`Ərdoğan Obama ilə görüşdə NLP texnikasını tətbiq edirdi` - MÜSAHİBƏ

`Ərdoğan Obama ilə görüşdə NLP texnikasını tətbiq edirdi` - MÜSAHİBƏ
  09 Mart 2016    Oxunub:11760
Neyro Linqvistik Proqramlaşdırma (NLP) - hər bir insanın öz məqsədlərinə çatması üçün özünün və başqalarının düşüncə və davranışlarını dəyişməyi təmin edən, dildən mükəmməl istifadə bacarığıdır. Burada nə deməkdən çox, onu necə demək, hansı vaxtda demək, uyğun vəziyyətə kökləmək, insan tanıma çox önəmlidir.

NLP haqqında son vaxtlar təlimləri və məqalələri ilə diqqət çəkən NLP Trainer, Biznes təlimçi Şamil Şahbazovla danışdıq. O, bir sıra xarici İNLPTA Trenerlərindən təlim almaqla yanaşı, Dünyanın İlk NLP təlimçisi olan, dünyaca məşhur bir çox NLP trenerlərin müəllimi və bu elmə yeniliklər gətirmiş Master NLP Trainer, İNLPTA-nın yaradıcısı Dr. Uaytt Vudsmall-dan da təlim alıb.

- Türkiyə prezidenti Ərdoğanla ABŞ prezidenti Obamanın görüşündə məşhur aynalama texnikasını xatırlayırsınızmı? Obama ayağını ayağının üstünə aşıran kimi Ərdoğan da onu “aynalayır”-təkrarlayır. Belə çıxır ki, müasir dünyada beynəlxalq münasibətlər də “aynalama” üzərində qurulub, yəni NLP texnikaları ilə müşayiət olunur?..

- Bəli, tamamilə doğru müşahidə etmisiniz. NLP həyatın bütün sahələrində məqsədlərə çatmaq üçün inanılmaz vasitədir. Bu gün NLP-dən siyasətdə çox geniş şəkildə istifadə olunur. Çünki NLP düşüncə və davranışları dəyişmək üçün şüuraltı təsirə malik heyrətamiz texnikalardan ibarətdir. Bu texnikalardan biri “aynalama” texnikasıdır ki, məqsəd müsahibinlə şüuraltı səviyyədə ahəng yaratmaqdır. Burada hətta hər iki tərəf bu texnikanı şüurlu olaraq bilsə və tətbiq edildiyinin fərqində olsa belə, şüuraltı zehin tənqid və təhlildən uzaq olduğu üçün qısa zaman kəsiyində mühasibində özü barədə səmimi hisslərin yaranmasına, eləcə də onu inandırmağa və razı salmağa nail ola bilir. Burada tək texnikanı yox, onu necə və hansı məqamda tətbiq etməyin sirrlərini bilmək lazımdır.

- NLP masterlərin bacarıqlarından biri həmsöhbətini inandırmaqdır. Burada həm motivasiya, həm də manipulyasiya da ola bilər. Hansından istifadə edirlər adətən? Hər halda “NLP masterlərin işi ancaq motivasiya verməkdir" deyiminə inanacaq qədər sadəlövh deyilik.

- NLP prinsiplərinə görə nə deməkdən çox, onu necə demək daha vacibdir. Qeyd etdik ki, NLP məqsədə çatmağa xidmət edən xüsusi dil bacarığını, xüsusi ünsiyyəti nəzərdə tutur. Manipulyasiya düşüncə və davranışların məqsədli şəkildə dəyişdirilməsini ifadə edir. Kimisə motivasiya etmək və ya neqativ düşüncələrdən qurtarmaq da yenə məqsədli olaraq düşüncə və davranışların dəyişdirilməsinə səbəb olur. Bu baxımdan, məqsədli olaraq düşüncə və davranışların dəyişdirilməsi cəhdi manipulyasiya adlandırıla bilər. Amma Manipulyasiya sözü daha çox düşüncələrin neqativ istiqamətdə dəyişdirilməsi, kiminsə digər insanları öz iradəsi altına salması kimi qəbul edilir. NLP düşüncə və davranışları fərqli istiqamətə yönləndirir, amma bunu yaxşı nəticəni əldə etmək üçün edir. Ona görə biz buna manipulyasiya deyil, motivasiya, koçluq, fərqindəlik qazandırmaq deyirik.

- Bunu psixoloqlar, konsultantalar da edir. Yenidən NLP-çilərə nə lüzum var idi?

- İstər psixologiya, istərsə də NLP hər ikisi düşüncə və davranışlar elminin hissələridir. Psixoloq konsultantlar pasiyentinin keçmişini və keçmişində olan hadisələri tam öyrənməklə, yanlış hesab etdiyi düşüncə və davranışların dəyişdirilməsinə nail olmaq üçün məsləhətlər verir. Düşüncə və davranışları dəyişmək üçün daha çox şüurlu zehinə, NLP isə şüuraltı zehinə xitab edir. İnsanın keçmişində baş vermiş hadisəni çılpaqlığına kimi öyrənmədən belə, qısa müddətdə onu zəiflədici düşüncələrdən xilas edib yeni gücləndirici inanc və dəyərlər, şəxsiyyət və ya davranış seçimlərinin resurslarını şüuraltına təqdim edir.

- NLP elmdirmi? Kouçluqla əlaqələri necədir? Adətən marketloqlar deyirlər ki, PR marketinqin bir şöbəsidir. PR-çılar bu fikirlə razılaşmırlar. Sizcə Kouçinqlə NLP arasınd abelə asılılıq varmı?

- NLP həm elm, həm də sənətdir. Bu gün NLP Amerikada 2, İngiltərədə 1 Uiveristet , dünyada 150 dən çox institut səviyyəsində tədris olunmaqdadır. Kouçinq insanları olduğu mövqedən, olmaq istədikləri mövqeyə götürülməsinə bələdçilik etmək, onların daxili potensiallarını üzə çıxarmaqdır. Bunun üçün kouç qarşısındakı insanda inam və güvən yaratmaqla yanaşı onun dəyişiminə nail ola biləcək təsirli ünsiyyəti qura bilməlidir. NLP insanların düşüncə və davranışlarını dəyişə bilən heyrətamiz texnikaları özündə birləşdirdiyi üçün NLP-ni bilməklə Kouçluq çox təsirli olur və tez bir zamanda yüksək nəticlər verir.

- NLP nədir sizin üçün? Hamı NLP master ola bilərmi?

- NLP mənim üçün həyatı asanlaşdıran bir vasitədir və əvəzedilməz sənətdir. Hər kəs NLP Master ola bilər. Bununla yanaşı Beynəlxalq etik standartlarda ruhi-psixi xəstəliyi olanlara, hansısa radikal yönümlü təşkilatların üzvlərinə, manipulyasiyaya meyilli insanlara NLP-nin öyrədilməsi tövsiyyə olunmur. Digər tərəfdən NLP-ni dərindən mənimsəyən insan istər-istəməz həyata baxışını dəyişir və bağışlama, insanlara insan olduğu üçün hörmət etmək, həyata sevgi ilə bağlanmaq, hər kəsin dünya modelinə hörmət etmək və s. səmimi duyğuları mütləq yaranır. Və bundan sonra NLP-ni öyrənən insanların bunu yalnız yaxşı niyyətlərə istifadə edəcəkləri inandırıcıdır.

- Elə bir ağır situasiya deyə bilərmisiniz ki, orada NLP texnikaları tətbiq edib, vəziyətdən çıxmısınız? Təlimlərdə nə keçirisniz? İştirakçılara nə öyrədirsiniz, onlar bu texnikaları tətbiq edə bilirlərmi?

- Həyatda hər bir şey nisbi olduğu üçün birinə ağır görünən situasiya digərinə adi görünə bilər. Digər tərəfdən, NLP qeyd etdiyim kimi, həyatı asanlaşdıran, düşüncələri dəyişən bir vasitə olduğu üçün baş verən hadisə və şeylərə münasibət zamanı elastik olmağı və fərqli çərçivələrdən baxmağı təmin edir. Çoxlu sayda müraciət edən insanların özgüvəninin artırılması, keçmişində baş vermiş hadisədən dolayı keçirdikləri ağır neqativ duyğulardan qurtarmaq, həyat eşqinin artırılması, qarşısına məqsəd qoymağa və bu məqsədə doğru hərəkətə keçməyə sövq etmək, zərərli vərdişlərdən qurtarmaq və daha faydalı işə bağlılığın yaradılması və s. kimi aktual problemlərin həllində NLP texnikaları ilə daim yüksək nəticələr almışam və bu məni NLP yə daha da cəlb edir. Təlimlərdə iştirakçılara öncə NLP fəlsəfəsini, sonra isə NLP texnikalarını öyrədirik. Çünki NLP fəlsəfəsi uğurlu nəticənin yarısıdır. Təlim iştirakçılarının NLP ilə bağlı təəssüratları inanılmaz qədər sevindiricidir.

- Təlimlərə gələnlərin sosial tərkibi necədir? Kimlər müraicət edir? Onları nə ilə təəccübləndirirsiniz?

-Daha çox müxtəlif rəhbər və orta vəzifədə çalışan şəxslər, psixoloqlar, psixoloq kimi çalışmaq istəyənlər və qismən də aşağı vəzifədə çalışan insanlar müraciət edirlər. Son zamanlar müraciət edən tələbələrin də sürətlə artması müşahidə edilir. NLP elminin sadəcə fəlsəfəsi haqqında təsəvvürlərin olması heyranedicidir. O ki qaldı texnikaları bilmək, bu, NLP-nin insanın məqsədlərinə çatması, insan tanıma, hər kəslə “öz dilində” danışması üçün nə qədər əhəhmiyyətli olmasını ifadə edir və hər kəsi təəccübləndirməklə özünə çəkir.

Bu suala cavabı məşhur hekayə ilə başlamaq istərdim “Balaca bir qız dərin kədərli bir insana baxaraq gülümsəyir. Bu gülümsəmə onun üzündə qeyri-ixtiyari təbəssümə səbəb olur və əhvalı yaxşıya doğru dəyişir. Bu zaman yadına xətrinə dəydiyi dostu düşür və ona zəng edərək, dostuna böyük hörmətinin olduğunu deyir və sevgisini bildirir. Dostu bu zəngdən o qədər sevinir ki, yemək yediyi ofisiant xanıma çox miqdarda bəxşiş verir. Ofisiant xanım ilk dəfə aldığı bu qədər bəxşişdən çox sevinir və evə gedərkən yolun üstündə olan kasıb bir insana bu bəxşişdən bir hissə verir. Bir neçə gündür yemək yeməyən həmin adam o qədər minnətdar olur ki.. Yemək yedikdən sonra sevinə-sevinə gəzərkən soyuqdan üşüyən kiçik iti görür və onu binanın 1-ci mərtəbəsində yaşadığı otağa götürür. Kiçik it aclıqdan və soyuqdan qurtulduğu üçün sevinclə otaqda oynayır. Gecə yarısı binanın başqa tərəfindən çıxan yanğının tüstüsünü ilk duyan it dayanmadan hürməyə başlayır və əvvəlcə həmin adam, sonra isə bina sakinləri oyanır. Bütün bina sakinləri tez bir zamanda balaca uşaqları, köməyə ehtiyacı olan yaşlı və digər insanları tüstüdən boğulmaqdan xilas edirlər... Bütün bunların hamısı heç bir maddi dəyər kəsb etməyən bir təbəssümün nəticəsi idi...

- Novruz bayramı münasibətilə “NLP Diplom” sertifikatlı təlimi keçirəcəksiniz. Bu təlimin digərlərindən fərqi nədir?

- Bu təlim soydaşlarımıza hədiyyə olaraq nəzərdə tutulub.Uzun müddətdir NLP təlimləri almaq istəyən, lakin maddi imkan baxımından qoşula bilməyən soydaşlarımız var. Müxtəlif dövrlərdə biz bu kimi insanların təlimdə iştirakını təmin etmişik. Amma bəzi insanların güzəştə görə digər iştirakçıların yanında sıxıntı keçirib, təlimə qoşulmadığının şahidi də olmuşuq. Ona görə, NLP təlimlərində iştirak etmək arzusunda olan və maddi imkana görə qoşula bilməyən insanlara eyni fürsəti yaratmaq, digər tərəfdən soydaşlarımıza NLP-nin faydalarından yararlanmağı təmin etmək üçün Sənan Nəcəfov və Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli ilə bu təlimi keçirməyi qərara aldıq.
Əsas məqsədimiz insanların NLP Təlimlərində iştirakını təmin etməklə, ölkəmizin və xalqımızın inkişafına nail olmaqdır. Çünki, NLP-nin faydalarından yararlanan insanların özləri fərqində olmadan belə, ölkəmizə fayda verəcəyinə inanırıq. Əgər hər bir kəs beyninin potensialından yaradıcı şəkildə istifadə edərsə, sadəcə öz ətrafında olan insanlarla ahəng içərisində anlaşaraq münasibətlər qurarsa, bu, daha çox insanı əhatələyə bilər. Stressdən, düşük özgüvəndən, depresiyadan uzaq insanlar.

Günel İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti