Çün məntiqlə pozulubdur ilqarı...
Mətbuat konfransının ikinci hissəsində (“İlqar Məmmədov. The Dark Knight”) REAL sədri 5 il əvvəlki və indiki bəzi iqtisadi göstəricilərdə dolların manata nisbətən bahalaşması səbəbindən yaranmış fərqləri göstərərək, hakimiyyətə ritorik sual ünvanladı ki, “Məni buna görəmi həbs etmişdiniz!?” Jurnalistlərdən biri məqamı yaxşı tutdu: “Belə çıxır ki, siz həbs olunmasanız, manat devalvasiya etməyəcəkdi?” Cavab, sadəcə, fantasmoqorik idi: “Ola bilərdi ki, etməsin”.
Üçüncü hissədə isə (“İlqar Məmmədov. The Dark Knight Rises”) hər kəsi ən çox maraqlandıran suallardan biri bu idi ki, REAL sədri ənənəvi müxalifətin indiyə qədər etdiyindən fərqli olan hansı addımları atacaq? Sual müxtəlif formalarda 3-4 dəfə səsləndi. Hər dəfə də cavab təxminən eyni oldu: “Hakimiyyətə gələndə görəcəksiniz”. Bu, diletant siyasətçi dilindən normal azərbaycanlı dilinə tərcümə edəndə o deməkdir ki, “Mənim fərqli siyasi mübarizə aparmaq və hakimiyyətə necə gəlmək haqqında heç bir təsəvvürüm yoxdur, xahiş edirəm, qəmişinizi çəkin”.
Bu cavab ona oxşayırdı ki, sinoptiklər hava haqqında proqnozu belə versinlər: “Sabah havanın necə olacağını bilmək üçün səhər pəncərədə baxarsınız”.
Mitinqlərlə bağlı suala verilən cavab, sadəcə, antiməntiq şedevri idi. İlqar Məmmədov belə dedi: “İndiki şəkildə mitinqlər İlham Əliyevin xeyrinə işləyir. Çünki o, mitinqləri xaricilərə göstərib deyir ki, baxın, bizdə demokratiya var. Biz isə mitinqi elə keçirəcəyik ki, İlham Əliyevə xeyir eləməsin”.
Gəlin görək, buradan hansı nəticə çıxır? Mitinq nə qədər böyük və izdihamlı olsa, onu daha əsaslı şəkildə xaricilərə göstərib, daha çox əminliklə demək olar ki, baxın, bizdə nə boyda demokratiya var! Demək, Məmmədov mitinqlərin kütləviyilini nəzərdə tutmur. Məntiqlə, elə mitinqi nəzərdə tutur ki, onu xaricilərə göstərmək mümkün olmasın. Bu, ya lap kiçik, ya da online mitinq ola bilər. Başqa heç bir variant ağla gəlmir. Yəqin, online qurultaydan sonra REAL indi də online mitinq keçirmək fikrindədir.
Regional geosiyasətdən danışanda İlqar Məmmədov tam siyasi savadsızlıq ortaya qoyaraq, bildirdi ki, “Rusiya da, İran da, Türkiyə də Azərbaycanın Güney Qafqazda güclü dövlət olmasını istəyirlər”. Hələ bütün başqa məqamları, Rusiya ilə İranın Azərbaycana tarixi və müasir yanaşmalarını bir qırağa qoyuram; bu, geosiyasətin əlifbasıdır ki, ən azından, heç bir dövlət öz qonşuluğunda başqa güclü dövlətin olmasını istəməz. Elə isə “savadlı siyasətçi”nin belə fikir deməsi sadəcə, absurd idi. Bununla o, guya göstərmək istəyirdi ki, Azərbaycanın yerləşdiyi regionda əslində heç də deyildiyi qədər mürəkkəb geosiyasi şərait yoxdur, amma yalan fikrini əsaslandırmağa çalışanda özünü batırmaqdan başqa əlindən heç nə gəlmədi.
O da məlum oldu ki, İlqar Məmmədov Altay Göyüşov, Rövşən Ağayev və Azər Mehdiyev kimi simaların REAL-ı tərk etməsindən ya xəbərsizdir, ya da bunu çox əhəmiyyətsiz sayır. Hər halda, onların haqqında danışarkən ciddi heç nə deyə bilmədi və bu sözlərlə vəziyyətdən çıxmağa çalışdı: “Siz Azərbaycandakı bütün intellektual insanların REAL-da olmasını istəyirsiniz? Mən istəmirəm!”
Bu, bir tərəfdən İlqar Məmmədovun xarizma və natiqlik qabiliyyətilə yanaşı, liderlik keyfiyyətindən də tamamilə məhrum olduğunu göstərir. Çünki liderlik - ilk növbədə ətrafına topladığın insanları bir yerdə saxlamaq, bir-birilə uzlaşdırmaq, eyni ideya ətrafında birləşdirmək və vahid hədəfə yönəltmək bacarığıdır. İlqar Məmmədov əyani şəkildə göstərdi ki, bunları nəinki bacarmır, hətta komandasında nəyin baş verdiyini də düz-əməlli bilmir.
Erkin Qədirlinin mətbuat konfransında onunla razılşmaması, bəzi fikirlərinə etiraz etməsi isə göstərdi ki, komandanın qalan üzvlərinin arasında da fikir ayrılıqları var. Qədirlinin dediyi “Biz fərqli düşündüyümüz üçün bir yerdəyik, REAL-ın gözəlliyi bundadır” fikri məhz bu halda tamamilə yanlışdır. Çünki fərqlilik cəmiyyəti güclü edə bilər, partiya isə məhz eyni ideyanı bölüşən insanların birliyi olmalıdır. Orada prinsipial məsələlərdəki fərqli fikirlər ancaq və ancaq zəiflik, son nəticədə isə parçalanma yaradacaq. Belə başa düşdük ki, REAL-dan növbəti qopmaların baş verəcəyi gün də uzaqda deyil.
Bununla isə REAL-ın mahiyyəti də dəyişir. Bu adın cəmiyyətdə “intellektuallar klubu” kimi bir imici var idi. İndi – yəni “klub” partiyaya çevriləndə həmin intellektualların bir qismi artıq onu tərk ediblər, digər qism isə liderləri ilə tam razılaşmır. Beləliklə, REAL əvvəlki imicindən uzaqlaşır, standart, zəif lideri olan bir partiyaya çevrilir. İndiyə qədər həmin zəif liderə uğur qazandıran yeganə cəhəti içəridə olması idi. Əgər bir siyasətçinin dustaq olması onun yeganə üstünlüyüdürsə, bu, çox pisdir. Çünki bütün dustaqlar nə vaxtsa buraxılır.
Vüsal Məmmədov
AzVision.az
Teqlər: İlqar-Məmmədov