«Qarabağın Azərbaycana mənsubluğunu şübhə altına alan prezidentliyə namizəd ola bilərmi?»

«Qarabağın Azərbaycana mənsubluğunu şübhə altına alan prezidentliyə namizəd ola bilərmi?»
  03 İyul 2013    Oxunub:1094
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, deputat Əli Əhmədovun APA-ya müsahibəsi

- "Milli Şura"nın iclasında müxalifətin vahid namizədi təsdiq olundu. Rüstəm İbrahimbəyov müxalifətin vahid namizədi kimi Yeni Azərbaycan Partiyasını nə dərəcədə narahat edir?

- Öncə anlayışlarda dəqiqləşmə aparmaq istərdim. Rüstəm İbrahimbəyov "Milli Şura"nın vahid namizədi təsdiq olunub. "Milli Şura" bütün müxalifəti təmsil etmir və deməli, onun adından qərar çıxarmaq səlahiyyətində deyil. İkincisi, ayrı-ayrı müxalifət partiyaları öz namizədini irəli sürüb və seçkidə öz namizədi ilə iştirak etmək niyyətini gizlətmir. Seçkilərə rəsmi start verilməsinə az qalıb və biz yaxın zamanlarda namizədlərlə bağlı həqiqi mənzərənin şahidi olacağıq. Bu gün isə məlum olan budur ki, hansısa məcburiyyət sanki ənənəvi müxalifətin bir qismini bir araya toplaşmağa vadar edir. Müxalifətin bəzi təmsilçilərinin mətbuata verdiyi açıqlamalarda müəyyən işarələr açıq görünməkdədir.

Uzun illərdir İsa Qəmbər və Əli Kərimli müxalifətin vahid namizədi olmağa çalışsa da, buna nail ola bilmədilər. Daim "xalqın dəstəyindən" dəm vuran nə Qəmbər, nə də Kərimli bu dəstəyi ala bildi. İndi onların hər ikisi sakitcə, kənardan gətirilən birisinin ətrafında birləşdiklərini bəyan edirlər. Düşünmürəm ki, onların Rüstəm İbrahimbəyovun ətrafında birləşib "sədaqət andı" içməsi onun xarizmasının təsiri altında baş verib. Görünən odur ki, belə tapşırıq alıblar və həmişə olduğu kimi, tapşırığı yerinə yetirirlər. Heç özləri də bunu gizlətmirlər və Pənah Hüseynin dili ilə əsl həqiqətin nədən ibarət olduğunu ifadə edirlər. Sadəcə fərq ondadır ki, indi Rüstəm İbrahimbəyovun ətrafında birləşmək haqqında tapşırıq başqa mərkəzdən verilir. Görəsən, Rüstəm İbrahimbəyovu "vahid namizəd" seçib ona sədaqət andı içən İsa Qəmbər və Əli Kərimli fikirləşiblərmi, Qarabağın Azərbaycana mənsub olduğunu şübhə altına alan birisinin Azərbaycanın prezidentliyinə namizədliyini irəli sürməyə mənəvi haqqı çatırmı? Müxalifətin anlamında milli maraq, müstəqillik, demokratiya gözə kül üfürməkdir. Ancaq xalq hər şeyi görür, dərk edir və lazımi nəticə çıxarır. Satılanları xalq sevmir. Rustəm İbrahimbəyovun "vahid namizəd" kimi Yeni Azərbaycan Partiyasını "narahat" etməsi məsələsinə gəldikdə, onu deyə bilərəm ki, güclər balansında fərq o qədər böyükdür ki, bu "narahatlıq" barədə düşünməyə belə dəyməz.

Namizədin şansı onun ictimai dəstəyi ilə müəyyən olunur. Rüstəm İbrahimbəyov nədənsə dəstəyini sanki xaricdə axtarır, necə deyərlər, turne təşkil edir, xaricdə görüşlər keçirdiyi barədə məlumatlar yayır. Onun bu sayaq görüşləri varmı-yoxmu, bir yana qalsın, ancaq belə görüşlərin Azərbaycanda prezident seçkilərinə nə dəxli var? Prezident seçkilərinin taleyini həll etmək səlahiyyətində olan yeganə subyekt Azərbaycan xalqıdır. Yeni Azərbaycan Partiyasının namizədinin gücü xalqın dəstəyindədir. Xalqın böyük əksəriyyətini dəstəkləməyə həvəsləndirən Azərbaycanın 10 illik əzəmətli inkişaf tarixi kimi etibarlı əsas var. Əks tərəfin ortaya qoyacağı heç nə yoxdur. İnsanların artıq çoxdan inanmaq istəmədiyi mənasız vədlərdən savayı...

- "Milli Şura"nın kənardan gətirilmə ideya olması barədə söhbətlər səngimir. Bu söhbətlərin nə qədər əsası var?

- Bu suala ətraflı cavab verməyi o qədər də aktual hesab etmirəm. Ən azından ona görə ki, bu məsələ Azərbaycanda hamıya bəllidir. "Milli Şura"nın üzvləri arasında da elələri var ki, bu məsələ ilə bağlı açıqlamalar verib, əslində onu təsdiqləyiblər. İstənilən halda, xalqın iradəsindən kənar hər hansı ideyanın Azərbaycanda dərin kök atması inandırıcı görünmür. Müxalifətin xarici amilə meyilli olması yenilik deyil. Siyasi ambisiyalarının reallaşması üçün daxili qüvvələrdən dəstək qazana bilməyənlər köməyi xaricdə axtarırlar. Mən bunu yolverilməz və təhlükəli hesab edirəm. Bununla yanaşı, indiki halda bu cür cəhdlərin Azərbaycanın daxili siyasi həyatına ciddi təsir göstərmək imkanlarını böyük hesab etmirəm.

- "Milli Şura"nın keçid dövrü, müvəqqəti prezident, parlamentin buraxılması və sairlə bağlı hazırladığı fəaliyyət proqramına münasibətiniz necədir?

- "Milli Şura" adından elan edilən və haqqında danışdığınız fəaliyyət proqramı Azərbaycanı siyasi cəhətdən geriyə çəkmək cəhdlərindən başqa bir şey deyil. Azərbaycan 20 ildir müstəqil dövlətdir, mütəmadi olaraq Konstitusiyaya uyğun seçkilər keçirilir. Ölkəmiz Avropa Şurasının üzvüdür, Avropa İttifaqı ilə bir çox layihələrdə yaxından iştirak edir, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilib. Azərbaycan kamil bir dövlətdir, sürətlə inkişaf edir, dünya birliyinin layiqli üzvüdür. Azərbaycanda keçid dövrü hökuməti yaratmaq söhbəti, səmimi deyirəm, ölkəyə atılan ən böyük və ən çirkin böhtandır. Bunu ancaq Azərbaycanı istəməyən, onu ləkələmək niyyətində olanlar edə bilər. Bu cür təkliflərin müəlliflərinin hərəkətinə ancaq təəssüflənmək olar. Parlamentin buraxılmasına gəldikdə isə, sadəcə, bu barədə danışanların hüquqi nihilizmindən irəli gəlir. Azərbaycanda parlamenti buraxmaq mexanizmi yoxdur. Hesab edirəm ki, parlamenti buraxmaq mexanizminin olmaması Azərbaycanın siyasi sisteminin sabitliyinin ən mühüm göstəricilərindən biri hesab olunmalıdır. "Milli Şura"nın qəbul etdiyi fəaliyyət proqramı siyasi dəyişikliklər deyil, dağıdıcılıq proqramıdır. Bu cür proqramlar əsasında bir çox ölkələrdə fəlakətlərə səbəb olmuş ssenarilər həyata keçirilib. Həmin ssenarilərin acısını xalq çəkir. Lakin Azərbaycanda belə ssenarilərin baş tutması mümkün deyil. Nə dövlət buna imkan verər, nə də xalq. Azərbaycan xalqı mövcud sabitliyi yüksək qiymətləndirir və qoruyur.


Teqlər:  





Xəbər lenti