Sumqayıtın ilk xəbər portalı 1 yaşında

Sumqayıtın ilk xəbər portalı 1 yaşında
  29 İyun 2013    Oxunub:1534
İyunun 28-də Sumqayıtın ilk və yeganə xəbər portalı olan “Xəbərlə”nin (www.xeberle.com) 1 yaşı tamam olub.
AzVision.az xəbər verir ki, bu münasibətlə Sumqayıtda “Turan” restoranında baş tutan tədbirdə ölkənin və Sumqayıtın tanınmış ziyalıları, idarə və müəssisə rəhbərləri, KİV nümayəndələri, QHT rəhbərləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Öncə söz “Xəbərlə”nin təsisçiləri Ramil Zeynallı, Elnur Ağayev və Kamal Almuradlıya verilib. Qonaqları salamlayan təsisçilər qısaca portalın yaranma zərurətindən, əsas fəaliyyət və məqsədlərindən, əməkdaşlıq edən portnyorlarından, həmçinin “Xəbərlə”nin gələcək plan və perspektivlərindən söz açıblar. Daha sonra Sumqayıtın qocaman media mənsubu, əməkdar jurnalist “Sumqayıt” qəzetinin baş redaktoru Qüdrət Məlikov çıxış edərək “Xəbərlə” portalının şəhərin media sferasında artıq diqqətçəkici işlər gördüyünü, ətrafına xeyli sayda oxucu topladığını qeyd edərək kollektivə uğurlar dilədi. Əlavə etdi ki, “Xəbərlə” portalında mütəmadi olaraq Sumqayıtın tarixini əks etdirəm müxtəlif foto və videomaterialların təqdim olunması çox gözəldir.

“Bu materiallarda portal əməkdaşları çalışırlar ki, şəhərin tikilib-qurulmasından üzü bu yana bütün dövrləri və məqamları əks etdirsinlər. Hər bir materialla bağlı xüsusi şərh və tanıtım yönlü informasiya da təqdim olunur. Təbii ki, bu cür foto və videolar şəhər sakinləri, xüsusən Sumqayıtın yaşlı sakinləri tərəfindən böyük maraqla qarşılanır, hətta insanda nostalji hisslər yaradır”, - deyə Q.Məlikov bildirib.

Ardınca ARDNŞ “Azərikimya” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Rəhman Orxan söz alaraq “Xəbərlə” xəbər portalının qısa zaman ərzində Sumqayıtda, eləcə də ölkə mediası arasında populyarlaşmasından söz açıb. O qeyd edib ki, Sumqayıtda, eləcə də respublikamızda fəaliyyət göstərən ən böyük dövlət müəsssisələrindən biri də ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyidir ki, qurum “Xəbərlə” portalı ilə mütəmadi olaraq əməkdaşlıq edir, portalda şirkətin gördüyü işlər və tədbirlər haqda məlumatlar təqdim olunur.

Görkəmli media mütəxəssisi, jurnalistika elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli çıxış edərək "Xəbərlə" portalının təsisçilərini çox yaxşı tanıdığını, onların istedad və peşəkarlığına yaxşı bələd olduğunu vurğuladı. Professor qeyd etdi ki, “Xəbərlə” artıq 1 ildir ki, nəinki Sumqayıtda, eləcə də ölkəmizdə və regionda baş verən hadisələri oxucularının diqqətinə opreativ və dolğun şəkildə çatdırmağa çalışır.

“Portalın əsas məqsədi, əsasən, Sumqayıt şəhərinin ictimai, siyasi, sosial və mədəni həyatında baş verən olayları: yenilik, dəyişiklik və problemləri oxucularına təqdim etməkdir. Amma portal bununla kifayətlənməyərək ümumən ölkədə, bölgələrimizdə və dünyada baş verən ən mühüm xəbərləri də işqlandırmağı məqsədəuyğun hesab edir. "Xəbərlə" gündəlik xəbər yayımı və istehsalı ilə bərabər, oxucularına həm də müxtəlif video və fotoreportajlar, araşdırmalar, müsahibələr, sosioloji rəy sorğuları, siyasətdən şou-biznesə, idmandan texnologiyalara qədər geniş bucaqda materiallar təqdim edir. Portal ilk öncə xəbəri dolğun və tərəfsiz çatdırmağı qarşısına məqsəd qoyub. Belə görünür ki, portalın əsas məqsədlərindən də biri Sumqayıtla bağlı ən son, eksklüziv xəbərlərin əsas yayıcısına çevrilməkdir.”, - deyə Q.Məhərrəmli söyləyib.

Tanınmış media mütəxəssisi, Demokratik Jurnalistlər Liqasının prezidenti Yadigar Məmmədli öz çıxışında portalın daim Sumqayıtda baş verən problemləri operativ və müstəqil şəkildə işıqlandırdığını söyləyib. “ Portal xüsusən, Sumqayıtdakı yaşıllıqların məhvinə, ağacların kəsilməsinə kəskin, qəti etiraz bildirib, bu olayları manşetlərində işıqlandırıb. Məsələn, C.Cabbarlı adına Mədəniyyət Evinin qarşısındakı və “Sumqayıt” şadlıq evinin yanındakı ağacların kəsilməsini “Xəbərlə” operativ şəkildə işıqlandırdı, olayı respublika səviyyəsində ictimailəşdirdi, ölkənin bir çox media qurumları da bu haqda məlumatı verdi. Nəticədə sosial narazılıq artdı və dərhal şəhər icra başçısı olaya reaksiya bildirdi, həmçinin günahkarların cəzalandırılacağını vurğuladı.”, - deyə Y.Məmmədli söyləyib.

AGAT təşkilatının sədri Gülsel Səfərova söz alaraq “Xəbərlə”də istənilən dövlət qurumunun, QHT-lərin mövqe və hesabatlarını, həmçinin fərd olaraq istənilən ictimai problemləri təqdim etməyin mümkün olmasını deyib. Bunun üçün hətta xüsusi olaraq "Xəbər göndər" bölməsinin də mövcudluğunu təqdirəlayiq hesab edib. Əlavə edib ki, "Xəbərlə" portal olmasına baxmayaraq, Sumqayıtla bağlı materailların əksəriyyəti öz məhsulu olur və bunun məntiqi davamı kimi, dəfələrlə ölkənin aparıcı elektron və çap media qurumları “Xəbərlə”yə istinadlar ediblər. G.Səfərova bundan sonra da portalın QHT-lərlə sıx əməkdaşlıq edəcəyinə, onların materiallarının portalda işıqlandırılacağına inandığını söyləyib.

Tədbirdə çıxış edən digər natiqlər də “Xəbərlə” portalının bir illik fəaliyyəti ərzində əldə etdiyi uğurlardan söhbət açıb, portala gələcək fəaliyyətində müvəffəqiyyətlər, ölkənin media sferasında daim etibarlı, obyektiv xəbər yayıcısı kimi tanınmasını arzu ediblər. Tədbirin bədii hissəsi gənc ifaçıların ifası ilə, maraqlı musiqili proqramla davam edib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti