Azərbaycan neft hasilatının artırılmasını dəstəklədi
Görüşün yekununda OPEC ölkələri və təşkilata daxil olmayan ölkələr, o cümlədən Azərbaycan tərəfindən “Əməkdaşlıq Bəyannaməsi”nə imza atılıb.
Yeni qərarı şərh edən energetika naziri Pərviz Şahbazov neft bazarının yeni vəziyyətə uyğun tənzimlənməsi üçün OPEC+ formatında həmrəyliyin, hasilatın artırılması tədbirlərinin də davamlı əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin vacibliyini qeyd edib: “Neft bazarının neft hasil və ixrac edən ölkələrin maraqlarına uyğun inkişafı prosesinə Azərbaycan bundan sonra da dəstək verməyə hazırdır. İndiyə kimi OPEC+ çərçivəsində neft hasilatının azaldılması ilə bağlı öhdəliyini artıqlaması ilə yerinə yetirən Azərbaycan müvafiq tədbirlərlə ölkədə hasilat həcmlərini kvotaya uyğunlaşdırmaqla ümumi prosesə öz töhfəsini verəcək.”
Qeyd edək ki, OPEC+ tədbiri çərçivəsində, dünyada ilk dəfə neftin sənaye üsulu ilə məhz Azərbaycanda çıxarıldığını təsdiqləyən Bibiheybət mədəni ərazisindəki quyunun təsvir olunduğu tablo OPEC-ə təqdim olunub. OPEC-in baş katibi Məhəmməd Barkindo Azərbaycanı neftin vətəni və dünya neft sənayesinə davamlı töhfələri olan ölkə kimi dəyərləndirib.
Quyu barədə məlumat verən energetika naziri Pərviz Şahbazov isə bildirib ki, 1846-cı ildə Bibiheybət yatağında şəkildəki bu quyunun qazılması ilə dünyada sənaye üsullu neft hasilatının əsası qoyulub. Arxiv sənədləri əsasında ilk quyunun yeri dəqiqləşdirilərək bərpa edilib. Nazir Azərbaycanın 200 ilə yaxın tarixə malik neft sənayesinin inkişaf mərhələlərindən, həyata keçirilən layihələrdən danışıb, neft ölkəsi kimi uzunmüddətli inkişafı təmin edəcək yeni tədbirlərdən bəhs edib.
OPEC+ formatında müvafiq tədbirlərdən birinin Bakıda keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin təklifi bir daha diqqətə çatdırılaraq, Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan ölkələrin təmsilçiləri Bakıya dəvət olunub.
AzVision.az
Teqlər: Energetika-Nazirliyi