8996 nəfər ixtisas seçiminə buraxılıb

8996 nəfər ixtisas seçiminə buraxılıb
  27 İyun 2013    Oxunub:1032
Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlandı.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, Komissiya tərəfindən 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına iyunun 23-də keçirilmiş qəbul imtahanlarının ikinci mərhələsinin nəticələri açıqlanıb.

Bakalavrlar ikinci mərhələdə onlara təqdim olunmuş test tapşırıqlarının (bəzi proqramlar üzrə isə yazılı imtahanın) nəticələri ilə bağlı məlumatı Komissiyanın rəsmi internet saytı ilə yanaşı mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərməklə öyrənə bilərlər.

2013-cü ildə magistratura səviyyəsinə qəbul 60 proqram üzrə aparılır və 6794 plan yeri ayrılıb.

İmtahanda iştirak edən 11274 bakalavrdan 8996 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.

İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 144 bal olub.

Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 27-dən 30-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər.

Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Qəbul aparılan ixtisaslaşmaların siyahısı "Magistr" xüsusi buraxılışının 2013-cü il 4-cü sayında təqdim olunmuşdur.

Həmin jurnalı TQDK-nın qarşısındakı “Abituriyent” köşkündən almaq və ya elektron versiyasını (pdf) www.abiturient.az saytında “TQDK-nın nəşrlərinin elektron satışı sistemi” vasitəsi ilə yükləmək mümkündür.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün TQDK-da Apelyasiya komissiyası yaradılmışdır. Bakalavrlar Apelyasiya komissiyasına iyunun 27-də və 28-də şəxsən şəxsiyyət vəsiqələrini təqdim etməklə müraciət edə bilərlər.


Teqlər:  





Xəbər lenti