Kolleclərə qəbul qaydaları dəyişdi

Kolleclərə qəbul qaydaları dəyişdi
  24 Dekabr 2018    Oxunub:17963
Nazirlər Kabineti “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.
Azvision.az -ın məlumatına görə, Baş nazir Novruz Məmmədovun imzaladığı sənədə əsasən orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu cari tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanında, digər abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul imtahanında əldə etdikləri nəticələrə (300 ballıq şkala üzrə topladıqları bala) əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. İndiyə qədər mövcud olan bal şkalası isə 90 ballıq idi.

Yeni dəyişikliklərə uyğun olaraq, Qaydaların 3.5-ci bəndində nəzərdə tutulan abituriyentlər istisna olmaqla, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər.

Qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. İmtahanda abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq (əvvəl hər bir fənn üzrə 30, ümumilikdə 90 qapalı tipli test tapşırığı təqdim edilir) təqdim edilir. Qəbul imtahanında abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 (əvvəl 2 saat 15 dəqiqə) saatdır.

Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanı verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir.

Azvision.az


Teqlər: Kollec  





Xəbər lenti