“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib

“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib
  02 Noyabr 2024    Oxunub:1675
2024/2025-ci tədris ilində birinci ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 685 baldan yuxarı nəticə ilə ölkənin ali təhsil müəssisələrinə daxil olmuş və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təsis etdiyi məqsədli “Elm və texnologiya” təqaüdünə layiq görülmüş bir qrup tələbə ilə görüş keçirilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumatda görüşün qurumun elektron imtahanlar korpusunda təşkil olunduğu bildirilib. Görüşdən əvvəl DİM-də yaradılmış muzeylə tanış olan tələbələrə Mərkəzin nəşr etdiyi “İnformatika” (tələbələr, bakalavrlar və magistraturaya hazırlaşanlar üçün) vəsaiti hədiyyə edilib.

Tədbirdə Mərkəzin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Mərkəzin İdarə Heyətinin sədr müavini Namiq Babayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, ETN-nin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman iştirak ediblər.

Öz çıxışlarında təqaüd almaq münasibətilə tələbələri təbrik edən rəsmi şəxslər onlara bundan sonra da təhsildə yüksək nailiyyətlər əldə etməyi arzulayıblar. Çıxışlar zamanı bildirilib ki, cari tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə birinci ixtisas qrupu üzrə (xüsusilə informasiya texnologiyaları və mühəndislik ixtisaslarına) yüksək nəticə göstərərək daxil olmuş tələbələrin sayı digər ixtisas qruplarına nisbətdə üstünlük təşkil edib.

Qeyd edək ki, “Elm və texnologiya” təqaüdü Dördüncü Sənaye İnqilabı dövründə ölkə iqtisadiyyatı üçün önəmli əhəmiyyət daşıyan bu sahədə yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr potensialının formalaşdırılmasını stimullaşdırmaq məqsədilə müvafiq ixtisaslara qəbul olmuş gənclərə dövlət tərəfindən göstərilən qayğı və dəstəyin təzahürüdür.
AzVision.az


Teqlər: DİM   tələbələr   görüş  





Xəbər lenti