“Emin 444”ün qətlinə görə dünya çempionu tutulub
Öldürülən Emil Səfərovun anası Məlahət Səfərova “Yeni Müsavat”a qətllə bağlı açıqlama verib, baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb: “Mənim oğluma qarşı cinayətin təşkilatçısı Zaur Yusifovun atasıdır. Oğlumun qətlinin planını Zaur Yusifov cızıb, atası Əli Yusifov oğlumun aldadılaraq onların qapısına aparılmasını təşkil edib. Zaurun bacısı oğlu Vüqar, Zaurun qardaşı Zamin cinayətin iştirakçılarıdır. Bunun şahidləri də var. Oğluma 78 bıçaq vurublar”.
(Emin Səfərov)
Məlahət Səfərova deyir ki, qətldən əvvəl oğlu Emin Səfərovla Zaur Yusifovun arasında mübahisə olub: “Hadisədən bir neçə saat əvvəl Zaur oğlum Emillə mübahisə edib. Emil ona deyib ki, sələm məsələsini yığışdır. Camaatı incitməyin. Bundan bir neçə saat sonra Zaurun atası Əli oğlumun yanına gəlib. Həmin vaxt oğlum dostları ilə 6-cı mikrorayonda parkın qarşısında olub. Əli oğluma deyib ki, Emin, gəl gedək əmi-bala söhbət edək. Bunun şahidləri Eminin dostlarıdır. Onlar maşına minib birgə getmək istəyiblər. Əli Yusifov deyib ki, siz maşından düşün. Orada kamera var. Şahidlər gedib ifadə də veriblər. Bu gün Əli Yusifov ortalıqda gəzir. Bu adam oğluma qarşı cinayətin birbaşa təşkilatçısı, iştirakçısıdır. Zakir Qaralovdan xahiş edirəm, bu işi nəzarətə götürsün”.
Məlahət Yusifova deyir ki, Həsən Tağıyev Yusifovların işlərini görən adamdır: “Həsən bədbəxt adamdır. Onu məcbur ediblər, cinayəti boynuna götürüb. Həsən Zaur Yusifovdan asılı adamdır. Zaur onu məcbur edib və o da bu cinayəti boynuna götürüb. Amma bir balaca araşdırma apardılar, gördülüər ki, Həsən, sadəcə, iştirakçıdır. O, boynuna alıb ki, Zamin Eminin maşınına arxa oturacağa əyləşdi. İpi Emilin boynuna atıb. Bundan sonra atası Əli Emilin üzünə sillə vurub. Zaur bıçaqla vurmağa başlayıb. Emin maşından düşmək üçün cəhd göstərirmiş. Zaur başlayıb daha tez-tez vurmağa. Bundan sonra Zaur Həsənə də qışqırıb ki, sən də vur. O da bıçaqla vurmağa başlayıb. Həsən Zaurun uşaqlarını məktəbə aparan, həyətində yer belləyən adam idi. O deyib ki, Emini bıçaqlayandan sonra maşından düşürüblər. Yerdə olanda da Həsənə deyiblər ki, sən də vur. Bundan sonra da məcbur ediblər ki, 102-yə zəng vur, biz səni həbsdən qurtaracağıq. Həsən deyib ki, Zaur üstünə qışqırandan sonra Emilin ayağına və qoluna bir neçə bıçaq vurub. Həsənin bu ifadəsindən başqa şahidləri də var ki, cinayətdə Əli Yusifovun, Zamin Yusifovun, bacısı oğlu Vüqarın iştirak etdiyini - cinayəti əvvəldən axıra qədər görüblər. Xahiş edirəm ki, cinayət işini baş prokuror Zakir Qaralov şəxsi nəzarətinə götürsün. Əli Yusifov, onun qızının oğlu Vüqar, digər oğlu Zamin Yusifov cinayətin iştirakçılarıdır. Bu adamları həbsini tələb edirəm”.
(Zaur Yusifov)
Qeyd edək ki, mərhum Emin Səfərovun xalası oğlu Royal Əkbərov da bildirib ki, qətllə bağlı həbs olunan 1995-ci il təvəllüdlü Həsən Tağıyev qanlı cinayətin iştirakçısı olsa da, onunla Emin Səfərov arasında əvvəllər hər hansı bir mübahisə olmayıb: “Həsən Tağıyev 6-cı mikrorayonda kikboksçu Zaur Yusifovun adamı kimi tanınır. Onu ora-bura iş dalınca göndərirlər. Yəni bu cinayət Həsən Tağıyevin təşəbbüsü ilə törədilməyib. Cinayəti planlaşdıran, təşkilatçısı Zaur Yusifovdur, Eminin hadisədən əvvəl dəfələrlə mübahisəsi onunla olub. Səbəb də Zaurun kasıblara sələmə pul verib onları incitməsi idi”.
Qeyd edək ki, mayın 10-da Bakının Binəqədi rayonunda son illərin ən qəddar qətllərindən biri törədilib. 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Həşimov küçəsində Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərov öldürülüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları Emin Səfərovun qan gölməçəsinin içində meyitini aşkar ediblər. Meyitdən bir qədər aralıda Həsən Tağıyev bıçaq dizinin üstündə yerdə oturubmuş. Hadisənin digər iştirakçıları isə orada olmayıblar. Hadisədən sonra Zaur Yusifovun atası Əli Yusifov Kliniki Tibbi Mərkəzə müraciət edib. Onun qolunda bıçaq yarası olub. Mərhum Emin Səfərovun yaxınları deyir ki, Əli Yusifovun qoluna yetirilən bıçaq xəsarətləri cinayətin izinin itirilməsinə xidmət edir.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.
Azvision.az
Teqlər: Qətl