Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib

Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
  01 Noyabr 2024    Oxunub:814
Oktyabrın 30-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ölkəmizin Kubadakı səfirliyinin birgə təşkilatçılığı, Kuba Mədəniyyət Nazirliyi və Tarixi Havana Şəhər İdarəsinin dəstəyi ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş Azərbaycan milli musiqisi və rəqslərindən ibarət konsert proqramı keçirilib.
Havana şəhərindəki “Danza Teatro Retazos” teatrında gerçəkləşən tədbirdə Kubanın Xarici İşlər, Mədəniyyət nazirlikləri, Tarixi Havana Şəhər İdarəsi, diplomatik korpusun, eləcə də Türkiyə, Ukrayna, Qazaxıstan, Rusiya, Gürcüstan, Çili, Venesuela, Qrenada, Niger səfirliklərinin nümayəndələri, yerli ictimaiyyətin üzvləri və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə ölkəmizin Kubadakı səfiri Ruslan Rzayev açıb, Azərbaycanın zəngin mədəniyyəti, muğam və milli rəqsləri barədə qonaqlara məlumat verib, muğamın Azərbaycanın musiqi mədəniyyətində tutduğu xüsusi yeri və onun UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulayıb.

Sonra konsertdə “Simurq” muğam qrupunun solisti Mirələm Mirələmov, Elnur Mikayilov (kamança) və Əməkdar artist Kamran Kərimov (nağara), eləcə də Zəki Vəliyevin (tar) ifasında Azərbaycan muğamının inciləri səslənib. Azərbaycan Dövlət Rəqs Ansamblı tərəfindən milli rəqslərimizdən ibarət nümunələr təqdim edilib.

Tədbirdən əvvəl Havana şəhərinin mərkəzi “Plaza de Armas” meydanında da milli rəqslərimiz ifa olunub. Tamaşaçıların və yerli ictimaiyyətin böyük marağına səbəb olan konsert proqramı alqışlarla qarşılanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti