Milli Şuranın `riskli` vahid namizədi

Milli Şuranın `riskli` vahid namizədi
  02 İyul 2013    Oxunub:1081
İsa Qəmbər: `Rüstəm İbrahimbəyov ölkəyə gəlməsə, seçkidən kənarda qalmalı deyilik`
Müsavat Partiyasının qərargahında Milli Şuranın iclası keçirilib. Gündəlikdəki əsas məsələ vahid namizədi seçmək isi. İclasa AXCP sədri Əli Kərimli sədrlik edib.

Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov bildirib ki, Rüstəm İbrahimbəyovun Milli Şuranın yaradılması ideyasını verməsi onu lider kimi önə çıxarıb. Dünən “El” Hərəkatının Ali Məclisinin iclası keçirilib və İbrahimbıyovun vahid namizədliyinin dəstəklənməsi barədə qərar qəbul edilib: “Bizim qərarımız odur ki, Milli Şuranın vahid namizədi də, əsas namizədi də, ehtiyat namizədi də Rüstəm İbrahimbəyov olmalıdır”.

Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi Arif İsmayılbəyli bildirib ki, Azərbaycanın milli qüvvələrinin öz aralarından vahid namizəd seçməlidirlər. “Mən təəssüf edirəm ki, bu olmadı. Ancaq indi mən məcburam ki, tanımadığım, heç vaxt münasibətim olmayan bir nəfərin vahid namizəd olmasına səs verəm”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib ki, demokratik düşərgənin vahid əsas namizədi siyasi partiyalardan kənar ziyalılardan biri ola bilər: “Biz bəyan etmişik ki, bu namizəd Rüstəm İbrahimbəyov ola bilər. Ad da çəkmişik. Müsavat Partiyası üçün Milli Şuranın vahid namizədinin Rüstəm İbrahimbəyov olması prioritetdir. Bizim qərarımız bu yöndədir”.

İ.Qəmbər qeyd etdi ki, R.İbrahimbəyovun vahid namizəd seçilməsinin riskli tərəfləri də var: “Rüstəm müəllim ölkəyə gələcəkmi? Mən ümid edirəm ki, Rüstəm müəllim bir aydan sonra “100 minlik mitinq keçirilsin, mən gələcəm”, “namizədliyim qeydiyyata alınsın, gələcəm” deməyəcək. Rüstəm müəllim deyir, ayın axırına qədər ölkəyə gələcək. Biz buna ümid edirik. İkinci bir risk namizədin qeydə alınmaması məsələsidir. Vahid namizədin qeydə alınmaması müxalifətin seçkidən kənardan qalması deməkdir. Bu, Milli Şuranın bəyannaməsinə ziddir. Biz elə etməliyik ki, Milli Şuranın seçkidən kənarda qalmasına səbəb olmayaq”.

Qəmbər deyib ki, Milli Şuranın seçkilərdən kənarda qalmaması üçün Müsavat Partiyasının 4 yanvarda qəbul etdiyi seçki qərargahının yaradılması qərarı qüvvədə qalır.

AzVision.az


Teqlər:  





Xəbər lenti