Qazax Rayon Polis Şöbəsinin yeni binası açılıb
Ən müasir standartlara uyğun olan binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilib, Növbətçi hissə, yeməkxana və digər xidməti otaqlar istifadəyə verilib, həyətdə su hövzəsi tikilib. Yeni tikilidə 47 xidməti otaq, 100 yerlik akt zalı vardır. Binada ventilyasiya, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb. Ərazi hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.
Mərasim iştirakçıları Növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilib, virtual dərs keçirilməsi üçün nəzərdə tutulmuş tədris otağına, akt zalına, Müvəqqəti Saxlama Yerinə baxıb, binanın ikinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.
Çıxış edənlər görülən işləri yüksək qiymətləndirib, Qazax RPŞ-nin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daxili işlər orqanlarının lazımi texniki vasitələr və avadanlıqlarla təchizatına, şəxsi heyətin iş şəraitinin daha da yaxşılaşmasına xüsusi diqqət yetirir. Polis şöbəsinin yeni binasının istifadəyə verilməsi də şəxsi heyətə dövlət qayğısının növbəti əyani təzahürüdür.
Tədbirdə respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov iştirak ediblər.