Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirlərdə

Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirlərdə
  03 İyul 2013    Oxunub:1107
Baş Prokurorluğun əməkdaşları Gürcüstan və Latviyada səfərdə olublar.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın tələblərinə müvafiq olaraq Baş Prokurorluğun əməkdaşları mütəmadi olaraq korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq və regional təşkilatların proqram və layihələrində fəal iştirak edirlər.

Beynəlxalq əməkdaşlıq çərçivəsində iyunun 25-27-də Baş Prokurorluğun əməkdaşları Gürcüstan Respublikasının Batumi şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Mərkəzi Asiya üzrə regional nümayəndəliyinin Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat-GUAM ilə birlikdə "Çirkli pulların yuyulması və müsadirəsi qaytarılması ilə bağlı işlərin istintaqı üzrə səmərəli qarışıqlı hüquqi yardım" mövzusunda, həmçinin Latviya Respublikasının Yurmala şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (OSCE) təşkilatçılığı ilə "Korrupsiyanın qarşısının alınması - institusional və sektor səviyyəsində təcrübi tətbiqin və effektiv tədbirlərin artırılması" mövzusunda təşkil olunmuş seminarlarda iştirak ediblər.

ABŞ, Rusiya Federasiyası, İsveçrə, Ukrayna, Latviya, Litva, Polşa, Gürcüstan və digər ölkələrin nümayəndələrinin iştirak etdiyi tədbirlərdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin prokurorları Ramin Hüseynov, Heydər Məmmədov, Əmir Ocaqverdiyev və Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin prokuroru Rövşən Ağayev təmsil ediblər.

Hər iki tədbirdə təqdimatla çıxış edən Baş Prokurorluğun əməkdaşları ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində prezident İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində görülən işlər, həyata keçirilmiş qanunverici və institusional tədbirlər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə və bu sahədə istintaq edilmiş cinayət işləri barədə məlumatlar verməklə seminar iştirakçılarının suallarını cavablandırıb, həmçinin müzakirə olunan mövzularla bağlı səmərəli fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti