Cümhuriyyətin tanındığı ay: 100 il əvvəl qəzetlər bu haqda nə yazırdılar - TARİXİ ARAŞDIRMA
Azvision.az üçün
(Yazının əvvəlini buradan oxuyun)
...Şəhər Dumasının sədri Q.Qasımov dumanın yığıncağını açaraq, qlasnılar qarşısında aşağıdakı nitqi söyləyir:
”Cənab qlasnılar! Teleqraf Azərbaycan Respublikasının müstəqilliyi və Zaqafqaziyanın türk xalqlarının siyasi suverenliyi ilə bağlı sevindirici xəbərlər gətirmişdir.
Cənab qlasnılar! Parisdə yığışan, xalqların taleyini həll etməyə çağırılan nəhəng dövlətlərin nümayəndələri öz tarixi əhəmiyyətli qərarları ilə bizim müstəqil yaşamaq hüququmuzu və xalqımızın öz iradəsi ilə həyatlarını qura bilmək qabiliyyətini tanıdılar.
Böyük tarixi ədalət aktı elan edildi. Lakin bu böyük akt və böyük hüquqlar bizim üzərimizə böyük vəzifələr qoyur. Təkcə müstəqilliyin tanınması ilə kifayətlənmək olmaz. Bütün xalqdan gərgin iş tələb olunur, ölkənin mədəni və iqtisadi inkişafı üçün gərgin əmək tələb olunur və ayrı-ayrı vətəndaşlardan qurbanlar tələb olunur.
İctimai özünüidarəetmədən də kömək vacibdir.
İcazə verin fikirləşək və ümid edək ki, bizim özülündə vətəndaş azadlığı dayanan gənc dövlətimiz sarsılmaz olacaq. Bizim dövlət xadimlərimizin rəhbərlik siyasətinin kökündə qanunçuluq prinsipi dayanacaq,əhalinin bütün qrupları qanun qarşısında bərabər olacaq...
Bakı Şəhər Duması Nazirlər Şurasının sədrinə, Azərbaycan Parlamentinə, Azərbaycanın şəhər özünüidarəsinə, o cümlədən,Tiflis Müəssisanlar Məclisinə təbrik teleqramları göndərir.
Beləliklə, Azərbaycanın hər yerindən, bütün bölgələrdən, idarə və müəssisələrdən, ayrı – ayrı vətəndaşlardan, həmçinin, qonşu dövlətlərdən gələn təbrik teleqramları səngimir.
Olduqca maraqlı teleqramlardan biri də Türkiyəli müəllimlər tərəfindən ünvanlanmışdı: “Azərbaycanın müstəqilliyinin tanınması işində sizin çox böyük və səmərəli xidmətləriniz nəticəsində müsəlman millətləri, ola bilsin ki, bütün Şərq yeni, işıqlı bir yola çıxacaq, ümidlənmə yoluna qədəm qoyacaq. Sizə öz səmimi təbriklərimizi göndəririk, əfəndim! (14 yanvar 1920 (1336)”
“Gürcüstandan salam” başlıqlı yazıda isə deyilirdi
Gürcüstan hökumətinin rəsmi mətbuat orqanı olan “Borba”türk xalqını müstəqilliyinin tanınması münasibətilə təbrik edir: “Gürcü xalqı sevincli günlər yaşayır. Gün, onun zəhmətinin, dövlət fəaliyyətinin dünya tərəfindən tanındığı gündür. Onun sevinci ikiqatdır həm də ona görə ki, həmin gün o, Azərbaycana öz qardaş salamlarını göndərə bildi.
Gürcü xalqı ilə eyni vaxtda müstəqil dövlət varlığı yoluna çıxan, onunla böyür–böyürə fəlakətlərə dözən, öz dövlət quruculuğu yolunda əziyyətlərə qatlaşan qardaş xalqın da bizimlə birlikdə avropa xalqlarına bərabər bir xalq kimi milli dövlət hüquqları tanındı.
Hər iki xalq ümumi bayramı, ümumi qələbəni qeyd edir – və bu ümumi sevinc xalqlarımızın keçən aylar ərzində öz müstəqilliklərini möhkəmlətmək üçün apardıqları gərgin işlərin daha da sıx şəkildə yaxınlaşdırdığı qardaşlıq tellərini daha çox bərkidəcək. Bugünkü ümumi bayram gələcək qələbələrin və ümumi bayramların təminatçısıdır!” (“Azərbaycan”, 1920-ci il. 17 yanvar, №11, səh.2)
Bakıda və Tiflisdə çıxan bir sıra qəzetlərdə Azərbaycan və Gürcüstanın müstəqilliyinin tanınması məsələsini işıqlandırılması barədə məlumatlar da qəzetdə “Bakı mətbuatı”, “Tiflis mətbuatı” və s. başlıqlar altında dərc edilirdi.
Bakıda nəşr olunan “Naşe Vremya” yazırdı:
“12 yanvar 1920–ci il tarixi, yəni bu tanınma - indiyə qədər qeyri-müəyyən siyasi vəziyyət baxımından ləngimiş və bundan irəli gələrək, onlar üçün xoşagəlməz nəticələrə gətirib çıxaran xarici kreditin, başqa xalqlarla ticarət müqavilələrinin olmaması və s. hansı ki, bunlarsız heç bir dövlət, xüsusilə, gənc dövlətlər çiçəklənmədən solmaq məcburiyyətində qalardı - bütün formal xüsusiyyətləri ilə Azərbaycan və Gürcüstan üçün öz iqtisadi, mənəvi güclərini tam inkişaf etdirmək baxımından ən gözəl aqibətlərlə nəticələnəcək yüksək tarixi əhəmiyyət kəsb edən bir aktdır.
Azərbaycan türklərinin milli şüurunun parlaq oyanışı dövrünü nəzərə alsaq, hansı ki, o halda bu hadisəni daha əvvəlki tarxdən də qəbul etmək olardı, onda 12 yanvar 1920-ci il bugündən etibarən Azərbaycanın dövlətçilik mövcudluğunun başlanğıc tarixi olur.
Qəzet belə güman edir ki, müstəqilliyin tanınmasının əvəzində: “Antanta, təbii ki, bizim davranış xəttimizdə tam aydınlıq tələb edir və əlbəttə, bir sıra qrupların arzu elədiyi kimi bolşeviklərin gəlməsi ilə meydana çıxan anarxiya nəticəsində öz yerinə yetməyən xəyallarını həyata keçirmək üçün bolşevizmlə əlaqəni tələb edən bir siyasət istəmir. Bu sonuncu, bizə - onsuz da əzab çəkmiş Zaqafqaziya əhalisinə yeni qanlı toqquşmalar və dəhşətlərdən başqa heç nə verməyəcək, əvəzində isə çox çətinliklə qurduğumuz gənc dövlətçiliyimizi darmadağın edəcək və hələ heç bir müsbət nəticələrə çatmadan böyük şövqlə əldə etdiyi müstəqilliyi məhv edəcəkdir”. (“Azərbaycan”, 1920-ci il, 16 yanvar, №10, səh.2 -3)
“Trudovoye Znamya”:
“Biz sosialist–inqilabçılar müstəqil respublikaların mövcudluğu faktı ilə hesablaşaraq, burada kəndli və fəhlə hökumətinin təntənəsi üçün bu müstəqilliyi müdafiə edəcəyik, zira biz xalqçılar heç vaxt xalqın iradəsi əleyhinə getməmişik, həmişə onlarla bir yerdə olmuşuq. Lakin biz eyni zamanda elan edirik ki, müstəqil respublikaların istiqlaliyyətini gücləndirmək üçün həm Rusiyadan, həm də xaricdən gələn reaksiyaları və xalqları təhlükədən qoruyan rus inqilabını dəstəkləmək Azərbaycanda bizim əsas işimiz olacaqdır”.
“Qolos Rossii”:
“Xəbər alınmışdır ki, Həmrəylik dövlətləri Gürcüstan və Azərbaycanın müstəqilliyinin faktiki tanınmışlar.
Bu akt əlbəttə, rus məsələsinin həllində vacib addımdır. Lakin mahiyyət etibarilə Antantanın bu addımı yaranmış vəziyyətdə yeni heç bir şey gətirmir, belə ki, Zaqafqaziya respublikalarının de-fakto tanınması hələ 1918-ci ilin sonlarından Zaqafqaziyada müttəfiq dövlətlər, xüsusilə, İngiltərə təmsilçiləri tərəfindən təsdiqlənmişdi”.
“Bakinskoye Slovo”:
“Müharibənin qurtarması ilə ötüb keçən zaman bizə öz siyasəti ilə qalib olan dövlətlərin əldə rəhbər tutduqları motivlərlə bağlı xüsusi illüziyalara qapılmağı öyrətdi. Zaqafqaziya respublikalarının müstəqilliyinin tanınması Avropanın xalqların öz müqəddəratlarını təyin etmək prinsipini həyata keçirmək arzusundan daha çox, gələcəkdə cənub–qərbi Asiyada baş tuta biləcək rus–alman təsiri əleyhinə Qafqazda baryer qura bilmək cəhdi idi. Lakin indi Azərbaycan üçün vacib olan motivlər deyil, faktdır. Bugünkü təntənə Azərbaycan respublikası tarixində yeni bir eranın başlanğıcı ilə əlamətdardır və onun siyasi rəhbərlərinin dövlət müdrikliyi qarşısında üzərlərinə düşən məsuliyyətli məsələni müvəffəqiyyətlə sona çatdırmaq imkanları açılmışdır”.
“Bakinets”:
“Məqsədə müvəffəq olunmuşdur. İki kiçik xalq – gürcü və azərbaycan – qələbəni bayram edir. Sevinməyə bir şey vardır və o demokrat pis hesab olunardı ki, mənsub olduğu partiyadan asılı olmayaraq, onların sevincinə qoşulmasın.
Biz əminik ki, bayram edən Gürcü və Azərbaycan xalqları öz təntənələrində bütün xalqların azadlığı kimi müqəddəs iş və ədalət və həqiqət ideyalarının təntənəsi uğrunda Rusiyaya demokratiya gətirən göz yaşlarını və əzabları unutmayacaq”.
“Novıy Mir”:
“Görünür heç kəs kiçik dövlətlərin müstəqilliyinə sevinməli deyil, xüsusilə, bütün insanlığın azadlığı üçün mübarizə aparan kommunist orqanı – partiya, Azərbaycan və Gürcüstanın müstəqilliklərinin Sovet hökuməti tərəfindən təntənəli taninmasından sonra da. Baxmayaraq ki, nə qədər maraqlı olsa da, bu müstəqilliyin Antanta tərəfindən tanınması kommunistlərdə meydan müharibəsi selinə gətirib çıxarmışdır. Kolçak, Yudeniç və Denikinin darmadağın edilməsi ilə antisovet haramzadələrin bütün planları alt-üst oldu və onlar indi öz üzərlərinə insanlıq mədəniyyəti və sivilizasiya üçün “qorxunc təhlükə”- bolşevizmlə mübarizə missiyasını yerinə yetirməyi vəd edən yeni satlıq işlbazlar tapmalıdır.
Skeptiklər belə hesab edirlər ki, sovet hökuməti tərəfindən Zaqafqaziya respublikalarının müstəqilliyinin tanınması Denikinlə mübarizə niyyəti ilə müəyyən yardarlıq almaq məqsədi daşıyırdı. Skeptiklər həm də ona işarə edirlər ki, Azərbaycanın və Gürcüstanın müstəqilliklərini formal tanımaqla sovet hökuməti öz fəaliyyətini həm də bu müstəqilliyi daxildən dağitmağa yönəltmişdir”.
Qəzetin başqa bir yazısında deyilirdi:
”Azərbaycanlılar Antanta agentlərinin onları necə bir təhlükəli oyuna çəkdiklərini başa düşməyə bilməzdilər. Lakin Antanta onları bu təhlükəli oyuna çəkə bilmədi, eyni zamanda Moskva hökumətinin agentləri də azərbaycanlıları bu oyuna çəkə bilməyəcəklər. Türk xalqı öz iradəsini çox aydın və qəti şəkildə ortaya qoydu: Yalnız özünə və öz qüvvəsinə istiqamətlənmək”.
Azərbaycan və Gürcüstan respublikalarının müstəqilliyinin tanınması faktı xəbəri Böyük Britaniyanın Ali Komissarı Oliver Uordropun adı ilə bağlı idi. Onun Azərbaycana gəlməsi münasibətilə qəzet belə şərh verirdi:
”Zaqafqaziya xalqlarının müstəqilliyin elan edilməsi ilə bağlı yaşadığı bu təntənəli günlərdə istər-istəməz Ali Şura qaşısında respublikaların müstəqilliklərinin tanınması məsələsini ilk kimin qoyduğu barədə düşünürsən. Məsələni qəti şəkildə qoyan isə İngiltərə Xarici İşlər naziri Lord Kerzon idi. Azad olmuş xalqların bu qədər uzun bir müddət fikirlərini məşğul edən tarixi günün gəlməsində İngiltərənin oynadığı rol bununla bitmir. Bizim ölkələrimizin bütün yaşantılarında bu böyük azadlıqsevər xalq bizə xüsusi diqqət ayırmış və bizim maraqlarımızın keşiyində durmuşdur, çətin anlarda həmişə bizə öz kömək əlini uzatmış və bizim tərəfimizdə olmuşdur.
Bizim müstəqilliyimizə münasibətdə tərəddüdlər və qeyri–müəyyənliklər dövrü beynəlxalq münasibətlərin ümumi şərtlərindən asılı olmuşdur. Lakin biz həmişə inanırdıq ki, böyük ingilis xalqı azad və müstəqil həyata yönəlmiş xalqların ümidlərini həyata keçirmək üçün lazımı məqamdan istifadə etməyi yaddan çıxarmayacaq.
Həmin vaxt gəlib çatdı və biz müqəddəratı həll edən beynəlxalq məhkəmələrə çoxdan bəridir ki, danılmaz bir faktı təsdiq etməsi üçün təkliflə müraciət edən məsuliyyətli ingilis siyasət rəhbərinin bütün dünyaya yönəlmiş ucadan səslənən və aydın çağırışını eşitdik.
Vaxt vardı ki, Azərbaycan demokratiyasının zəif, inamsız səsi Avropanın uzaq ölkələrində güclə eşidilrdi. Böyük xalqların ictimai-siyasi fikri bizim həqiqi qarşılıqlı daxili münasibətlərimizlə, mədəni səviyyəmizlə, qarşımıza qoyduğumuz məsələlərin əsl mahiyyətiylə tanış olmaq imkanına malik deyildi və müstəqilliyimizin və xalqımızın düşmənləri bu boşluğu mahiyyətcə zəhərləyir, bununla da ümid edirdilər ki, bizi nüfuzdan salacaq və xalqın iradəsinin üzərində möhkəm dayandığı ayaqlarıın altındakı bu özülü vurub sındıracaqlar.
Müttəfiqlərin hərbi missiyası, xüsusilə, bizim ölkəmiz tərəfindən təqdim edilən bütün materiallarla tanış olan ingilis hərbi missiyası, Qərbi Avropanın bizi əhatə edən gözlərindəki suallardan ibarət şübhə dumanını dağıtdı və bizim çoxsaylı düşmənlərimiz tərəfindən müstəqilliyimizlə bağlı məsələ ətrafında ustalıq və ciddi–cəhdlə toxunan hörümçək torunu parça–parça elədi. Nəticə özünü göstərdi. Bizim ölkələrimizə maraq artdı və elə həmin anda cənab Oliver Uordrop Zaqafqaziya respublikalarının dostu kimi zaqafqaziya xalqlarının ona çoxdan tanış olan və sevdiyi torpağına qədəm qoydu. Zaqafqaziya xalqlarının müstəqilliyi demək olar ki, yaxşı əllərdə idi.
Biz onu ikinci dəfə, azad Azərbaycanın bayrağı əlində gördüyümüz üçün xoşbəxt idik. Küçələrin bayraqlarla bəzənməsi, bayram əhval-ruhiyyəsi deyirdi ki, xalq öz dostlarını qiymətləndirməyi bacarır, onları tanıyır və ürəyi minnətdarlıqla doludur...
Gələcək nəsillər Zaqafqaziya xalqlarının köhnə dostunun onlar üçün bu çətin keçid günlərində oynadığı rolu unutmayacaq. İndi onu azad Azərbaycanın paytaxtında alqışlayarkən, bundan istifadə edib, onun böyük vətəninə təşəkkür edir və inamımızı bildiririk ki, onunla sıx əlaqədə Azərbaycan respublikası və digər Zaqafqaziya respublikaları möhkəm sülh, azadlıq və dövlətçiliyin əsaslarının qorunması yoluna qədəm qoya biləcəklər”.
Və qəzet O.Uordropun şərəfinə verilən ziyafəti də işıqlandırır:
“Yanvarın 25-də, axşam saat 10-da xarici İşlər Nazirliyi tərəfindən “Metropol” mehmanxanasında Bakıya gəlmiş Böyük Britaniya Ali Şurasının komissarı cənab Oliver Uordropun şərəfinə ziyafət verilir.
Ziyafətə hökumət üzvləri, general Şıxlinski başda olmaqla hərbi müəssisə generalları, Gürcüstan, Ermənistan, İtaliya, Polşa, Dağıstanın diplomatik nümayəndələri, parlament fraksiyaları üzvləri, Duma sədri, Şəhər başçısı və çoxlu ingilis zabitləri dəvət olunmuşdular. Ziyafəti Xarici İşlər Naziri Fətəli Xan Xoyski idarə edirdi. İlk sağlıq Uordropun simasında ingilis xalqının şərəfinə qaldırılır. F.X.Xoyski qısa çıxış edərək ilk dəfə şəxsiyyət azadlığını, bu gün isə kiçik xalqların azadlığını elan edən və həqiqi demokratik prinsiplərin aparıcısı olan ingilis xalqinin tarixi xidmətlərini qeyd edir.
Fətəli Xan Xoyskidən sonra İtaliya, Fransa və gənc Polşa respublikalarının şərəfinə qardaşlıq və Zaqafqaziya xalqlarının həmrəyliyi şərəfinə sağlıqlar deyilir.
Cavab nitqi ilə çıxış edən Uordrop deyir: “Biz ingilislər faktları sevirik. Zaqafqaziya respublikalarının müstəqil mövcudluğu danılmaz faktdır. Mən, Zaqafqaziyanın dostu kimi xalqlara milli dövlətçilik ideyaları ətrafında sıx birləşməyi və xarici qəsdlərdən, daxili anarxiyadan qorumağı arzu edirəm. Azərbaycanın bütün siyasi partiyaları bu münasibətdə həmrəy olmalıdır. Müstəqil mövcudiyyət imtahanından parlaq şəkildə çıxan Zaqafqaziya xalqlarının gələcəkdə də öz fəaliyyətləri ilə müstəqil yaşaya bilmək bacarıqlarını sübut etmələri və müttəfiqlərinin etimadlarını doğrultmaları vacibdir. Bunun üçün sıx birləşmək, maraqların qarşılıqlı anlaşılması və Zaqafqaziya xalqlarının həmrəyliyi tələb olunur. Mən Zaqafqaziya respublikalarının çiçəklənməsi və işıqlı gələcəyi naminə sağlıq söylədiyimə görə xoşbəxtəm”.
Doktor Qarabəyov İngiltərəni salamlayaraq, ingilis xalqının bu ənənəvi dostluğu və müsəlmanlıqla əlaqələri dəstəkləyəcəyinə əmin olduğunu bildirdi.
M.Ə.Rəsulzadə isə aşağıdakı məzmunda nitq söylədi:
“Cənablar. İngiltərənin fəxri təmsilçisi, cənab Uordrop dedi ki, ingilislər faktları sevir. Müstəqilliyin tanınması - elə faktın tanınmasıdır. Sevgi anlayışı gözəlliklə bağlıdır. Faktlar o zaman gözəldir ki, həqiqətlə, hüquqla uzlaşsın. Müstəqil Zaqafqaziya respublikaları faktı gözəl faktlar kateqoriyasına daxildir, çünki o, millətlərin azadlıq hüququna əsaslanır. Azərbaycan respublikasının müstəqil mövcudluğu faktı həm də ona görə gözəldir ki, dünyanın mədəni xalqları tərkibinə daxil olan ilk müsəlman respublikasıdır; bu gözəl tarixi faktı tanımaq şərəfi İngiltərəyə məxsusdur. Mən,Azərbaycan dövlətçiliyinin bayrağını ilk qaldıran Azərbaycan partiyası nümayəndəsi kimi dost millətlərin nümayəndələri arasında bizim müstəqilliyimizi ilk tanıyan böyük millətin təmsilçisinin şərəfinə badə qaldırdığım üçün xoşbəxtəm. Yaşasın İngiltərə!”
İran missiyasının başçısı Taba-Tabai Zaqafqaziya respublikalarını, xüsusilə, çoxlu əlaqələrə malik olduğu və müstəqilliyinin tanınmasında, möhkəmlənməsində və çiçəklənməsində köməklik göstərdiyi və gələcəkdə də kömək edəcəyi və tərəfində dayanacağı Azərbaycanı həmrəylik münasibətilə türk dilində salamladı.
İngilis missiyasının rəisi polkovnik Stoks Azərbaycan Milli Ordusunun çiçəklənməsi naminə fars dilində gözəl bir nitq söylədi.
Dağlı xalqları adından isə Uordropu Qantemir salamladı. F.X.Xoyskinin polşa xalqının şərəfinə söylədiyi nitqə cavab olaraq parlament üzvü Vonsoviç zaqafqaziya xalqlarını birliyə çağıran sağlıq dedi.
Ziyafət zövqlə hazırlanmışdı; şəhər simli alətlər orkestri, nəfəs alətləri orkestri çalırdı: yerli artistlər çıxış edirdi; ən güclü təəssüratı isə milli rəqslər və kamança ifaçısının solo ifası yaratmışdı. Ziyafət gecə yarısınadək davam etdi. (“Azərbaycan” 1920-ci il, 1 fevral, №18 səh.3)
* * *
Bəli! Azərbaycan xalqının özünəməxsus dövlətçilik ənənələri, milli-mənəvi dəyərlər sistemi və ən ali demokratik hüquqların qorunması prinsipinə sadiq olan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqindən dünyaya doğan yeni bir günəş oldu.
O günəşin şölələri təkcə türk-müsəlman aləmini nurlandırmadı, xeyr! O günəş, azadlığına və müstəqilliyinə təcavüz edilərək haqqı əlindən alınmış bir xalqın nəyin bahasına olursa-olsun, itirilmiş hüquqlarını geri qaytarmağın yalnız və yalnız milli düha, aydın bəsirət, özünütanıma, milli kimliyinə sədaqət, özünəinam, öz taleyinə sahiblənə bilmək bacarığı, əzmkarlıq, dözüm və mətanət gücünə hesablanmış bir fəaliyyətdən keçdiyini Azərbaycan xalqının simasında bütün dünyaya nümayiş etdirdi.
Doğrudur, bir dövlət möcudluğu üçün müddət baxımından olduqca qısa bir ömür yaşadı Cümhuriyyətimiz – cəmi 23 ay. Və təəssüflər olsun ki, dünya tərəfindən müstəqilliyinin qəbul edilib, tanınması ilə süqutu arasındakı vaxt da az oldu - 3 ay 8 gün.
Lakin bununla belə, ölçüyəgəlməz dəyəri ilə əbədiyaşar bir tarix qazandı bu böyük hadisə.
Nəhayət ki, qədim Azərbaycan kürreyi-ərzi bürüyən müharibə alovu içərisində bütün dünyanı - parçalanan dövlətləri, dağılmağa, süquta üz tutan nəhəng imperiyaları naməlum sahillərə sürükləyən tufanın acımsov cəngindən sıyrıldı, milli yaddaşını oyada bildi, son dərəcə ağıllı və incə bir siyasətlə özünü təsdiqləməyi bacardı, keçmiş, tarixi qüdrətindən ilhamlanaraq dünyaya yenidən göz açdı və “mən dünən də azad idim, bu gün də azadlıq mənim haqqımdır”- dedi.
Bu yeni dirçəlişi ilə özünün azadlıq və suverenlik haqqına tarixdə daim qalmaq adına əbədi bir möhür vurdu Azərbaycan Xalq Cümhuriyyəti.
Tarixi çox qədim, kökləri dərindən-dərin, ulu türkün ulu vətəni – Azərbaycan!
Müstəqilliyin əbədi, qaim-qədim adın həmişəyaşar, dövlətin izzətli, bayrağın uca, xalqın sədaqətli, torpağın ruzulu, günəşin bol, yağmurun bərəkətli, düşmənlərin xar, dostların həmişə var olsun!
Yeganə Kamal Cabbarlı
Azvision.az üçün
Teqlər: Cümhuriyyət