Deputatlarımız ATƏT PA-da nədən danışacaq?

Deputatlarımız ATƏT PA-da nədən danışacaq?
  27 İyun 2013    Oxunub:1147
Millət vəkilləri Türkiyənin İstanbul şəhərində səfərdə olacaqlar
Milli Məclis Sədrinin müavini, Azərbaycan parlamentinin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlarımız ATƏT PA-nın 22-ci yay sessiyasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdə olacaqlar.

Nümayəndə heyətinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, deputatlar Azay Quliyev və Ağalar Vəliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev daxildirlər.

Sessiya çərçivəsində ATƏT PA-nın Daimi komitəsinin iclası olacaq. Daha sonra qurumun Təhlükəsizlik və siyasi məsələlər, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit, Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi Komitələrinin iclasları keçiriləcək.

Plenar iclaslarda və Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə keçiriləcək digər tədbirlərdə ATƏT PA-nın üzvləri arasında dialoqun və əməkdaşlığın dərinləşməsi, dünyada irqçilik, ksenofobiya və dözümsüzlük problemləri müzakirə olunacaq, gender məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova, eləcə də nümayəndə heyətimizin üzvləri bütün müzakirələrdə yaxından iştirak edəcək, təkliflərini qurum üzvlərinin nəzərinə çatdıracaqlar. Azərbaycan parlamentariləri sessiyanın gündəliyindəki məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.


Teqlər:  





Xəbər lenti