“Azərbaycan Gənclər Siyasəti regionun ən uğurlu modelidir”

“Azərbaycan Gənclər Siyasəti regionun ən uğurlu modelidir”
  28 İyun 2013    Oxunub:1370
“Digər ölkələrdə reallaşan gənclər siyasəti ilə müqayisə etdikdə, bir çox ölkələr tərəfindən Azərbayacan Gənclər Siyasətinin inkişaf modelinin regionun ən uğurlu modellərindən biri hesab edilməsi başa düşüləndir ”.
“Bir çox ölkələr Azərbaycan Gənclər Siyasətinin inkişaf modelini regionun ən uğurlu modellərindən biri hesab edirlər”. AzVision.az xəbər verir ki, bunu ölkədə aparılan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə Gənclər Siyasəti ilə bağlı aparılan işlərə münasibətində deyib.

“Ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Avropa Gənclər Forumu, Pan-Afrika Gənclər Birliyi, MDB ölkələrinin gənclərlə iş üzrə komitəsi, Şərq Tərəfdaşlığı ölkələri, GUAM ölkələrinin və digər bu kimi beynəlxalq gənclər platformaların müxtəlif tədbirlər, layihələr və proqramlarda iştirak edərək, bir sıra ölkələrin ictimai və dövlət sektorunu təmsil edən nümayəndələrinin çıxışlarının şahidi olur. Regionun müxtəlif ölkələrinin gənclər siyasətini müqayisə etdikdə müşahidə edirsən ki, ölkəmizdə keçirilən gənclər siyasəti regionun ən effektiv Gənclər Siyasətidir. Bunun digər ölkələr tərəfindən də qeyd olunması insanda xüsusi bir qürur hissi yaradır”.

Ş.Seyidzadə bildirib ki, bu günlərdə, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Polşa, Belarusiya, Moldova, Almaniya, Avstriya və Belçika ölkələrini təmsil edən müxtəlif ekspertlər, dövlət və ictimai sektordan olan nümayəndələrin iştirakı ilə təşkil olunan Şərq tərəfdaşlığı programının yeni layihəsinin təqdimatı zamanı, həm plenar iclaslarda, həm də işçi qruplarda dəfələrlə Azərbaycan Gənclər Siyasətinin inkişaf modeli uğurlu bir model kimi qeyd olunub.

“Əgər illər əvvəl öz ölkəmizi təmsil edən nümayəndələr ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən bəhs edirdilərsə, artıq bir çox ölkələr özləri Azərbaycan Gənclər Siyasətinin inkişaf modelini regionun ən uğurlu modellərindən biri olduğunu vurğulayırlar. Sözsüz heçnə ideal deyil, amma muqayisə etdikdə, həqiqətən ölkəmizin bu sahədə hansı uğurlara imza atdığını görürsən. Bugün, bir çox ölkələrdə birbaşa gənclərlə məşğul olan nazirlik, təsdiqlənmiş gənclər proqramı və strategiya, Avropa Gənclər Fondunun ümumi büdcəsindən 1,5 dəfə çox büdcəyə malik Gənclər Fondu, gənclərin xaricdə oxumasını dəstəkləyən proqram, dövlət və gənclər sektoru arasında güclü əməkdaşlıq mövcud deyil.

Ölkə rəhbəri gənclərlə mütəmadi olaraq görüşlər keçirən, ölkə gənclərinin problemləri və gələcək illər üçün baxışlarını öyrənən, bu təkliflərin dövlət proqramına daxil edilməsi və proqramın icrasında gənclər və gənclər təşkilatlarının iştirakını təmin edən ikinci bir ölkə yoxdur. Digər ölkələrdə reallaşan gənclər siyasəti ilə müqayisə etdikdə, bir çox ölkələr tərəfindən Azərbayacan Gənclər Siyasətinin inkişaf modelinin regionun ən uğurlu modellərindən biri hesab edilməsi başa düşüləndir .”

AzVision.az



Teqlər:





Xəbər lenti