Simonyan: “Rusiyanı darmadağın və məhv etmək lazımdır”

    Simonyan:  “Rusiyanı darmadağın və məhv etmək lazımdır”
  31 Yanvar 2025    Oxunub:448
Moskva İrəvana qarşı təhdid tonunu “Ermənistan Rusiyanın təbii və tarixi strateji müttəfiqi olaraq qalır” ruhunda barışdırıcı bəyanatlara dəyişdikdən sonra mediaya Ermənistan parlamentin spikeri Alen Simonyanın “Rusiyanı darmadağın və məhv etmək lazımdır” kimi açıqlamaları ilə bağlı məlumatlar sızıb.
AzVision.azxəbər verir ki, Ermənistanın “Johovurd” qəzetinin yazdığına görə, Simonyan bu sözləri bu yaxınlarda İrəvanda Şimal-Baltik səkkizliyi formatına daxil olan dövlətlərin parlament sədrləri və vitse-spikerləri ilə qapalı görüşü zamanı deyib.

Baltikyanı ölkələrdən birinin parlament nümayəndəsinə istinad edən nəşr bildirir ki, Alen Simonyan Rusiya haqqında Ukrayna prezidenti Volodimir Zelenskidən də sərt danışıb.

“Simonyan dedi ki, həm Ermənistanın, həm də Baltikyanı ölkələrin rifahı naminə Rusiyaya qalib gəlmək, onu darmadağın və məhv etmək zəruruidir”, - qəzet adı çəkilməyən mənbədən sitat gətirir.

Spikerin belə sərt açıqlamalarından hətta Baltikyanı ölkələrin nümayəndələrinin də təəccübləndiyi iddia olunur. Lakin Ermənistan parlamenti sədrinin mətbuat katibi bu məlumatı təkzib edib. Onun sözlərinə görə, Alen Simonyanın guya Baltikyanı ölkələrin parlamentariləri ilə görüşündə səsləndirdiyi bəyanat barədə “Johovurd” qəzetində dərc olunan xəbər yalandır və həqiqəti əks etdirmir.

- Bu görüşdə və bütün konfransda müzakirələr regionda cari proseslər və Ermənistanın demokratik inkişafı ilə bağlı olub. Ermənistan parlamentinin sədri heç bir görüşdə belə bəyanatlar verməyib, onların gündəliyi açıq olub və videoya çəkilib. Hazırda biz bu saxtalaşdırmanın hüquqi təkzib edilməsi imkanını nəzərdən keçiririk”, - Alen Simonyanın mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, Paşinyanın komandasında Alen Simonyan Rusiyanın ən sərt və qətiyyətli ittihamçılarından biridir. O, dəfələrlə Moskvanı xəyanətdə və “ermənilərin maraqlarını satmaqda” günahlandıraraq kəskin tənqid edib.

Eyni zamanda, Alen Simonyan Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmasının və Qərb strukturlarına inteqrasiyasının tərəfdarıdır. Bu baxımdan, analitiklər Ermənistan parlamentinin sədrinin adından bu cür radikal bəyanatların mətbuatda yer almasını icazə veriləndən kənara çıxmaq kimi qiymətləndirirlər. Xüsusən də Ermənistan hakimiyyətinin Qərblə yaxınlaşmasına baxmayaraq, Moskvanın İrəvana qarşı ritorikasını yumşaltmağa çalışdığı bir vaxtda.

Sahil isgəndərov
AzVision.az


Teqlər: Simonya   Rusiya   məhv  





Xəbər lenti