Xəzərin sahilində torpaqları zəbt edənlər cəzalandırılıb

  07 May 2018    Oxunub : 1326
Xəzərin sahilində torpaqları zəbt edənlər cəzalandırılıb
Cari ilin ilk rübündə torpaqlardan təyinatına uyğun və səmərəli istifadə, torpaqların əsassız zəbt olunması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 141 hal üzrə inzibati protokollar tərtib edilib.
AzVision.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə çıxış edən Komitə sədri Kərəm Həsənov deyib. O, qeyd edib ki, ümumilikdə indiyədək, 2472 inzibati protokol tətbiq edilib:

Xəzər dənizinin sahilboyu 20-50 metrlik hissəsində olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 46 hal üzrə inzibati tənbeh tədbirləri tətbiq olunub.

Kənd təsərrüfatı məqsədi ilə (əkinçilik və heyvandarlıq) torpaq sahələrinin hüquqi və fiziki şəxslərə icarəyə verilməsi barədə 116 müraciət üzrə 18 min hektar torpaq sahəsinin icarəyə verilməsinə müsbət rəy verilib. 2584 hektar bələdiyyə torpaqlarından 1603 hektarı müsabiqə və ya hərraclar vasitəsilə icarəyə verilib”.

Kərəm Həsənov bildirib ki, 2018-ci ilin ilk rübündə ölkə üzrə 50 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb: “Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz çox olub. Aparılan ilkin qeydiyyat isə ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artıb. Cari ilin yanvar-mart aylarında 45 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılmış və texniki pasport tərtib edilib. Bu il də “Kütləvi çıxarış” kampaniyası davam edib. Müxtəlif şəhər və rayonlarda 10-a yaxın “Kütləvi çıxarış” kampaniyası baş tutub. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə cari il ərzində vətəndaşlardan 19 minə yaxın müraciət qəbul olunub”.

AzVision.az

Teqlər: Əmlak   Hərrac