İntihara cəhd edən qızın müəllimləri: “İndi çox peşmandır”

  13 May 2019    Oxunub : 3712
 İntihara cəhd edən qızın müəllimləri: “İndi çox peşmandır”
Sosial şəbəkələrdə və bəzi KİV-lərdə 109 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi F. Ə-nin intihara cəhd etməsi ilə bağlı yayılmış xəbərlər geniş müzakirə olunur. Bu müzakirələrdə bəzi müəllimlər haqqında da müəyyən ittihamlar səsləndirilir.
Azvision.az -ın əməkdaşı məsələ ilə əlaqədar məktəbin müəllimləri ilə görüşüb, onların fikirlərini öyrənib. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bahar Haqverdiyeva baş vermiş hadisədən dərin təəssüf hissi keçirdiyini bildirib.

“Həmin şagirdin sinif rəhbəri olmaqla yanaşı, onlara Azərbaycan dili və ədəbiyyat dərsini də tədris edirəm. Onun belə bir addım atmasına hələ də inana bilmirəm. Valideyni də vaxtaşırı məktəbdə olurdu. Bu dərs ilində fənlər üzrə qiymətlərində kəskin fərqlər olmamışdı. Özünün çalışqanlığı və intizamı yerində olsa da, kiçik diqqətsizlik və laqeydlik səbəbindən bəzi fənlərdən zəif nəticələri də olurdu. Bunlarla bağlı tövsiyələrimi özünə və valideyninə də bildirmişdim. Müəllimlər həmin gün dərsdən çox sakit halda evlərinə getdiyini söyləyir. Evə gedəndən sonra belə bir addım atması mənim üçün çox gözlənilməz oldu və onun bu hərəkəti məni dərindən kədərləndirdi”.



B.Haqverdiyeva deyib ki, F.Ə uşaqlarla normal ünsiyyət qurmağa meyilli olub: “Sinif yoldaşlarının bu hadisədən təsirlənməməsi üçün onlarla da mütəmadi söhbətlər aparılır, psixoloji dəstək göstərilir. Hadisədən sonra məktəb rəhbərliyi, psixoloq, Uşaq Birliyi rəhbəri ilə birlikdə şagirdimiz və valideynləri ilə görüşdük. Onunla söhbət apardıq. O, elədiyi hərəkətə görə özünün də peşman olduğunu bildirdi. Anası ilə təklikdə də görüşüb müvafiq tövsiyələrimizi verdik. Əsas tövsiyələrimiz ondan ibarət oldu ki, bundan sonra valideynlər müəllimlərlə daha sıx ünsiyyətdə olsunlar. Həmçinin qarşılıqlı olaraq, şagirdimizə daha həssas münasibətin göstərilməsini qərarlaşdırdıq.

Yəqin ki, bundan sonra valideynlərlə işin daha da gücləndirilməsi, şagirdlərin psixoloji dayanıqlığının möhkəmləndirilməsi və daha səmərəli ünsiyyət mühitinin yaradılması istiqamətində fəaliyyətimizi artırmalıyıq. Hər bir uşağı doğma övlad gözündə görürük. Hər bir valideyn birgə yetişdirdiyimiz övladların gələcəyi üçün zəhməti olan, bu yolda müəllimlə birgə çalışan əsas dayağımızdır”.



Məktəbin informatika müəllimi Nigar Məmmədova 5-ci sinifdən etibarən informatika fənnindən dərs deyir və onu çalışqan, mehriban bir şagird kimi tanıyır.

“Onun belə bir addımı biz müəllimləri çox sarsıtdı, çünki ondan bu addımı gözləmirdik. O, çox düşüncəli, müəllimlərlə səmimi bir qızdır. Həmçinin müəllimlərin də ona münasibəti çox yaxşıdır. Bu hadisədən sonra mən də xəstəxanaya gedib onun vəziyyəti ilə maraqlandım, onun səhhəti üçün çox sarsıntı keçirdiyimi, narahat olduğumu valideynlərinə bildirdim. Məktəb rəhbərliyi, sinif rəhbəri və məktəbin digər əməkdaşları ilə birgə evlərinə də getdik, onunla xeyli söhbət etdik, mənəvi-psixoloji dəstək göstərdik. Bu görüşdə şagirdimiz də bizdən ötrü çox darıxdığını və etdiyi hərəkətdən çox peşman olduğunu bildirdi.Bu hadisənin gözlənilməzliyinin təəccüb və həyəcanından hələ də çıxa bilməmişik. Ancaq düşünürəm ki, bu hadisədən bütün kollektivimiz və valideynlər nəticə çıxarmalıdır. Bundan sonra istər uşaqlar, istərsə də valideynlərlə əlaqələrin daha da genişləndirilməsinə çalışacağıq”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Məktəb   şagird   müəllim   intihar