`Rüstəm İbrahimbəyov Eldar Namazovun kölgəsidir` - MÜSAHİBƏ
- Əli müəllim, son dövrlər qarşıdan gələn prezident seçkiləri ilə bağlı və müxalifətin milli şura qismində vahid namizədlik məsələsi gündəmdən düşmür. Bu məsələyə münasibətinizi bilmək istərdik.
- Bilirsiniz, seçki prosesi qanunvericiliklə tənzimlənir. Bu prosesə siyasi partiyalar və yaxud da siyasi partiyalar bloku qatılırlar. Milli şura adlandırılan qurum isə heç qeyri-hökumət təşkilatı statusuna da malik deyil. Milli şuraya uğursuz müxalifətin və hakimiyyətdən küskünlərin klubu desəydik yanılmazdıq.
- Bəzi ekspertlər hesab edirlər ki, vaxtilə bir sıra MDB ölkələrində baş vermiş məxməri inqilabların indi müsəlman ölkələrində, o cümlədən Türkiyədə başqa formada həyata keçirilir. Sizcə belə bir təhlükə Azərbaycan üçün də varmı?
- Vaxtilə Ukraynada və Gürcüstandakı məxməri inqilablardan bir müddət sonra Prezident İlham Əliyev bu hadisələrlə bağlı söyləmişdir ki, zaman gələcək, bu ölkələrin xalqları baş verən hadisələrə özləri qiymət verəcəklər. Həqiqətən də belə oldu. Beş-on il bundan qabaqkı “demokratik liderlər” çoxdan iflasa uğrayıblar. Çünki bir var, sosial-iqtisadi və siyasi durumdan qaynaqlanan xalq hərəkatı, bir də var xarici dairələrdən idarə olunan proseslər. Azərbaycanda isə bu cür hadisələr heç xaricdən müdaxilə olunsa da mümkün deyil. Çünki, hakimiyyət xalqın böyük əksəriyyətinin iradəsi əsasında formalaşıb və hətta sadə insanlar arasında bizim hakimiyyətdən narazı olanlar varsa da, onlar da belə Prezident İlham Əliyevə inanırlar, problemlərin həllində və gələcək islahatlarda ona ümid bəsləyirlər.
- Amma, opponentləriniz hesab edirlər ki, müxalifətin iqtidarla uzun illər uğursuz mübarizəsindən sonra Oskar mükafatı laureatı Rüstəm İbrahimbəyov Azərbaycan ziyalısı kimi üçüncü qüvvə qismində meydana çıxıb.
- Sualınıza düzəliş etmək məcburiyyətindəyəm. Rüstəm İbrahimbəyov Azərbaycan ziyalısı yox, ən yaxşı halda “ruskoyazıçnı” azərbaycanlı ziyalı ola bilər. Çünki onun yaradıcılığı belə, Azərbaycan milli müstəqillik ideologiyasına heç bir töhfə verməyib. Sizin istinad etdiyiniz Oskar mükafatına layiq görülmüş “Utomlyonnıe solntsem” filminin rejissori və həmssenaristi məşhur Nikita Mixalkovdur. Sırf bolşevik ideologiyasına xidmət edən və İbrahimbəyovu tanıdan digər bir sovet filmi “Beloye solntse pustıni” filminin ssenarisi də Valentin Yejovla birlikdə hazırlanıb. İbrahimbəyov necə ki, yaradıcılığında kimlərinsə kölgəsində uğur qazanıb, eləcə də siyasətdə də kimlərinsə kölgəsi və dəstəyi ilə uğur qazanmaq arzusundadır. Bilirsiniz, adlarını belə azərbaycanca deyə bilmədiyim və Azərbaycanda heç zaman populyar olmayan bu filmlərin ssenarisi milli və azərbaycançılıq ideyasından çox uzaqdır.
Əslində Rüstəm İbrahimbəyovun seçkilərdə Azərbaycan müxalifətinin vahid namizədi olması elə müxalifətin özü üçün növbəti ləkədir. Çünki onun Azərbaycan müxalifətinə transferi də sünu baş verib, Eldar Namazovun vasitəçiliyi ilə. Hazırda Rüstəm İbrahimbəyov əslində Eldar Namazovun kölgəsidir.
- Əgər belədirsə, bəs nə üçün Eldar Namazov özü öndə deyil?
- Çünki, bundan ötrü minimal da olsa ictimai nüfuz lazımdır. Eldar Namazov da isə heç bu da yoxdur. O özü vaxtilə Prezident Aparatında köməkçi vəzifəsində çalışıb və kargüzarlıq işi ilə məşğul olub. Onun indiki vəziyyətdə yeganə uğuru odur ki, özünün qətiyyətsizliyini, qeyri-xarizmatikliyini, liderlik keyfiyyətlərinin olmadığını başa düşür və yenə də kargüzarlıqla məşğuldur. Bu dəfə isə müxalifətin milli şurasında.
Bu gün Azərbaycan müxalifətinin elə Rüstəm İbrahimbəyovu vahid namizəd qismində görməsi bu müxalifətin əsl simasını ortaya qoymuş olur. Çünki, milli qüvvə olmadığı hər kəsə məlum olan Rüstəm İbrahimbəyovla ənənəvi müxalifətin ittifaqı hər iki tərəfin əsl simasını açmış oldu. Bu həm də Azərbaycan müxalifətinin həmişə olduğu kimi hakimiyyət uğrunda mübarizədə istənilən xarici dairələrlə danışığa getdiyini sübut edir. Bu gün bizim hakimiyyətə müxalifət olan, bizimlə ideya mübarizəsi aparan, amma xarici dairələrlə əlaqəsi olmayan müxalifətçilər özləri də bu cür ittifaqa nifrətlə yanaşırlar.
- Bütün bunlara baxmayaraq ekspertlər düşünürlər ki, Azərbaycandakı bu siyasi proseslərə Rusiya tərəfindən müdaxilə və nəzarət var. Siz necə düşünürsünüz?
- Bilirsiniz, Rusiya böyük dövlətdir və Azərbaycanla qonşudur. Eyni zamanda Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu bütün dövrdə Azərbaycan və Rusiya dost ölkəyə çevrilmişdir. Əlbəttə, Rusiya böyük dövlətdir və orada da güclü erməni lobbisi mövcuddur, onların təsiri altında fəaliyyət göstərən anti-Azərbaycan dairələri də ola bilər. Amma hesab edirəm ki, bunlar epizodik hallardır və bizim rəsmi münasibətlərə təsir edə bilməz. Qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin qələbəsi birmənalıdır. Mən həm inanıram, həm də əminəm ki, bu qələbədən sonra prezident İlham Əliyevi təbrik edəcək ilk ölkələrdən biri Rusiya və onun rəhbərliyi olacaqdır.
AzVision.az