Azərbaycan İcraiyyə Şurasının üzvü oldu

Azərbaycan İcraiyyə Şurasının üzvü oldu
  05 İyul 2013    Oxunub:1316
Bern şəhərində (İsveçrə) Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 17-ci Baş Assambleyası keçirilib.
AzVision.az apa-ya istinadən xəbər verir ki, Baş Assambleyanın rəsmi açılışında İsveçrənin maliyyə naziri Evelin Vidmer-Şlumpf, İsveçrə Federal Vergi Administrasiyasının rəhbəri Adrian Huq və İsveçrə Federal Vergi Administrasiyasının rəhbərinin müavini, IOTA-nın prezidenti Samuel Tanner çıxış ediblər.

Baş Assambleyanın işində Azərbaycan Vergilər Nazirliyinin nümayəndə heyəti də iştirak edib.
Assambleyada vergilər nazirinin müşaviri Ələkbər Məmmədov «Vergi ödəyicilərinin qanunsuz davranışlarının aşkar edilməsində sosial tərəfdaşlığın rolu» mövzusunda təqdimatla çıxış edib.

Təqdimatda Vergilər Nazirliyi tərəfindən həyata keçirilən layihələr, o cümlədən könüllü əməletmənin yüksəldilməsi, vergidən yayınma hallarının qarşısının alınması, vergi ödəyiciləri ilə tərəfdaşlıq münasibətlərinin formalaşdırılması, bu istiqamətdə digər dövlət qurumları ilə əməkdaşlıq, «vergi dostları» layihəsi, yeni strateji hədəflər barədə ətraflı məlumat verilib.

Baş Assambleyanın inzibati sessiyasında Serbiya Vergi Administrasiyasının rəhbəri İvan Simiç 2013/2014-cü il üçün təşkilatın yeni prezidenti seçilib.

Assambleyada həmçinin növbəti bir illik müddət üçün IOTA-nın İcraiyyə Şurasına seçkilər keçirilib. Azərbaycanın İcraiyyə Şurasına üzvlüyünə namizədliyi irəli sürülüb və təşkilat üzvlərinin səs çoxluğu ilə Azərbaycan Vergilər Nazirliyi İcraiyyə Şurasına üzv seçilib.

«Azərbaycan Vergilər Nazirliyi MDB ölkələri arasında IOTA-nın İcraiyyə Şurasına üzv seçilmiş ilk vergi administrasiyasıdır. Təşkilatın əsas qərarverici və idarəetmə orqanı olan İcraiyyə Şurasına üzvlük Vergilər Nazirliyinin IOTA ilə əməkdaşlığının yeni mərhələsidir, həmçinin nazirliyin beynəlxalq əlaqələrinin inkişafı və nüfuzunun artırılması baxımından mühüm əhəmiyyət kəsb edir», - deyə Nazirlikdən bildirilib.

Assambleyada Vergilər Nazirliyi Beynəlxalq münasibətlər İdarəsinin rəisi Mətin Kərimli IOTA-nın icraçı katibi Miklos Kok tərəfindən «Baş əlaqələndirici şəxs qismində IOTA-ya verdiyi mühüm və dəyərli töhfələrə görə» IOTA-nın mükafatı ilə təltif edilib.

Assambleyanın işində 43 üzv ölkənin vergi orqanlarının, eləcə də 11 beynəlxalq və regional təşkilatın, o cümlədən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Beynəlxalq Valyuta Fondu (IMF), Avropa Komissiyası, Dünya Bankı, Amerika Ölkələrinin Vergi Administrasiyaları Mərkəzi (CIAT), Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin (ITIC) 150-dən çox nümayəndəsi iştirak edib.


Teqlər:  





Xəbər lenti