdim olunub.





Azvision.az


Teqlər: İtalia   Ziyafət   XİN  





Xəbər lenti