COP29: Tibb müəssisələrin necə işləyəcəyi açıqlandı

  COP29:  Tibb müəssisələrin necə işləyəcəyi açıqlandı
  30 Oktyabr 2024    Oxunub:790
COP29 Azərbaycan Əməliyyat Şirkətinin tibb komandası ilə tədbir üçün ayrılan və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin hər birinə baxış keçirilib və müəssisələrimiz zəruri tibbi xidməti təmin edə bilmək üçün hazır vəziyyətə gətirilib.
AzVision.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov COP29 konfransı çərçivəsində tibbi xidmətlərin təşkilinə dair keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində 3, Stasionar şöbədə 10, Reanimasiya şöbəsində 4, Uşaq reanimasiya və intensiv terapiya şöbəsində 3 çarpayı və 1 əməliyyatxana tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq tədbir üçün ayrılıb.

" Bundan başqa 488 nəfərə konfrans çərçivəsində baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün təlimlər, 331 nəfərə isə dil kursu keçirilib. COP29 tədbirinin keçirildiyi müddət ərzində fövqəladə hallar baş verərsə, Sabunçu Tibb Mərkəzinə təhkim edilən Məhəmmədi modul tipli xəstəxanada reanimasiya və stasionar tipli olmaqla fövqəladə hallar üçün 370 çarpayı təmin edilib. COP29 tədbiri dönəmində hava-damcı yolu ilə yayılan infeksion xəstəliklərlə yoluxanlara keyfiyyətli xidmət üçün Kliniki Tibbi Mərkəzin nəzdində modul tipli xəstəxanada 10 çarpayı ayrılıb".

Vüqar Qurbanov əlavə edib ki, yanıq xəsarətləri üzrə ehtimalları nəzərə alaraq keyfiyyətli tibbi xidmət göstərmək məqsədilə Mərkəzi Neftçilər Xəstəxanasında bütün zəruri tibbi avadanlıqlarla təchiz olunmuş Yanıq şöbəsi yaradılıb:

"Zəhərlənmə ehtimalları üzrə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müvafiq tibbi xidmətin göstərilməsi üçün çarpayılar ayrılıb. Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində COP29 ilə əlaqədar Atletlər kəndində gələcək qonaqların təhlükəsizliyinin təmin edilməsi, təcili tibbi yardım xidmətlərinin təşkil olunması və tibb məntəqəsinin qurulmasına dair işlər görülüb.

Tədbir zamanı təcili tibbi yardım göstərəcək 60 briqada (həkim, orta tibb işçisi, sürücü) üçün nəzərdə tutulan əməkdaşların siyahısı hazırlanıb. Onu da qeyd edim ki, COP29 tədbiri ilə bağlı həm ayrılmış otellərdə, həm də tədbirin keçirildiyi məkanda təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmət edəcək. Bütün nöqtələr üzrə ambulanslar hərəkət edəcəyi halda isə, əvəzedici ehtiyat ambulans və briqadalar da hazır vəziyyətə gətirilib".

"Tədbirin keçiriləcəyi Bakı Olimpiya Stadionundakı həkim məntəqələrinə ingilis dili biliyi olan ixtisaslı həkim və orta tibb işçiləri cəlb edilib. COP29 dövründə Heydər Əliyev Beynəlxalq Aeroportunda tibbi xidmətin təşkil olunması ilə əlaqədar xidmət göstərəcək təcili yardım briqadaları təyin edilib. COP29 konfransına hazırlıq prosesi çərçivəsində paytaxtda nəqliyyatın idarəedilməsi üzrə keçirilən monitorinqlərdə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım briqadaları müxtəlif marşrut və ssenarilər üzrə yoxlamaları uğurla yerinə yetirib" , - deyə V.Qurbanov vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti