MTRŞ monitorinqin nəticələrini açıqlayıb

MTRŞ monitorinqin nəticələrini açıqlayıb
  04 İyul 2013    Oxunub:1188
Milli Televiziya və Radio Şurası (MTRŞ) teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi ilə bağlı aparılmış monitorinqin nəticələrini açıqlayıb.
AzVision.az xəbər verir ki, monitorinqlər KİV-ə Dövlət Dəstəyi fondunun maliyyə dəstəyi, Elektron Mediaya Yardım Fondunun “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında keçirilib.

Monitorinqlər Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu elmi işçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Bəylərova, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürova tərəfindən aparılıb.

Monitorinq ANS, ATV, İTV, Xəzər, Space, Lider kanallarında yayımlanan informasiya verilişlərinin, musiqili-əyləncəli verilişlərin, şou və tok-şouların dili üzərində aparılıb.

Müşahidələr əsasən 4 sahəni əhatə edir – Fonetik normaların, leksik normaların, qrammatik normaların və üslubi normaların pozulması.

Şuranın adı çəkilən monitoroinqlə bağlı hesabatında televiziya kanallarının hər bir normaya aid yol verdiyi pozuntular barədə məlumat verilib, mənfi hallar qeyd olunub. Verilişin adı, efirə getdiyi tarix, aparıcı və səhvə yol verilən dəqiqə qeyd olunub.

Tədbirdə çıxış edən MTRŞ sədri Nuşirəvan Məhərrəmli özünün aparıcıların dilində rast gəldiyi qüsurlardan danışıb.

Şura sədri bildirib ki, telekanlarda verilişlərin 75 faizinin Azərbaycan ədəbi dilində olması tələbi hələ 2001-ci ildə qoyulub. 2008-ci ilin yanvarından isə, müəyyən istisnalar olmaqla verilişlərin tam Azərbaycan dilində olması müəyyənləşdirilib.

Dilçilik İnstitutu tərəfindən aparılan monitorninqlərdə isə aparıcıların dilində dil normalarının pozulması aşkarlanır. Dilçilik İnstitutunun monitorinqləri aparan elmi işçiləri Aytən Bəylərova və Təranə Şükürova tədbirdə hesabat məruzəsi ilə çıxış ediblər.

Qeyd edək ki, monitorinqin nəticəsi ilə bağlı hesabat kitabça şəklində çap olunub.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti