Azərbaycan Şimal-Cənub layihəsində önəmli rol oynayır

Azərbaycan Şimal-Cənub layihəsində önəmli rol oynayır
  07 İyun 2018    Oxunub:1658
Bu gün Bakıda 17 -ci nəqliyyat, tranzit və logistika və 8 -ci Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.
AzVision.az xəbər verir ki, konfransda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, sərgi nəqliyyat sahəsində görülən işləri beynəlxalq aləmə nümayiş etdirmək, əməkdaşlıq yaratmaq üçün mühüm əhəmiyyət kəsb edir.

“Belə sərgilərin hər il keçirilməsi ölkənin nəqliyyat sahəsində artan potensialını göstərməyə imkan verəcək. Ölkənin davamlı inkişafı üçün nəqliyyat sahəsi prioritet sahələrdəndir. Bakı-Tbilisi-Qars dəmir yolu təkcə ölkəmiz üçün deyil, bölgə və dünya üçün böyük əhəmiyyətə malikdir. Bu marşurutu Şərqdən Qərbə quru yolu vasitəsilə yüklərin və sərnişinlərin daşınmasında ən qısa yol kimi baxılır, mövcud dəniz yolu ilə daşımaların dəfələrcə qısa yol marşurutudur.

Azərbaycanın ikinci böyük layihəsi Şimal-Cənub layihəsində Azərbaycan önəmli rol oynayır. Bu layihənin gerçəkləşməsi üçün İran tərəfində yük terminalı yaradılıb”.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayıs Ağayev bildirib ki, sərgidə yolların optimallaşdırılması ilə bağlı layihə, səkilərdə pandusların quraşdırılması, piyadaların təhlükəsizliyi üçün turbaların quraşdırılması və s layihələri nümayiş etdiriləcək. O qeyd edib ki, artıq 950 məntəqədə pandusların quraşdırılması başa çatıb, 100 məntəqədə isə tamamlanmaq üzrədir.

Qeyd edək ki, iyunun 11-13 -də Bakı Ekspo Mərkəzində 17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica 2018” sərgisi keçiriləcək. Sənaye müəssisələrinin yeni məhsul və nailiyyətlərini nümayiş etdirən və mahiyyət etibarı ilə bir çox cəhətdən nəqliyyat sektorunun gələcək inkişaf vektorunu müəyyənləşdirən bu sərgi Xəzər regionunda aparıcı nəqliyyat tədbirlərindən biridir. Sərgidə əsas dövlət nəqliyyat qurumları, eləcə də dəmiryol sektoru, dəniz sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat, daşıma və logistika xidmətləri sahəsində fəaliyyət göstərən kommersiya şirkətləri bir arada toplanır.

Sərgi Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, TRACECA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

Azərbaycan, Avstriya, Belarus Respublikası, Litva, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Yunanıstan, və digər ölkələri təmsil edən şirkətlər nəqliyyat sahəsinin geniş məhsul və xidmətlər çeşidini (yükdaşımalar, lokomotiv, sərnişin və yük vaqonlarının istehsalı, hərəkət heyətinin təmiri, dəmiryol nəqliyyatı üçün komplektləşdirici hissələr, gəmiqayırma və gəmi təmiri, liman xidmətləri, kommersiya təyinatlı nəqliyyat vasitələri üçün ehtiyat hissələri və s.) təqdim edir. Bu il Türkmənbaşı Beynəlxalq Dəniz Limanı sərgidə debüt edəcək.

Sərgidə ticarət şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi kimi dövlət nəqliyyat qurumları da iştirak edəcəklər. Sərginin işgüzar proqramı çərçivəsində iştirakçılar və iri yerli şirkətlər arasında ikitərəfli görüşlər keçiriləcəkdir.

“TransCaspian/Translogistica” sərgisi ilə eyni platformada daha iki sərgi: 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2018” və 5-ci Yubiley Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2018” sərgiləri keçiriləcək.

17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica” sərgisi nəqliyyat strukturlarının rəhbər və mütəxəssisləri ilə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının inkişafını nümayiş etdirməklə yanaşı, dövlət tərəfindən hazırlanan perspektivli infrastruktur layihələri ilə tanış olmaq və yeni satış kanalları tapmaq üçün əlverişli şərait yaradır.

Aytən Zəhra
AzVision.az



Teqlər: Nəqliyyat   Logistika  





Xəbər lenti