“Azərbaycanda qida problemi mövcud deyil” - Əli Əhmədov

 “Azərbaycanda qida problemi mövcud deyil” -    Əli Əhmədov
  17 May 2019    Oxunub:2313
"Qida təhlükəsizliyi problemi bəşəriyyətin üzləşdiyi elə problemlərdəndir ki, onun kəskinliyi getdikcə daha da artacaq, həll olunması üçün bundan sonra da səylər göstəriləcək. Bununla əlaqədar hər bir ölkə öz strategiyasını müəyyənləşdirib, həyata keçirmək haqqında düşünməlidir"
Azvision.az xəbər verir ki, bunu Baş nazirinin müavini Əli Əhmədov II Bakı Beynəlxalq Ərzaq Təhlükəsizliyi Konfransında çıxış edərkən deyib. Onun sözlərinə görə, indiki həyatın çox vacib məsələlərindən biri qida təhlükəsizliyi ilə bağlıdır.

"Bu il Azərbaycan ən çox islahat aparan ölkələrdən biridir. Bu islahatlardan biri də qida təhlükəsizliyi sisteminin təkmilləşməsi, onun standartlara uyğunlaşdırılması, insanların sağlam qida təmininə töhfə verilməsi, ixrac potensialının əhəmiyyətli hissəsini təşkil edən kənd təsərrüfatı məhsullarının ayrı-ayrı ölkələrə ixrac edilməsidir".

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın malik olduğu resurslar insanların sağlam qida ilə təmin edilməsinə kömək edir.

"Azərbaycan əhalisinin sayı ötən illər ərzində 2 milyon artaraq 10 milyona çatıb, amma əhali sayı artsa da, ərazisi artmır. Əksinə, Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Bu torpaqlar kifayət qədər münbit torpaqlardır və Azərbaycan onlardan istifadə edə bilmir. Bununla əlaqədar Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə bağlı torpaq potensialı 20 faiz azalıb. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar həyata keçirilən məqsədyönlü və səmərəli siyasət nəticəsində problem Azərbaycanda köklü şəkildə həll edilib. Azərbaycan üçün bu problem mövcud deyil. Təbii ki, növbəti mərhələ olaraq, insanların keyfiyyətli qida ilə təmin edilməsi üçün düzgün strategiya hazırlanıb. Bu gün Azərbaycan öz daxili istehsalı ilə insanları daha sağlam qida ilə təmin etmək imkanlarına malikdir. Amma eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan müasir dünyanın bir parçasıdır".

Baş nazirin müavini əlavə edib ki, ölkələr arasında genişlənməkdə olan ticarət əlaqələri nəticəsində Azərbaycanın daxili bazarına müxtəlif ölkələrdən qida məhsulları gətirilir. "Bununla əlaqədar qida təhlükəsizliyi problemi təkcə daxili istehsalla bağlı olan problem kimi qalmır, eyni zamanda, ölkəmizə gətirilən qida məhsullarının nə qədər təhlükəsiz olduğunu ciddi şəkildə təmin etmək kimi vacib problemi ortaya qoyur. Bu mənada hesab edirəm ki, bu gün Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin üzərinə çox ciddi öhdəliklər düşür. Biz inanırıq ki, Azərbaycan həm daxili istehsal nəticəsində, həm də Azərbaycana kənardan gələn məhsulların daha ciddi standartlara uyğun şəkildə ölkəyə daxil olması normalarını müəyyənləşdirmək əsasında Azərbaycan vətəndaşlarının təhlükəsiz, sağlam qida ilə təmin edilməsinə öz töhfəsini verəcək. Vətəndaşlarımız bu baxımdan hər hansı nigarançılıq yaşamağa məcbur olmayacaqlar. İnsanlar arasında qidaların standartlara nə dərəcədə uyğun olması məsələsi, başqa ölkələrdən gətirilən qidaların nə dərəcədə sağlam olması nöqteyi-nəzərindən gərəkli olması ilə bağlı çox müxtəlif fikirlər dolaşmaqdadır. İnsanlarımızın qida təhlükəsizliyi ilə bağlı ətraflı şəkildə məlumatlandırılması, qida təhlükəsizliyi problemi ilə çox ciddi müzakirələrin aparılması bu fikirlərə aydınlıq gətirə bilər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Əli-Əhmədov  





Xəbər lenti