Prezident çexiyalı deputatları qəbul edib - Yenilənib
Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçek Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarını dövlətimizin başçısına çatdırdı. Geniş nümayəndə heyəti ilə Azərbaycana səfər etdiklərini deyən Radek Vondraçek Çex Respublikası Parlamentində müxtəlif partiyaları təmsil edən Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərdiyini diqqətə çatdırdı. O bildirdi ki, Çex Parlament nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədi ölkələrimiz arasında mövcud olan çox yaxşı münasibətlərin daha da inkişaf etdirilməsi işinə töhfə verməkdir. Radek Vondraçek Azərbaycanda müxtəlif sahələrdə aparılan köklü islahatların təqdir edildiyini, Çexiya investorları tərəfindən Azərbaycana böyük maraq göstərildiyini diqqətə çatdırdı.
Görüşdə Azərbaycan Respublikası ilə Çex Respublikası arasında münasibətlərin həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində uğurla inkişaf etdiyi vurğulandı və eyni zamanda, hökumətlərarası birgə komissiyanın işinin fəallaşdırılmasının vacibliyi qeyd olundu.
Dövlətimizin başçısı Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çexiya Prezidentinə çatdırmağı xahiş etdi.
Azvision.az
Teqlər: İlham-Əliyev Prezident