Qaz savaşının yeni cinahı: Rusiya Şərqi Aralıq üçbucağı yaradır – TƏHLİL

Qaz savaşının yeni cinahı: Rusiya Şərqi Aralıq üçbucağı yaradır – TƏHLİL
  17 Oktyabr 2016    Oxunub:9444
Ötən həftə keçirilən İstanbul Enerji Konqresində bəlli oldu ki, Rusiya ilə Türkiyə enerji nəqli proyektlərinin üzərində çalışmalarını bərpa edirlər. Bundan bir neçə ay əvvəl isə Türkiyə Rusiyadan, İsrail isə Türkiyədən üzr istəmişdilər. Beləliklə, üç ölkə arasında münasibətlər əvvəlki axarına düşməyə başladı.

Bəzi analitiklərin fikrincə, İsrailin Türkiyədən üzr istəməsi ilə Türkiyənin Rusiyadan üzr istəməsi arasında bağlılıq var.

İsrail-Rusiya yaxınlaşması

2016-cı ildən etibarən İsrailin xarici siyasətində Rusiyaya meyillik nəzərə çarpacaq dərəcədə artıb. Bunu göstərən faktlardan biri İsrailin baş naziri Benyamin Netenyahunun Rusiyaya səfəri idi. ABŞ və Avropa bir qədər arxa plana keçirilib, Təl-Əvivin regional partnyoru kimi Rusiya önə çıxmağa başlayıb. Suriya münaqişəsində İsrail ilə Rusiya taktiki və strateji əməkdaşlıq etməkdə maraqlıdırlar. İsraildən olan bəzi ekspertlərə görə, Netenyahunun Rusiya ilə yaxınlaşması ABŞ-ı qıcıqlandırmaq məqsədi daşıyır. Bu yaxınlaşma Rusiyanın da maraqlarına cavab verir. Əməkdaşlıqdan bərk narahat olan Vaşinqtonun əsəbi reaksiyaları Moskvanın xoşuna gəlir.

Rusiya ilə əlaqələrin sıxlaşmasının təməli İsrailin sabiq xarici işlər naziri, sovet yəhudisi Aviqdor Libermanın müdafiə naziri təyin olunmasıından sonra daha intensiv müşahidə olunmağa başlanıldı. Məlumdur ki, Rusiya məsələsində Liberman şəxsən özü Netenyahunu təlimatlandırır və Moskvanın rəğbətinə səbəb olacaq addımlarla bağlı məsləhətlərini verir. Məsələn, 2016-cı ildə vaxtilə Rusiyadan İsrailə köçmüş mühacirlərin təqaüdçü təbəqəsinə qayğı xeyli artırılıb.

Əhəmiyyəti artan bölgə

Enerji məsələri üzrə beynəlxalq ekspertlər Şərqi Aralıq dənizi bölgəsinin sahib olduğu enerji potensialına görə ona "Yeni Bəsrə Körfəzi" adını veriblər. Güman olunur ki, yaxın gələcəyin əsas enerji mərkəzi məhz Aralıq dənizinin şərqi olacaq. Orada İsrail, Qəzza, Suriya, Livan və Kipr arasındakı mübahisəli bölgələrdə zəngin enerji ehtiyatları var. Təxmin olunan ilkin rəqəmlərə görə, 3,5 trilyon təbii qaz ehtiyatları mövcuddur.

Rusiya-Türkiyə əlaqələrinin pozulmasından sonra İsrail üçün Türkiyə bazarına girmək fürsəti yarandı (Türkiyə qaza tələbatı yüksək olan ölkədir). İsrailin Türkiyə enerji bazarına daxil olması əslində Rusiyanın sıxışdırılmasından, bununla yanaşı, təbii qaz qiymətlərinin ucuzlaşağacı ilə nəticələnəcək rəqabət atmosferin formalaşcağından xəbər verirdi.

Lakin İsrail Rusiyanın Aralıq dənizində legitim varlığından dolayı, onunla əməkdaşlıq etməyə məcbur oldu. O səbəbdən ki, 2011-ci ildə Suriya dövləti (Bəşər Əsəd) hüquqi şəkildə, özünə məxsus dəniz sualarındakı enerji axtarışı, çıxarılması, istehsalı və satışa hazırlanması səlahiyyətlərini bütünlükdə Rusiyaya verib. Bununla da Rusiya Aralıq dənizindən çıxarılan qazın Avropaya satışı ilə bağlı qərarlarda söz sahibi olan ölkələrdən birinə çevrildi. Ona görə, Şərqi Aralıq bölgəsində Rusiya-Türkiyə-İsrail enerji əməkdaşlığı təsadüfi deyil.

`Aralıq üçbucağı`

Şərqi Aralıq dənizindəki qaz yataqlarının işlənməsi, o cümlədən, yenilərinin kəşf olunmasında, bir sözlə, geostrateji maraqlarını icra etməkdə Türkiyənin rolu olmadan addım atmağın çətinliyini Rusiya çox gözəl başa düşürdü.

Rusiyanı Aralıq dənizində daha da möhkəmləndirən başqa faktorlar da var. 2015-ci ildə Rusiya ilə Kipr (Yunan hissəsi) arasında hərbi sahədə əməkdaşlıq imzalandı. Həmin müqaviləyə görə, Rusiya hərbi əməkdaşlıq memorandumu əsasında Kiprdən hərbi baza kimi istifadə edə bilər. Bu, Moskanın bölgədə əl-qolunu bir qədər də açdı.

Bütün bunlar deməyə əsas verir ki, Aralıq dənizindəki enerji ehtiyatlarının Avropa bazarına çıxarılmasıda "Aralıq üçlüyü" adlandıra biləcəyimiz Türkiyə-Rusiya-İsraildən ibarət geostrateji üçbucaq formalaşmaq üzrədir. Bu da öz növbəsində gələcəkdə Rusiyaya Avropaya təzyiq göstərmək üçün yeni imkanlar yaradacaq.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti