Vakant müəllim yerlərinin sayı açıqlanıb

Vakant müəllim yerlərinin sayı açıqlanıb
  18 İyul 2018    Oxunub:3088
Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə çıxarılan vakant yerlərin sayı təxminən 7 minə yaxındır.
AzVision.az xəbər verir ki, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdirinin vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva deyib. O, bildirib ki, daha çox rus bölməsində bütün fənlər və ibtidai siniflər üzrə ixtisaslı kadrlara ehtiyac var.

“Müəllimlərin işə qəbulu ilə bağlı 50 mindən artıq şəxs müraciət edib, müraciət edənlərdən 46 839 namizədin elektron ərizəsi təsdiq edilib və onlar müsabiqədə iştirak etmək hüququ qazanıblar. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla, ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib. Müəllimlər kompüter vasitəsilə cavablandırdıqları sualların nəticələrini 90 dəqiqənin tamamında özləri də görür”.

Nazir müavini iyulun 16-dan başlayaraq hər gün təxminən 4 min nəfərə yaxın namizədin test imtahan mərhələsində iştirak etdiyini vurğulayıb. Onun sözlərinə görə, test imtahan mərhələsindən uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Aytən Zəhra
AzVision.az


Teqlər: İmtahan  





Xəbər lenti