“Cəmiyyətdə sağlam həyat tərzi cəlbedici deyil”

  25 İyun 2013    Oxunub : 557
“Cəmiyyətdə sağlam həyat tərzi cəlbedici deyil”
“Təhlükəli hal ondan ibarətdir ki ,bütün dünyada, narkomaniya artıq yetkinlik yaşlarına çatmayanların da problemidir”.
“Təəssüflər olsun ki, orta məktəblərdə, bir sıra hallarda ali məktəblərdə ümumiyyətlə idman dərsi və idman vərdişləri müvcud deyil”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Bakıda keçirilən "Narkotiklətə Qarşı Təbliğat" İctimai Birliyi və Gənclər və İdman Nazirliyi tərəfindən "Narkomanlıqla mübarizədə gənclərin rolu" mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, Azərbaycan bu sahədə beynalxalq konvensiyalara qoşulan ilk ölkələrdəndir.

“2002-ci ildə “Narkoloji nəzarət haqqında” və 2005-ci ildə “Narkotik vasitələrin dövriyyəsi haqqında” qanun qəbul olunanda inanmırdım ki, yalnız bu qanunların qəbulu vəziyyəti yaxşılaşdıra bilər. Hətta sərt sanksiyalar və onların hüquq mühafizə orqanları tərəfindən ciddi tətbiqi belə vəziyyəti istənilən səviyyədə dəyişdirmir. Biz narkomaniya ilə mübarizəyə həsr olunmuş qanunun müzakirə edərkən, bir sıra həmkarlarımız narkomanlara, narkomaniyaya daha çox hüquqi, cinayət kontekstindən yanaşırdılar, biz onlara daha çox sosial səhiyyə və həmçinin xəstə gözündən baxırdıq. Bu qanun qəbul olundu və hesab edirəm ki, biz müasir dünyanın tutduğu yanaşmaya çevrildik, nəticələr isə gələcəkdə olacaq. Azərbaycan bu sahədə beynalxalq konvensiyalara qoşulan ilk ölkələrdəndir. Belə ki, hüquqi baxımdan bizim yaxşı bazamız var. Bir hüquqşünas kimi bu nəticəyə gəlmişəm ki, narkoman və narkomaniyaya qarşı mübarizə daha çox sosial və mədəni bir problemdir .Statistikaya görə narkomaniyaya qurşananların 17 faizi gənclərdir, amma unutmaq olmaz ki, əslində narkomaniyaya düçar olanların çoxu buna gənclik yaşlarında düçar olublar”.

Milli Məclisin üzvü bildirib ki, narkomaniya ilk növbədə gənclərlə bağlı problemdir:

“Amma təhlükəli hal ondan ibarətdir ki ,bütün dünyada, narkomaniya artıq yetkinlik yaşlarına çatmayanların da problemidir. Eyni zamanda müasir hüquq elmi onu göstərir ki, ənənəvi olaraq keçid dövründə, iqtisadi baxımdan az inkişaf etmiş ölkələrdə narkomaniya problem idisə ,artıq müəyyən rifah halına çatmış ölkələr üçün də narkomaniya problemdir.Hesab edirəm ki, ilk növbədə gənclər ancaq yaxşı şəxsi nümunə ilə vəziyyəti dəyişdirə bilərlər”.

Ə.Hüseynli təəssüflə qeyd edib ki, cəmiyyətimizdə sağlam həyat tərzi, ümumiyyətlə yaxşı vərdişlərin təbliği cəlbedici deyil. Millət vəkili qeyd edib ki, bu gəncləri o qədər də maraqlandırmır:

“Ölkəmiz son illər idmanda böyük uğurlar əldə etsədə, kütləvi idman növlərində geriləmə hiss olunur. Təəssüflər olsun ki, orta məktəblərdə, bir sıra hallarda ali məktəblərdə də ümumiyyətlə idman dərsi və idman vərdişləri müvcud deyil. Hesab edirəm ki, indiki dövrdə idmanı orta və ali səviyyədə bərpa etmək lazımdır”.

Günəş Fərhadlı
Anar Kəlbiyev

Teqlər: