2 mindən çox əcnəbi ölkədən çıxarılıb

2 mindən çox  əcnəbi ölkədən çıxarılıb
  03 İyul 2013    Oxunub:1062
Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 52 341 nəfər əcnəbinin müraciəti qeydə alınıb.
Azərbaycan Dövlət Miqrasiya Xidməti iyun ayı ərzində 2586 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması hallarını müəyyən edib.

Qurumun mətbuat xidmətindən AzVision.az verilən məlumata görə, iyun ayı ərzində 11 nəfər əcnəbinin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan itirilmiş sənədləri yenisi ilə əvəz olunub. Bundan başqa, onlardan 293 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 2136 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 146 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 5595 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilib.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 52 341 nəfər əcnəbinin müraciəti qeydə alınıb.

Bununla, yanaşı işəgötürən tərəfindən ölkə qanunvericiliyinin tələblərini pozmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə də Xidmətin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 28 sahibkarlıq subyektlərində yoxlamalar aparılıb.

Keçirilmiş tədbirlər nəticəsində 8 sahibkarlıq subyektində əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi qaydalarının pozulması halları aşkar edilib.


Teqlər:





Xəbər lenti