Banklar yeni ilə köhnə problemlə gedir – TƏHLİL

   Banklar yeni ilə köhnə problemlə gedir –    TƏHLİL
  21 Dekabr 2018    Oxunub:17426
Ölkənin bank sektoru "koma" vəziyyətindən təəssüf ki, bu il də çıxa bilmədi. Və biz, neftin dünya bazar qiymətlərinin düz 4 il qabaq, yəni 2014-cü ilin yayından sonra düşməsi nəticəsində iqtisadiyyatda yaranan kəskin problemlər içindən növbəti ilə, yəni 2019-cu ilə də məhz bu problemlə gedirik.
2017-ci il ərzində təşəkkül tapmış ümumi iqtisadi sabitlik üzərində 2018-ci ildə müsbət meyllər inkişaf etdi. Nəticədə bir çox istiqamətlərdə sabitliyin gələcəkdə möhkəm dayaqlar üzərində köklənməsinə xidmət edən müvafiq dinamika müşahidə olundu. Bu, olduqca yaxşı tendensiyadır. Çünki ölkədə həyata keçirilən ümumi iqtisadi kurs da məhz bu məqsədə xidmət edir. Başqa sözlə desəm, ümumi iqtisadi artımın əvvəlki illərdə olduğu kimi ikirəqəmli olmasa da, birrəqəmli səviyyədə inkişafı müsbət qiymətləndirilməlidir.

Ancaq bank sektorunu böhrandan çıxartmadan, yəni iqtisadiyyat üçün qan-damar sistemi əhəmiyyəti daşıyan sistemi sağaltmadan, qeyd olunan prosesdə davamlığı təmin etmək mümkündürmü? Sözsüz ki, yox...

2018-ci ildə problemli kreditlər həll olunmadı. Halbuki, qeyd olunmuşdu ki, bu il ərzində problemli kreditlər azalmağa doğru gedəcək, likvidlik artacaq, kapitallaşma səviyyəsi yüksələcək. Eyni zamanda, kapital dayanıqlığı olmayan bankların restrukturizasiyası, likvidlik alətlərinin genişləndirilməsi, bank sektoru üzrə yol xəritəsinin hazırlanması, sistem əhəmiyyətli bankların tənzimləmə mexanizminin müəyyən edilməsi istiqamətində tədbirlər görüləcək. 2018-ci il başa çatır: bank sektoru üzrə yol xəritəsi hazırlandımı? Xeyr.

2018-ci il noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 690.2 milyon manat olub ki, kredit portfeli 11 milyard 889.2 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 518 milyon manat təşkil edib. Bankların ümumi xalis mənfəəti 238 milyon manata bərabər olmaqla, ötən ilin eyni dövründəki göstəricidən 2,3 dəfə az təşkil edib.

Bankların kreditlərdən götürdükləri faiz gəlirləri azalıb və başa çatmaqda olan bu ilin ilk 10 ayı ərzində cəmi faiz gəlirləri 1 milyard 445,2 milyon manata bərabər olub. Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 46,3% azalaraq, 445,2 milyon manata düşüb. Bankların faiz xərcləri 489,3 milyon manat (azalma 33,9%), o cümlədən depozitlər üzrə 320 milyon manat (artım 0,1%), qeyri-faiz xərcləri isə 819,4 milyon manat (artım 3,8%) təşkil edib.

Göründüyü kimi, vəziyyət heç də qənaətbəxş deyil. Çünki banklar üzrə kreditləşdirmə pis vəziyyətdədir. Bank sektorunun normal fəaliyyəti, gəlirliyi mövcud sərbəst vəsaitləri cəlb edərək, dövriyyəyə buraxması ilə ölçüldüyündən, problem vəsait çatışmazlığındadır. Çünki hər bir bankın gəlirini bütün mənbələr hesabına qəbul etdiyi əmanətlər və digər növ vəsaitlər üzrə dövriyyəyə buraxdığı kreditlərə əsasən əldə etdiyi faiz məbləğləri təşkil edir. Və bank kredit verə bilmirsə, deməli, ya vəsaiti yoxdur, onu cəlb edə bilmir; ya da ki, krediti verib, onu geri qaytara bilmir; deməli, gəliri yoxdur, ona görə də iflic vəziyyətindədir.

Qeyd oluna bilər ki, il ərzində Mərkəzi Bank (AMB) mərkəzi kreditlər üzrə qiymət səviyyəsini, yəni uçot dərəcəsini bir neçə dəfə aşağı salıb. Dəqiq desəm, 4 dəfə... Və hazırda 9,75 % həddindədir.

Ancaq AMB tərəfdən uçot dərəcəsi sonuncu dəfə 10%-dən 9,75%-ə salınarkən qeyd etdim ki, ABŞ-ın mərkəzi bankı sayılan Federal Ehtiyat Sisteminin faiz dərəcəsinə dair qərarları kimi AMB-nin də anoloji qərarları kredit faizlərinə, manatın dəyərinə və inflyasiyaya ciddi təsir göstərirmiş olsaydı, bu cür ehtiyatlı davranış başa düşülərdi. Azərbaycanda isə mərkəzi kredit resursları üzrə nəyinki 0,25% səviyyəsində, hətta 2-3% həddində də olsa belə, qiymət dəyişiklikləri heç bir təsir gücünə malik deyil. Çünki bunun üçün gərək, iqtisadiyyatın maliyyə və real sektorları qarşılıqlı əlaqə halına gətirilsin və fəaliyyət göstərsin. Məsələnin həlli yolu yalnız bundan keçir.

Və burada ən birinci səbəb isə odur ki, problemli kreditlərin səviyyəsi yüksəkdir, əmanət cəlbi qeyri-qənaətbəxş haldadır, kredit təklifi üçün kifayət qədər vəsait yoxdur, üstəlik kredit vəsaitlərinə tələb də ən çox məhz, məqsədəuyğun şəkildə, başqa sözlə desəm, iqtisadiyyatın real sektoru tərəfdən deyil.

Odur ki, problemli kreditlər məsələsi həll olunmalıdır. Vaxtı keçmiş kreditlərin həcmi 2 milyard manata yaxındır. Onların ümumi kredit portfelində payı 15%-ə çatır. Bu, çox ciddi faktordur. Problemli kreditlər məsələsi həllini tapmasa, banklar tərəfindən iqtisadiyyatın sağlam maliyyələşdirilməsi mümkün deyil. Sektorun ən köklü problemi məhz bundan ibarətdir. Nə banklar, nə iş adamları, nə də ki, əhali bu kreditlərin ödənilməsi, yaxud, bağlanması işinin öhdəsindən təkbaşına gələ bilməyəcəklər. Bu məsələnin həllində dövlətin köməyi lazımdır.

Yeri gəlmişkən, sözügedən problemi 2018-ci ildə həll etmək üçün əlverişli şərait də mövcud idi. Belə ki, neftin dünya bazar qiymətləri ilə əlaqədar ölkənin valyuta gəlirləri qənaətbəxş səviyyədədir. Üstəlik, hökumət qeyri-neft sektorunun inkişafı üçün çalışır. Bu isə bank sektoru tərəfdən kredit qoyuluşunun artırılmasını tələb edir. Yəni, neft gəlirlərini bu məqsədə yönəltməyin bundan üstün vasitəsi ola bilməz. Onsuz da bu məsələ istənilən halda məhz neft pullarına istinadla həllini tapacaq.

O zaman, nəyi gözləyirik? 2018-ci ili yola salırıq. 2019-cu ilin heç olmasa birinci yarısından o tərəfə yubanmayaq: ilk növbədə problemli kreditləri çözməklə bankların "koma" vəziyyətindən çıxmasına təkan verək. Yəni, bundan artıq, gecikməyək. Yeni ildə banklara dair yol xəritəsinin də hazırlanıb qəbul edilməsi olduqca vacib xarakter daşıyır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti