Qətərdə Respublika günü qeyd olunub

Qətərdə Respublika günü qeyd olunub
  28 May 2019    Oxunub:2113
Qətərdə 28 May -Respublika günü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Səfirliyi tərəfindən rəsmi qəbul keçirilib.
Azvision.az xəbər verir ki, qəbulda Qətərin rəsmi şəxsləri, o cümlədən Qətərin Təhsil və Ali Təhsil naziri Mohammed Abdul Vahed Al Hammadi, Bələdiyyə və Ekologiya naziri Abdulla bin Abdulaziz bin Turki Al Subaie və Qətər Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri, həmçinin Qətərdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Azərbaycan və Türk icmasının nümayəndələri, yerli KİV-lər və iş adamları iştirak edib.



Tədbirdə hər iki dövlətin himnlərinin canlı ifasından sonra səfir Rəşad İsmayılov açılış nitqi ilə çıxış edərək, qonaqlara Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının Azərbaycan və dünya üçün əlamətdar hadisə olduğunu bildirən səfir AXC-nin müsəlman şərqində ilk demokratik respublika olduğunu xatırladıb.



Daha sonra səfir 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini qazanmasından sonra üzləşdiyi çətinliklər və ərazilərimizin işğalı haqqında danışmış və xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə ölkəmizin inkişaf və sabitlik mərhələsinə daxil olduğunu əlavə edib. Azərbaycanın bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə böyük inkişafın şahidi olduğunu diqqətə çatdırıb.



Bu il ölkəmizdə Azərbaycanın diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinin qeyd olunduğunu bildirən səfir, ölkə başçısının uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanındığını, bir çox regional və beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüsçüsü olduğunu diqqətə çatdırıb.

Azərbaycan-Qətər diplomatik münasibətlərinin qurulmasının 2019-cu ildə 25 illiyinin tamam olduğunu xatırladan səfir Azərbaycan və Qətər arasında mütəmadi olaraq həyata keçirilən qarşılıqlı səfərlərin, xüsusilə Qətər Əmirinin 2016-cı ilin martında ölkəmizə, Azərbaycan Respublikası Prezidentinin isə 2017-ci ilin fevralında Qətərə səfərlərinin ikitərəfli əlaqələrin dərinliyinin təzahürü olduğunu və həmin səfərlərin qarşılıqlı əməkdaşlığın daha da inkişafında xüsusi rol oynadığını qeyd edib.
Tədbir çərçivəsində Azərbaycanın turizm imkanlarını və tarixi abidələrini əks etdirən video-çarxlar göstərilib. Ölkəmizdən gəlmiş sənətçilərin ifasında milli musiqi parçaları səsləndirilib.

Tədbir ziyafətlə davam etdirilib və qonaqlara milli mətbəximizin nümunələri, həmçinin, ölkəmizlə bağlı xatirə-hədiyyələr təqdim olunub.

Azvision.az


Teqlər: Qətər  





Xəbər lenti