Moldova rəsmisinin Ermənistan məcaraları
Xanım ombudsman iyulun 8-də Moldova paytaxtında keçirdi mətbuat konfransında bildirib ki, Yerevana Ermənistanın Konstitusiya məhkəməsinin təşkil etdiyi beynəlxalq konfransda iştirak etmək üçün gedib. İyulun 4-də Ermənistan parlamentində çıxışı da dondurulmuş münaqişə bölgələrində insan haqlarının vəziyyətinə dair olub və mövzu əvvəlcədən təşkilatçılarla razılaşdırılıb.
Aurelia Grigoriu bildirib ki, çıxışından sonra ona hədə-qorxu, təhqir dolu telefon zəngləri gəlib. İnsan haqları müvəkkili Yerevanda başına gələnləri belə izah edir:
- Mənim mehmanxanadakı nömrəmə telefon zəngləri oldu, facebook səhifəmə təhdidlər yazıldı. Bildirilirdi ki, guya erməni xalqına etdiyim cinayətlərə görə cəzalandırılacağam. Hətta detalları ilə təsvir edirdilər ki, məni necə cəzalandıracaqlar. Hesab edirdim ki, belə təhdidlər realdır. Ona görə də Moldovanın Xarici İşlər Nazirliyinə məlumat verdim.
Ayın 6-dan 7-ə keçən gecə səhər saat 5:30-da mən Yerevandan Kişinyova uçmalı idim. Uçuşa az qalmış bizim Konstitusiya Məhkəməsinin hakimi və nümayəndə heyəti ilə mehmanxanın zalında görüşdük ki, hava limanına gedək. Amma təşkilatçının maşını faktiki olaraq təyyarənin qalxmasına cəmi 45 dəqiqə qalmış mehmanxanaya gəldi.
Daha sonra olanları Aurelia Grigoriu belə təsмir edir:
- Sonra da sürcü məni maşına götürməkdən imtina etdi. O, dedi ki, “bizim ölkəmiz haqqında dediklərinizə görə bir daha fikirləşməlisiz. Mən Sizi maşınıma götürməyəcəm. Necə istəyirsiz, özünüz gedin”.
Hətta taksi də çağırsaydım, bundan sonra təyyarəyə yetişə bilməzdim. Mən bizim konstitusiya məhkəməsinin hakimini başa düşmədim. O, sürücüdən hamımızı götürməyi tələb etmədən, ya da hamımızın taksi ilə getməyimizi istəmədən sakitcə maşına əyləşib hava limanına getdi.
Mən geri dönüb Kişinyovla əlaqə saxladım. Dedilər mehmanxanadakı otağıma dönüm. Otağa çıxdım. Bundan sonra saat 5-ə qalmış mənimlə Moldovanın Xarici İşlər nazirinin müavini əlaqə saxladı. O dərhal təhlükəsizliyim və Ermənistandan çıxmağıma dair bütün prosesləri öz nəzarətinə götürdü.
Saat 12-yə qalmış Rumnıniyan səfirliyinin diplomatı məni mehmanxanın zalına dəvət etdi. O dedi ki, Rumıniya səfirliyində müdafiəmi təşkil etməyə hazırdırlar. Orada Ermənistanı necə tərk edəcəyimi müzakirə edirdik, bu vaxt Gürcüstan səfirliyinin nümayəndələri mehmanxanaya gəldilər. Onlar da mənə tam müdafiə təklif etdilər. Dedilər məni təhlükəsiz şəraitdə Moldovaya yola salmaq üçün bu ölkədən çıxarmağa hazırdırlar.
Amma mənə Moldovanın Xarici İşlər Nazirliyindən dedilər ki, Yerevanın hava limanına gedim. Çünki Ermənistan hökuməti bizim Xarici İşlər Nazirliyinə mənim təhlükəsizliyimə dair tam təminat veririr.
Təxminən axşam saat 6-da biz hava limanının VİP zalına daxil olduq. Təhlükəsizliyimi tam təmin etdilər. Axşam saatlarında isə Yerevandan Moskvaya uçdum.
Xanım Aurelia Grigoriu bir daha qeyd edir ki, o çıxışında yalnız BMT Təhülkəsizlik Şurasının qətnamələrində qeyd olunan faktlara istinad edib. Ermənistan parlamentinin vitse-spikerinin onu Bakının təbliğatını aparmaqda ittiham edən cavabı isə kimlərisə belə təhqirlərə əl atmağa təhrik edib:
- Mən çıxışımda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında məlumatları təqdim etmişəm. Bu qətnamələri Moldova Respublikası da imzalayıb. Çıxışımda bundan fəqli yeni heç bir şey ifadə etməmişəm. Təqdim etdiyim məlumatlar açıq mənbələrdədir, hamının ona əli çatır.
Həm də mən çıxışmda münaqişə zonası kimi təkcə Dağlıq Qarabağdan yox, Gürcüstan-Rusiya, Dnestrtyanı bölgədən də bəhs etmişəm. Mətbuatda təqdim olunanlar yalnız mənim çıxışmdan hissələrdir. Çıxışımın tam mətni mənim facebook səhifəmdə yerləşdirilib. (Çıxışın mətnini buradan da oxuya bilərsən -red.)
Hesab edirəm ki, söz azadlığı, fikrin azad ifadə olunması bizim ölkədə demokratik uğurlardandır. Mən də Moldovadan kənara getdiyim hər yerdə bu hüquqlarımdan istifadə edir, insan haqlarının vəziyyətinə dair də fikrimi, mövqeyimi istənilən səviyyələrdə və istənilən ölkədə ifadə edirəm.
Doğrusu, belə qeyri-adekvat reaksiya gözləmirdim. Məncə, buna parlament sədrinin müavinin təhrikedici çıxışı səbəb oldu. O, iddia edirdi ki, məni Azərbaycan tərəfi ələ alıb. Guya mən Bakının mövqeyini təbliğ edirdim.
İndi mən bütün məsuliyyətimlə sizə bəyan edirəm ki, bütün bunların hamısı yalan və təhrikedici çıxış idi. Parlamentin sədr müavinin məhz bu çıxışı sonrakı proseslərə səbəb oldu.
Mətbuat konfransında Moldovadakı erməni icmasının təmsilçisi olduğunu deyən bir nəfər xanım Aurelia Grigoriu-nu BMT-nin sənədlərini təhrif edərək cəmiyyətə çatdırmaqda ittiham edib. Ombudsman isə bu faktların başqa beynəlxalq sənədlərdə də məksini tapdığını deyib.
“Azadlıq” radiosu
Teqlər: