Ali məktəblərin plan yerləri açıqlanıb - Ekspert narazıdır

Ali məktəblərin plan yerləri açıqlanıb - Ekspert narazıdır
  12 İyul 2018    Oxunub:4753
2018-2019-cu tədris ili üçün ali məktəblərin plan yerləri açıqlanıb. Demək olar ki, bütün ixtisaslar üzrə plan yeri artıb. Kəskin artım daha çox bədən tərbiyəsi ixtisası üzrə, ciddi azalma isə tibb ixtisası üzrə olub.
AzVision.az xəbər verir ki, bunu təhsil üzrə ekspert Kamran Əsədov deyib. Onun sözlərinə görə, 2017- ci ildə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə tibb üzrə (Bakı və Naxçıvan daxil olmaqla) 1075 yer ayrılmışdı. Bu il, 2018-ci ildə isə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə (Bakı və Naxçıvan daxil olmaqla) 785 plan yeri ayrılıb. Cari il ötən illə müqayisədə tibb ixtisası üzrə IV qrupda yerlərin sayı 290 yer azalıb.

“İdman ixtisası üzrə 2017-ci illə müqayisədə 2018-ci ildə plan yerləri ciddi sayda artıb. Keçən il Azərbaycan və rus bölməsinə bədən tərbiyəsi üzrə 1155 plan yeri ayrılmışdı. 2018-ci ildə isə bədən tərbiyəsi və idman ixtisası üzrə ayrılan yerlərin sayı artaraq 1505 olub. Yəni 2017-ci illə müqayisədə 2018-ci ildə bədən tərbiyəsi üzrə plan yerləri 350 yer artıb.

Əlbəttə, ölkəyə sağlam, idmançı gənclər lazımdır. Amma etiraf edək ki, bədən tərbiyəsi ixtisasına qəbul olanların böyük əksəriyyəti başqa ixtisas qruplarına daxil ola bilməyib, "təki universitet olsun" prinsipi ilə bura gedənlərdir. Və bədən tərbiyəsi ixtisasını bitirənlərin demək olar ki, böyük əksəriyyəti bu istiqamətdə çalışmır.

Halbuki, regionlarda həkimlərə ciddi ehtiyac var. Hesab edirəm ki, Nazirlər Kabineti plan yerlərinə yenidən baxmalıdır. Tibb ixtisası üzrə plan yerləri artırılmalıdır. Gələcəkdə bu azalmanın mənfi nəticələri olacaq”,- deyə ekspert vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Kamran-Əsədov  





Xəbər lenti