İlham Əliyev parkdakı şəraitlə tanış olub

İlham Əliyev parkdakı şəraitlə tanış olub
  03 İyul 2013    Oxunub:1348
İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda yenidən qurulmuş Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yaradılmış şəraitlə tanış olub.
AzVision.az xəbər verir ki, məlumat verildi ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı 4,5 hektar sahəni əhatə edir. Parkın yenidən qurulmasına ötən ilin avqustundan başlanmışdır. Yenidənqurma işlərinə yerli və xarici mütəxəssislər cəlb edilib.

Parkdakı yararsız tikililər sökülüb, kommunikasiya xətləri yenilənib. Parkın landşaft örtüyündə 167 növ nadir ağac, kol və bitki növlərindən istifadə edilib. Burada relyef nəzərə alınmaqla müasir üslubda hazırlanmış körpülərdən, şəlalələrdən, fəvvarələrdən, çeşmələrdən və digər kiçik memarlıq elementlərindən geniş və məharətlə istifadə olunub.

Uşaqlar üçün müxtəlif attraksionlar, yelləncəklər və digər idman və oyuncaq elementləri quraşdırılıb. Parkın mərkəzində müasir texnologiyalardan istifadə etməklə milli və dünya musiqi nümunələrindən təşkil olunmuş kompozisiyalardan ibarət musiqili fəvvarə buraya xüsusi yaraşıq verməklə yanaşı, istirahət edənlərin könlünü oxşayır.

Parkda xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası və s. inşa edilib.

Dövlətimizin başçısı parkda yaradılmış şəraiti yüksək qiymətləndirdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti