50 mindən çox insan müəllim olmaq istəyir

50 mindən çox insan müəllim olmaq istəyir
  20 İyul 2018    Oxunub:6966
"Azərbaycanda müəllimlik peşəsinə gəlmək istəyən gənclərin sayı ilbəil artır".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, bu il müəllim işləmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 50 mindən çox olub: "İmtahanlarda iştirak edənlərin sayı isə 46 mindən çoxdur. Bu sahədə qəbul edilən normativ hüquqi aktlar, prosesin şəffaf keçirilməsi nəticəsində insanların bu sahəyə marağı və inamı artıb".

Nazir qeyd edib ki, hər il təhsil sistemində orta hesabla 3-5 % yenilənməyə nail olunur: "İlk baxışda bu rəqəm böyük görünməyə bilər. Lakin əminəm ki, öz savadlarına və bacarıqlarına güvənən, müsabiqələrdən yüksək nəticələr göstərən müəllimlər məktəblərə yeni nəfəs gətirəcək və yeni nailiyyətlərin təməlini qoyacaqlar".

Nazir bildirib ki, milli mətbuatımızın əsasında hər zaman maarifçilik, təhsilin vacibliyi dayanıb. O, bildirib ki, 143 illik Azərbaycan mətbuatı və müasir Azərbaycan jurnalistləri bu gün də həmin prinsiplərə əməl edərək təhsilə çox böyük diqqət yetirirlər: "Təhsil sahəsi çoxşaxəli olduğu qədər həm də çox mürəkkəb və maraqlıdır. KIV-lərin ictimai nəzarət funksiyası var. Sizlər bu işin öhdəsindən layiqincə gələ bilirsiniz. Biz müşahidə edirik ki, ölkənin çox ucqar bölgələrinə gedən gənc müəllimlərlə bağlı hazırlanan reportajlar cəmiyyətdə çox maraqla qarşılanır. Buna görə sizə təşəkkür edirəm".

C.Bayramov əlavə edib ki, Təhsil Nazirliyi media tərəfindən aparılan araşdırmalara hər zaman diqqətlə yanaşır, yaranan nöqsanları aradan qaldırmaq üçün əlindən gələni edir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil   məktəb  





Xəbər lenti