Bu gün TANAP-ın açılış mərasimi keçiriləcək
Qeyd edək ki, TANAP vasitəsilə Azərbaycan təbii qazı Türkiyəyə, oradan da Avropaya nəql olunacaq. Cənub Qaz Dəhlizinin önəmli bir hissəsini təşkil edən TANAP-ın çəkilməsi ilə bağlı müqavilə 2012-ci ildə imzalanıb. Qaz boru kəmərinin təməli 2015-ci il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə qoyulub.
İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz nəql olunacaq. Daha sonrakı üç il ərzində bu həcm 6 milyard kubmetrə çatdırılacaq. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.
AzVision.az
Teqlər: TANAP