Prezidentdən səmimi, vacib və cəsarətli mesajlar – TƏHLİL

   Prezidentdən səmimi, vacib və cəsarətli mesajlar –    TƏHLİL
  13 Fevral 2019    Oxunub:7263
İnsanlar kimi, dövlətlərin də bəlli bir missiyaları var. Onlar da yaxşılıq, rifah, əmin-amanlıq bəxş edə, yaxud əksinə, müharibələr, işğallar, dağıntılar törətməklə dünyaya xaos, anarxiya, fəlakət gətirə bilərlər. Amerkalılar hətta bu missiyalarına “Pax Americana” adı da veriblər. Tarix boyu bəşəriyyət hər iki missiyanın çox şahidi olub. Öz üzərinə belə missiya götürən, yük altına girən dövlətlərin ona uyğun strategiyası və həmin strategiyanı uğurla həyata keçirən liderinin olması ən mühüm şərtdir. Şərait heç də hər zaman əlverişli, rahat olmur, həmin strateq liderlər məhz Deyl Karneginin dediyi kimi, “limonu limonada çevirməyi” bacaranlardır. Onları ayaqda saxlayan ilk növbədə xalqın etimadı, öz missiyalarına olan inamdır. Gerisi təfərrüatdır.

“Dünya dəyişir, dünyada gedən proseslər narahatlıq doğurur. Beynəlxalq hüququn prinsipləri artıq belə görünür ki, o qədər də böyük rol oynamır. Ona görə, hər bir ölkə çalışmalıdır ki, maksimum öz daxili resurslarına arxalansın. Əslində, biz bu siyasəti uzun illərdir ki, aparırdıq. Əsas hədəf ondan ibarət idi ki, biz iqtisadi cəhətdən heç kimdən asılı olmayaq... Mən həmişə demişəm ki, bu gün dünyada güc amili ön plana çıxır. Baxın, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq kobudcasına pozulur. Əgər əvvəlki dövrlərdə bunu müəyyən formada gizlətmək istəyirdilərsə, bu gün heç buna ehtiyac da görmürlər. Bu gün dünyada “kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür. Bu, yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq”.

Bu fikirləri prezident İlham Əliyev “Real TV”-yə verdiyi və ölkədə xeyli müzakirələrə səbəb olan müsahibəsində deyib. Dövlət başçımız sitat gətirdiyimiz fikirlərində dünya siyasətinin mahiyyətini cəsarətlə, olduğu kimi açıb göstərir. O, bu dəfə də hər zaman olduğu kimi dərin analitikaya, dəqiq faktlara söykənən səmimi, pafosdan uzaq şəkildə gerçəkləri çatdırmaq yolunu tutmuşdu.

Prezident Azərbaycan insanının dövlətdən gözlədiyi bir sıra taleyüklü məsələləri həm peşəkar iqtisadçı, həm də hərbi-siyasi strateq kimi təhlil etməklə insanlara hesabat verdi. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu, bir çox universitetlərin fəxri professoru, siyasi elmlər doktoru, Ali baş komandan İlham Əliyevdən gözlənilən də bu idi.

İlk olaraq onun Azərbaycan mediasına müsahibə verməməsi barədə bəzi şəxslər tərəfndən səsləndirilən əsassız ittihamlara məntiqli şəkildə cavab verərək, o, mediaya hər zaman xüsusi diqqət ayırdığını, media nümayəndələri ilə çoxsaylı görüşlərinin bunu sübut etdiyini və həmişə medianın işinə dəstək verməyə çalışdığını vurğuladı. Prezident öz işində təkcə ona gündəlik edilən məruzələrlə, ayrı-ayrı dövlət orqanlarının rəsmi məlumatları ilə kifayətlənmədiyini, mediadan gələn xəbərlərə istinad etdiyini, bəzi hallarda mediadan bir çox məsələləri öyrənib, dərhal reaksiya verdiyini bildirdi.
Buradaca qeyd etmək yerinə düşür ki, bu, mediaya göstərilən böyük etimaddır, eyni zamanda, onun üzərinə böyük məsuliyyət qoyur. Xüsusilə, sosial media iştirakçısı olan şəxslərin ifadə olunan fikirlərini, yayılan məlumatları obyektiv, qərəzsiz, operativ, ən əsası isə etik çərçivədən kənara çıxmaması şərtilə yayması vacib tələbdir.

Prezident ən mühüm məsələlərdən, müzakirə mövzularından biri olan islahatlar məsələsinə də aydınlıq gətirib, Azərbaycan Respublikasında islahatların 3 mərhələdə aparıldığını qeyd etdi. 1993-2003, 2003-2009 və 2009-2019-cu illəri əhatə edən genişmiqyaslı, çoxşaxəli islahatlar mərhələsi ölkəmizdə bütün sahələri əhatə edərək, vətəndaşın, cəmiyyətin rifah halının yaxşılaşması istiqamətində mühüm dəyişikliklərə səbəb olub və proses davam edir. 2019-cu ildən islahatlarımızın yeni mərhələsi başlayıb. 2018-ci ilin aprl seçkilərinə İlham Əliyev islahatlar gündəliyi ilə getmişdi. Prezident öz çıxışında haqlı olaraq qeyd edib ki, islahatların ilk mərhələsi ilk dəfə 1993-cü ildə Ulu Öndər Heydər Əliyev zamanında başlamışdı ən böyük siyasi islahatlar məhz böyük Heydər Əlyevin adı ilə bağlıdır. Senzuranın ləğv edilməsi, Azərbaycana xarici sərmayə qoyuluşunun cəlb edilməsi, torpaq islahatı, post-sovet məkanında tayı-bərabəri olmayan “Əsrin müqaviləsi” məhz onun təşəbbüsü ilə aparıldı.

2003-cü ildə  regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi də daxil olmaqla bir sıra mühüm sahələri, o cümlədən nəhəng infrasstruktur və enerji layihələrini əhatə edən islahatların növbəti mərhələsi də Prezidentin çıxışında xüsusi yer alıb.

Azərbaycan 2006-cı ildən bəri “Doing Buisness” hesabatlarına daxil edilib və ölkə başçısının qeyd etdiyi kimi, ilk dövrdəki 90-cı yerlərdən indi 25-ci yerə yüksəlib, biznes mühitinin yaxşılaşdırılması, sərmayə qoyuluşu üçün yeni imkanların yaradılması istiqamətində inqilabi islahatlar sayəsində biz bir çox inkişaf etmiş ölkələrdən öndəyik.

 “2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik”. Bu fikirlər 2019-cu ildə başlayan islahatlara olan inamın ən gözəl ifadəsidir və hər birimizə ümid verir, bu islahatlardan, həyata keçirilən layihələrdən həm Azərbaycan, həm olduğumuz bölgə, həm də dünya qazanacaq.

Azərbaycan vətəndaşı və bütün dünya ölkəmizdə dövlət-vətəndaş münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin şahidi olur. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır”,- deyən Prezident radikal müxalifət, virtual müxalifət və dövlətə, hakimiyyətə qarşı aramsız hücumlar təşkil edən, ittihamlar yağdıran bütün qüvvələrə bu çıxışı ilə növbəti dəfə kəsərli cavab verdi.



Eyni zamanda Prezidentin çıxışında bir çağırış da var idi. Vətəndaş dövlətini, onun başçısını harayladığı, ondan imdad dilədiyi, ümid yeri bildiyi kimi, Prezident də gördüyü böyük işlərdə vətəndaşının dəstəyinə arxalanır, onun dövlətinin yanında olmasını gözləmək haqqından mənəvi baxımdan bəhrələnmək ehtiyacı duyur.  Tam haqqı var. “Bizim müstəqilliyimizin cəmi 27 yaşı var. Ona görə hər bir vətəndaş öz işi, əməyi, dövlətə olan sədaqəti ilə dövlət müstəqilliyini möhkəmləndirməlidir. Hesab edirəm ki, Azərbaycan bu sahədə də nümunəvi ölkədir. Çünki Azərbaycanda vətənpərvərlik hissləri, dövlətçiliyə bağlılıq çox yüksək səviyyədədir. Ona görə vətəndaş dövlət qarşısında öz vəzifə borcunu yerinə yetirir və yetirməlidir. Eyni zamanda, dövlət də həmişə vətəndaşın yanında olmalıdır. Yəni, bizim prinsiplərimiz bundan ibarətdir və dövlət ən ağır vəziyyətdə olan vətəndaşın yanında olmalıdır” sözləri ilə ifadə etdi Prezident bu arzusunu, gözləntisini. “Dövlət-vətəndaş münasibətləri sağlam zəmində qurulub. Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq. Dövlət isə tam əmindir ki, vətəndaş hər zaman dövlətin arxasında olacaq”,- deməklə əminliyini də bir daha ifadə elədi dövlət başçısı öz vətəndaşına.

Bunu deyən o Prezidentdir ki, parad tribunasından səngərə qədər ordunun bayramında da, ön xəttdə düşmən atəşi altında olanda da onlara baş çəkib nəm torpaqda saatlarla əsgərləri, zabitləri ilə birgə dayanır, onlarla eyni qazandan yemək yeyir, ruh yüksəkliyi verir, şəhid tabutunun başında şəxsən dayanır, şəhid analarının da, zəlzələdən evi dağılan anaların da qarşısında eyni səmimiyyətlə dayanır, əllərindən öpür. Prezident əlindən öpdüyü qadının haqqında “Biz əsrlər boyu yaşayan bir xalq, bir millət, inkişaf edən bir millət olaraq Saray nənə kimi nənələrə borcluyuq” deyirsə, biz də vətəndaşına, insanına qiymət verən Prezidentə borcluyuq. Bu, mənəvi borcdur, heç bir qanunda, normativ-hüquqi sənəddə əks olunmayan, yalnız əxlaqi-mənəvi dəyərlərə söykənən, vətəndaşın dövlətə, Prezidentinə, dövlət başçısının isə öz vətəndaşına olan qayğısından irəli gələn, səmimiyyətdən qaynaqlanan münasibətin təzahürüdür.

Hərb tarixində belə bir qanunauyğunluq var: müharibənin gedişatında elə bir döyüş, qırılma nöqtəsi olur ki, məhz o, mövcud status-kvonu dəyişir, əvvəlki qalib və məğlub stereotiplərini darmadağın edir, eyni zamanda müharibənin gələcək qalib tərəfinin kim olduğunu nişan verir. Azərbaycanın müasir tarixində belə dönüş nöqtəsi Aprel döyüşləri oldu. Ali Baş komandan İlham Əliyev necə olursa-olsun, işğal altındakı torpaqları geriyə - əsl sahibinə qaytarmaq əzmini ortaya qoymaqla düşmənin yüzilliklər boyu yaratdığı, milyardlar xərclədiyi, həm də təkcə Azərbaycana yox, bütün qonşu ökələrin torpaq bütövlüyünə təhdid yaradan ən böyük layihəsini - yalançı “Böyük Ermənistan” mifini darmadağın etdi. Onu xəyalında yaratmış, yuxularında görən ermənilərin arzularını puç etdi, yuxularını ərşəyə çəkdi.

“Mən Lələtəpədə olanda, orada Azərbaycan bayrağını görəndə qürur hissi keçirirəm. Hər biz Azərbaycan vətəndaşı qürur hissi keçirir. Bizim əsgər və zabitlərimiz əsl qəhrəmanlıq göstərmişlər. Aprel döyüşləri tarixi hadisədir. Bu döyüşlər Ermənistanın uzun illər ərzində yaratdığı mifi tamamilə darmadağın etdi. Yəni, ermənilər elə bir rəy formalaşdırmağa çalışırdılar ki, guya onların ordusu güclüdür və yenilməzdir. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kimin ordusu güclüdür, kimin ordusu yenilməzdir. O mif tamamilə dağıdıldı. Aprel döyüşləri milli ruhumuzu yüksəltdi, zirvələrə qaldırdı”. Qalib Ali baş komandanın, diplomatiya masalarından döyüş səngərinə adlayan dövlət başçısının bu fikirlərini mütəəssir olmadan, amma eyni zamanda qürur hissi keçirmədən dinləmək, oxumaq mümkünmü?! Çünki hamımız o hisslərə şərikik, onu bölüşürük. Vətəni sevməyənlər, onu satanlar, onu zəiflətməyə, parçalamağa çalışanlar bunun nə olduğunu anlamazlar.

Nəzakət Məmmədova

Azvision.az üçün




Teqlər: İlham-Əliyev  





Xəbər lenti