Tüstülü məşəl, yaxud, “Fridom”un yalançı “Haus”u – TƏHLİL

   Tüstülü məşəl, yaxud, “Fridom”un yalançı “Haus”u –    TƏHLİL
  09 Fevral 2019    Oxunub:6128
“Freedom House” təşkilatının bu yaxınlarda öz ənənəvi siyasətinə sadiq qalaraq, dünya ölkələrində azadlığın vəziyyətinə dair yaydığı hesabatda Azərbaycanı qeyri-azad ölkələr siyahısına daxil etməsi həm təəccüblü, həm də gözlənilən idi.

Təəccüblü ona görə ki, ümumiyyətlə, azadlığı hər hansı bir meyarla, vasitə ilə ölçmək, qiymətləndirmək çətin məsələdir. Azadlıq fəlsəfi kateqoriya olaraq ölçüyəgəlməz anlayışdır və onun istənilən vasitə ilə qiymətləndirilməsi də təbii ki, nisbi, subyektiv səciyyə daşıyır. Üstəlik də, Freedom House təşkilatının hansı kriteriyalara əsaslanması, hesabat tərtib edərkən istifadə etdiyi metodları indiyədək müəmmalı qalır.

Gözlənilən olması da onunla bağlıdır ki, bu təşkilatın Azərbaycana münasibətində ümumiyyətlə hər zaman qərəzlilik müşahidə olunub və olunmaqda davam edir.  Sənədin yayılması Azərbaycana qarşı son dövrlərdə daha da artırılamağa çalışılan təzyiqlərin vahid güc mərkəzindən qərəzli şəkildə idarə edildiyini göstərir.

ABŞ-dakı bu hesabatı hazırlayan mərkəzlərin, bəzi dairələrin qeyri-azad elan etdiyi, ədalətsiz şəkildə Azərbaycanla eyni tərəziyə qoyduğu digər ölkələrə münasibəti aydınıdır. Azərbaycana qarşı qərəzliliyin əsasında duran əsas amil təbii ki, ölkəmizin müstəqil xarici siyasət yeritməsidir. Məlum olduğu kimi, ABŞ və Avropa müttəfiqləri – həm NATO, həm Avropa Birliyi ölkələri arasında son zamanlar ciddi fikir ayrılıqları var. Avropa ölkələri artıq Çin və Rusiya ilə əməkdaşlığa daha çox üstünlük verirlər, nəinki ABŞ ilə. Bunun bir sıra səbəbləri var. Məsələn, Tramp administrasiyası NATO müttəfiqlərindən üzvlük haqqının artırılmasını tələb edir. Bundan əlavə, Avropa ölkələrini Rusiyadan aldıqları təbii qazdan imtina edərək, əvəzində daha baha başa gələn sıxılmış qaz almalarını istəyir və s. Bundan imtina etdikləri üçün isə ABŞ və Avropadakı müttəfiqləri, o cümlədən, İngiltərə arasında ziddiyyətlər artıb. Digər tərəfdən, İrana qarşı sanksiya ilə Avropa Birliyi hələ də barışmır və sonadək mübarizə aparmaq əzmkarlığı nümayiş etdirir. Eyni zamanda, Avropa ölkələri özlərinin NATO-sunu yaratmaq planı üzərində işləyirlər. Belə bir şəraitdə Avroatlantik tərəfdaşlığı öz yerini Avrasiya əməkdaşlığına verməkdədir.

Çindən İngiltərəyədək Prezident İlham Əliyevin dediyi kimi, "Qədim ipək yolunun dəmir magistrallar üzərində bərpası”nı həyata keçirməklə Bakı-Qars dəmiryolunun istifadəyə verilməsi dünyadakı indiki mürəkkəb şəraitdə ölkəmizin inteqrasiyaya, əməkdaşlığa töhfəsi oldu. ABŞ Konqresi isə Çin və İngiltərənin Avrasiyanı birləşdirən bu layihədəki iştirakından, avropalı müttəfiqlərinin dünya hegemonluğuna can atan Çinlə yaxınlaşmasından narahat olaraq, layihənin maliyyələşdirilməsində iştirak etməkdən imtina etdi. Bəhanə kimi isə Amerikadakı erməni diasporunun Konqresə müraciəti göstərildi.

Digər tərəfdən, İranın da bu layihəyə qoşulmaq istəməsi, Azərbaycanın İran və Rusiya ilə birgə Şimal-Cənub layihəsinə tərəfdar çıxması, İranın da Xəzərin hüquqi statusunu tanımasına razılığı və Britaniyanın buradakı neft maraqlarını qəbul etməsi ABŞ-ı narahat edir. Habelə, İlham Əliyevin Davosda dünya iqtisadi forumunda iştirak etməsi, Çin-ABŞ ticarət savaşlarına rəğmən milli maraqlarımızı əsas götürüb ölkəmizi orada keçirilən "Bir qurşaq, bir yol" layihəsində uğurla təmsil etməsi ABŞ-dakı bəzi dairələri qane etməyib. Çünki Tramp başda olmaqla ABŞ nümayəndə heyəti həmin tədbirdə iştirakdan imtina etdi.

Dünya ölkələrinin daxili işlərinə müdaxilə etmək, heç bir əsas olmadan onları insan hüquq və azadlıqlarının pozulmasında ittiham etmək, səlahiyyəti olmayan belə təşkilatların bəzi ölkələrin əlində vasitəyə çevrilməsi, xüsusi xidmət orqanlarının örtük təşkilatları olması sirr deyil. Məsələn, bu təşkilata 2005-ci ilə qədər Mərkəzi Kəşfiyyat İdarəsinin direktorlarından biri olmuş Ceyms Vulsi rəhbərlik edib. Təşkilatın rəhbəri IV Uilyam Taft isə ABŞ prezidenti olmuş Uilyam Taftın kötükcəsidir. Freedom House-un büdcəsinin 62-80 faizini ABŞ dövlətindən alınan qrantlar təşkil edir. Freedom House vaxtilə sovet dövlətinə qarşı çıxan dissidentləri dəstəkləməklə ABŞ-ın Soyuq miharibə illərində ideoloji təbliğat vasitələrindən biri olduğunu sübut edib.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, "ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadə edirsə, sosial şəbəkələrdə 2 milyondan çox istifadəçi varsa, necə ola bilər ki, azadlığın məhdudlaşdırılmasından söhbət gedir?!

Görünür, Azərbaycanın müstəqil siyasət yeritməsi, toqquşma, ziddiyyət, dezinteqrasiya deyil, əksinə, inteqrasiya, həmrəylik, kommunikasiyaların qovuşması proseslərində iştirakı bəzi güc mərkəzlərini qane etmir. Çünki dünyada çaxnaşma, münaqişə və müharibələrin olması onların maraqlarına daha çox uyğunluq təşkil edir. Belə olan halda isə kimin azadlıq carçısı olması, kimin isə əksinə, bundan sui-istifadə edərək saxta hesabatlar tərtib edib dövlətlərin suverenliyinə müdaxilə etməyə çalışması, bununla da öz çirkin məqsədlərinə nail olmaq istəməsi aydın görünür.

Biz Freedom House-un hesabatlarına baxanda eynilə bir halı müşahidə edirik: həmin ölkələrin ABŞ-la siyasi müttəfiqlik səviyyəsi nədirsə, ölkədə azadlıqların səviyyəsi də ona uyğun subyektiv qiymətləndirilir. Məsələn, Ukrayna "qeyri-azad" ölkədən birdən-birə tam azad ölkəyə çevrildi. Halbuki, Ukraynada oliqarxokratiya üsul-idarəçiliyi hökm sürür, ölkədə korrupsiyanın səviyyəsi həddindən artıq çoxdur, kriminal artıb, əhalinin sosial durumu çox pisdir, mənəvi deqradasiya getdikcə dərinləşir. Jurnalistlərin öldürülməsi halları tez-tez baş verib. Sadəcə, hazırda Ukrayna Rusiyanın nəzarətindən ABŞ-ın nəzarətinə keçmək istəyir və buna görə də Freedom House onu bir çox illərdə "tam azad ölkə" hesab edib.

Yaxud, Estoniya və Latviyada hakimiyyətin xoşuna gəlməyən jurnalistlərin filmlərinin qadağan edildiyi, peşəkar nüfuzlarına xələl gətirilməsi cəhdi, evlərində və ofislərində axtarış, təhlükəsizlik orqanları tərəfindən "beyinlərin yuyulması"na baxmayaraq bu faktlar Freedom House tərəfindən görməzdən gəlinib. Halbuki, bütün bu faktlar mətbuatda geniş əks olunmuşdu.

Təşkilatın Ağ Evin maraqlarını həyata keçirdiyini, ideoloji çalarlar nöqteyi-nəzərdən yanaşma əsasında təxribatçı, sifarişli hesabatlar ortaya qoyduğunu bir çox tənqidçilər xüsusi qeyd edirlər. Rusiya onu "patriotik top-list" deyilən sənədə daxil edib ki, bu Freedom House-un Rusiya ərazisində fəaliyyətini arzuolunmaz sayır. 2005-ci ildə Qırğızıstan prezidenti Akayev ölkəsində hazırlanan "rəngli inqilab"ın maliyyə mənbəyinin Freedom House təşkilatı olduğunu bildirmişdi. Freedom House-u bir çoxları GONGO - (Government-Organized/Operated Non-Governmrntal Organization) yəni ABŞ hökumətininin pulları hesabına mövcud olan yalançı QHT hesab edir.

Freedom House Rusiyadakı azadlıq və demokratiyanın səviyyəsini Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Yəmənlə eyni şkalaya qoyur. Halbuki, BƏƏ mütləq monarxiyadır, siyasi həyatda heç bir demokratiya əlaməti yoxdur. Federativ Respublika ilə mütləq monarxiyanı müqayisə etmək cəfəngiyyatdır.  Yəmən isə şəriət qaydaları ilə idarə olunan ölkədir, burada qadınlar qeyri-əxlaqi davranışda şübhəli bilinərsə şəriət qaydalarına uyğun daş-qalaq edilib öldürülə bilər.


Nəzakət Məmmədova
Azvision.az üçün




Teqlər: Freedom-House  





Xəbər lenti