Ermənilər İbrahimbəyovun bu fikirlərini bəyənir

  10 İyul 2013    Oxunub : 393
Ermənilər İbrahimbəyovun bu fikirlərini bəyənir
«Dağlıq Qarabağın sakinləri Azərbaycanın tərkibində yaşamaq istəmədikcə heç kim onları məcbur edə bilməz”
Son günlərdə Rüstəm İbrahimbəyov mövzusu erməni mətbuatının da gündəmindədir. Xüsusilə də erməni saytları onun Qarabağ haqqında fikirlərinə diqqət yetirirlər.

“Mən Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu bilirəm, lakin bu, baş tutan deyil. Çünki mənim təklif etdiyim həll yolu təkcə Ermənistan və Azərbaycanı deyil, həmçinin qonşu ölkələri də maraqlandıran çox çətin geosiyasi situasiya ilə bağlıdır. Bu, çözülməsi çətin, dolaşıq bir düyündür. Artıq uzun illərdir ki, bu məsələ ilə məşğul olurlar, ancaq hələlik kifayət qədər tutarlı bir nəticə əldə olunmayıb” – bunları bir müddət əvvəl Rüstəm İbrahimbəyov BBC-yə müsahibəsində bildirib.

Onun fikrincə, məsələnin həllinə Azərbaycanın hazırkı durumu mane olur:
- Mən deyəndə ki, Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və onlar azərbaycanlılarla bərabər hüquqa malikdirlər, onları “düşmən” adlandırmaq olmaz, məni qınayırlar, ermənipərəst olmaqda günahlandırırlar. Bu, cəfəngiyyatdır, lakin bir şey həqiqətdir: əgər Qarabağın sakinləri Azərbaycanın dəhşətli bir vəziyyətdə oluğunu, insanların hüquqlarının kobud şəkildə pozulduğunu, korrupsiyanın cəmiyyətin bütün təbəqələrinə necə sirayət etdiyini görürlərsə, təbii ki, Qarabağın Azərbaycanın tərkibində qalmasını istəməzlər. Başqa sözlə desək, münaqişənin həlli yollarından biri Azərbaycandakı situasiyanın normallaşdırılmasıdır. İlk növbədə insanların etimadını qazanmaq lazımdır, başqa yol yoxdur.

Rüstəm İbrahimbəyov həmçinin bildirib ki, Dağlıq Qarabağ erməniləri Azərbaycanda yaşamaq istəmədikcə, bu dünyada heç kim onları buna məcbur edə bilməz: “İlk növbədə, bu məsələyə diqqət ayırmaq lazımdır. Problem o zaman həll edilə bilər ki, Azərbaycan xalqı Qarabağ ermənilərinə səmimi yanaşsın, onları xalqın bir hissəsi kimi qəbul etsin, onları təhlükəsizlik şəraitində yaşayacaqlarına əmin etsin. Azərbaycan rəhbərliyi bu istiqamətdə heç bir addım atmır, laqeydlik nümayiş etdirir. Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamaq istəməməsi məhz belə bir münasibətdən irəli gəlir. Qalan problemlər isə ümumi geosiyasi vəziyyətlə bağlıdır və supergüclərin müdaxiləsi olmadan həlli mümkün deyil”.

Səbinə Həsənova
AzVision.az

Teqlər: