Vətəndaşlar məhkum olunub-olunmadığına dair arayışları necə ala bilər?
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, "Şəxslərə məhkumluğun olması (olmaması) barədə arayışların verilməsinə dair" qəbul olunmuş Təlimatın tələblərinə əsasən, belə arayışları vətəndaşlar DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən, şəhər, rayon polis idarə və şöbələrindən, habelə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyindən, eyni zamanda, “ASAN xidmət” mərkəzlərindən ala bilərlər.
Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir. Müraciətdə aşağıdakı məlumatlar əks etdirilir:
Ərizəçinin soyadı, adı, atasının adı; doğulduğu yer, tarix; vətəndaşlığı və yaşadığı ünvan; şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verilmə tarixi və orqan.
Hər bir fiziki şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.
Şəxsin özünün iştirakı mümkün olmadıqda, onun ərizəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada etibarnamə ilə müvəkkil etdiyi şəxs tərəfindən təqdim olunur. Məhkumluq haqqında arayış ərizəçiyə və yaxud onun müvafiq qaydada müvəkkil etdiyi şəxsə təqdim olunur. Müraciətə 1 iş günü ərzində baxılır. Müraciətin baxılma müddəti onun orqana (“ASAN xidmət” mərkəzlərinə) daxil olduğu gündən hesablanır.
"Şəxslərə məhkumluğun olması (olmaması) barədə arayışların verilməsinə dair" Təlimat ilə daha ətraflı DIN-in İnternet saytının "Faydalı məlumatlar" bölümündə tanış olmaq olar.
AzVision.az