ABŞ-a bənzəyənlər

ABŞ-a bənzəyənlər
  08 İyul 2013    Oxunub:1266
"ABŞ-ı demokratiyanın təminatçısı sayan axmaqların sayı dünyada az deyil. Bunu Azərbaycandakı müşahidələrim də söyləyir. Hələ də ABŞ-dan gələn bir rəsmi təmsilçi ilə görüşdən sonra iki gün özünə gələ bilməyən siyasətçilərin varlığını nümunə göstərmək yetərlidir. “ABŞ kimi dəstəkləyir?” mövzusunda nə qədər qələmlər işləmiş, inşalar yazılmış. Sonda isə hələ də nə arzulanan demokratiya var, nə də bu demokratiyanın arxasında ABŞ-ın ehtimal olunan silueti".
Bu məqaləni millət vəkili Fazil Mustafa öz facebook profilində paylaşıb. O ABŞ və onun siyasəti haqqında sərt mövqe nümayiş etdirib.

“Əvəzində isə Misirdə çoxdan bəri şübhələndiyimiz, ancaq yaxasını ələ veməyən ABŞ yaxalandı. Hərbçilərin çevrilişini dəstəklədi. Seçilmiş cumhurbaşqanını həbs edirlər, demokratiyaya qarşı yürüş keçirirlər, ABŞ demokratiyadan bu dəfə danışmır. ABŞ-in qorxusundan Avropa İttifaqı danışmır. Hətta BMT-nin Baş Katibi belə, özünü Cənubi Koreyalı kimi deyil, təmiz amerikalı kimi aparır.

Ötən gün hakimiyyətə qarşı illərdir mübarizə apardığını söyləməkdən həzz alan bir ziyalı ilə görüşdüm. Hərəkat illərindən tanıyırdım. Hələ də bütün mitinqlərdə iştirak edər, bütün polis bölmələrini və təcridxanaların divarlarının qoxusunu bilir. “Bu şəriətçiləri yaxşı oldu devirdilər, Misir ordusunu dəstəkləyirəm. Hələ qəhrəman Türk ordusu Ərdoğana da layiqli dərs versəydi, gör bir nə olardı.” Sonda isə “Azərbaycanda da avtoritar rejim yox olacaq!” deməyi də unutmadı. Ancaq burada hansısa ordudan bəhs etmədi.

Adam gözümdə nədənsə birbaşa ABŞ-a bənzəməyə başladı. Qəribədir, adamlar demokratiya uğrunda vuruşduqlarını iddia edirlər, ancaq demokratik yolla seçilmiş cunhurbaşkanının, başbakanın devrilməsini alqışlayırlar. Azərbaycanda avtoritarizmə son qoyulmasını istəyirlər, başqa ölkədə avtoritarizmi, hərbi xuntanı dəstəkləyirlər. Eyni ilə ABŞ kimi... Adamlar 4 iyun qiyamından bəhs etməyi sevirlər, bunun bir dövlət çevrilişi olduğunu söyləyirlər. Eyni zamanda Misirdə, Türkiyədə ordunun hakimiyyəti qanunsuz yolla ələ keçirməsini içdən arzulayırlar. Bu nə prinsip, nə mühakimə, nə məntiq...

Məhəmməd Mursi 52 faiz səslə seçilib. Həttə seçkiləri nə qədər saxtalaşdırsalar da, onun qələbəsini tanımağa məcbur olublar. Hakimiyyətə gələnə qədər Hərbi Şura onun səlahiyyətlərinin ciddi bir hissəsini əlindən alıb. Adam bir ildə büdcədən oğurluq etməyib, sadə yaşamında hansısa dəyişiklik etməyib, ailəsi üçün hansısa imtiyazlar yaratmayıb, hər gün onu söyən, təhqir edən bircə televiziyanı da, qəzeti də bağlatmayıb, bircə jurnalisti də həbsə atdırmayıb, ərəb ölkələrində cəsarətli şəkildə demokratiyanı dəstəkləyib. Bu insanlar üçün adamın bir eybi var ki, bu da Namaz qılmağıdır. Yalandan adına qoşmuşlar ki, Misirdə şəriət dövləti yaratmaq istəyirdi. Azərbaycanda da xeyli cahillər var ki, Türkiyə siyasətini təhlil etməyə başlayanda dərhal Ərdoğanın və AK Partinin şəriət dövləti qurmasından danışır. Mursi hətta şəriət qaydalarının sərt tətbiqini tələb edən Sələfilərin siyasi qanadı ilə yollarını ayırdı. Açıq demokratik kurs götürdüyünü bəyan etdi. Ərdoğan hakimiyyəti Türkiyənin dünyəvi dövlət quruluşuna hansısa kiçicik düzəlişlər də etmədi. Liberal iqtisadi kursu qətiyyətlə davam etdirdi. Türkiyəni bölgənin daha sayğın bir dövlətini çevirdilər. Üstəlik də ölkənin xəbər portallarından oxuyanda ki, 41 azərbaycanlı müxalifətçi Gəzi Parkı hadısələrində iştiraka görə Türkiyədən deportasiya olunmuşlar. Qəribəlik budur ki, öz ölkəsində demokratiya istədikləri halda, başqa ölkədə demokratik yolla, həm də üç dəfə artan səs faizi ilə iqtidar olan demokratik hökumətə qarşı çıxırlar. Yenə də ABŞ-a bənzəyən insan tipləri.

Əslində İranın, Səudiyyə Ərəbistanın dövlət quruluşu təməlində İslam təqdimatı haqlı olaraq çevrədəki insanlara ciddi bir qorxu duyğusu təlqin etmişdir. Ona görə də başının üstündə bir oğrunun idarəetməsinə laqeyd qalan cəmiyyətlər, canında Allah xofu olan bir inanclı müsəlmanın öndərliyinə sərt dirəniş göstərirlər. Mursi hadisəsi, Ərdoğana qarşı hərəkətlər bunun açıq nümunələridir. Bu imajı ilk olaraq müsəlmanların özləri dəyişməyi bacarmalıdırlar. Dinin siyasiləşməsinə çalışmamalı, başqalarının inanclarına qarşı sayğın davranmalı, din adı ilə insanları qorxutmamalıdır.

Bütün hallarda hərbi çevrilişi dəstəkləyənlərin demokratlığı müzakirəyə açıqdır. Bildiyim odur ki, bəzi ölkələrin təqdimatında İalamdan necə qorxulursa, artıq ABŞ-ın təqdimatında demokratiyadan da eyni səviyyədə qorxulmağa başlanır. Deyəsən ABŞ demokratiyanın beşıyini yavaş-yavaş batırır. Bu üfunətdən uzaq durmanız düşüncənizin ekologiyasını yalnızca sağlamlaşdıra bilər“.



Teqlər:  





Xəbər lenti