“Narkotik satan Azərbaycan dövlətçiliyinin əleyhinə işləyir”

  25 İyun 2013    Oxunub : 409
“Narkotik satan Azərbaycan dövlətçiliyinin əleyhinə işləyir”
“Bu bəlaya düşmüş insanlarla, onların bərpası ilə məşğul olan ayrı proqramlarımız var”
“Bizim əsas vəzifəmiz odur ki, gəncləri maarifləndirək, gənclər üçün elə bir şərait yaradaq ki, onların sağlam, asudə vaxtları olsun”. AzVision.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev Bakıda keçirilən "Narkotiklətə Qarşı Təbliğat" İctimai Birliyi, Gənclər və İdman Nazirliyi tərəfindən "Narkomanlıqla mübarizədə gənclərin rolu" mövzusunda keçirilən konfransda deyib.

Nazir müavini bildirib ki, bu problem nazirliyi ciddi narahat edir.

“Bu bir faiz olsa belə böyük və geniş əhatəli bir problemdir. Burada həm cinayət var, həm də bu məsələ səhiyyə, iqtisadiyyat və sosial problemlə bağlıdır. Narkomanlıq milli genofondumuza təsir edən məsələdir. Bu baxımdan biz bilavasitə gənclərlə işləyən bir dövlət qurumu olaraq özümüzə vəzifə borcu bilirik ki, hər zaman bu sahədə çalışaq, qabaqlayıcı profilaktik tədbirlər görək.

İ.Babayev bildirib ki, gənclərin enerjisi sağlam işlərə yönəlməlidir ki, bu bəladan, qeyri-sağlam mühitdən canlarını qurtara bilsinlər və ümumiyyətlə bu barədə düşünməsinlər.

“Bununla mübarizəni ayrı-ayrı nazirliklər, qurumlar deyil, cəmiyyət səfərbər olaraq çiyin-çiyinə birgə mübarizə aparmalıdır. Hər zaman gənclər təşkilatlarına dəstək olan proqramlara dəstək vermişik. Çalışırıq ki, Bakıda və regionlarda keçirilən tədbirlər sadəcə olaraq hansısa hesabatın xətrinə olmasın. Biz çalışırıq ki, gənclərin narkomanlıqdan uzaqlaşmasına maksimum dərəcədə kömək göstərək. Keçirilən tədbirlərdə gənclərə narkomaniyadan uzaq olmağı, siqaret çəkməməyi tövsiyə edirik. Bu fikirləri 100 gəncdən biri qəbul etsə bu, böyük işdir. Çalışmaq lazımdır ki, gördüyümüz işlər onlara şüuraltı təsir göstərsin”.

Nazir müavini qeyd edib ki, dünən yeni bir dövlət proqramımız təsdiq olunub. Onun sözlərinə görə, orada ayrıca olaraq digər müvafiq dövlət qurumları ilə yanaşı, gənclər nazirliyinin də üzərinə düşən vəzifələr var.

“Gənclər arasında maarifləndirici tədbirlərin görülməsi nəzərdə tutulur. Xüsusi olaraq gənclər siyasətində, ümumiyyətlə sağlam həyat tərzinin təbliği, ən əsas istiqamətlərdən biri olduğu üçün ,bizim bu günə qədər gənclərlə bağlı qəbul olunmuş iki dövlət proqramında gənclərin sağlamlığı xüsusi yer tutur. Həm 2005-2009 cu illəri əhatə edən dövlət proqramında, həmdəki hal-hazırda icrada olan 2011-2015-ci illəri əhatə edən dövlət proqramımızda ayrı-ayrı fəsillər bəndlər var ki, sırf gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, narkomanlığın, AİDS, tütün çəkmə və digər neqativ halların profilaktikası ilə bağlı tədbirləri nəzərdə tutur. Burada məqsəd ondan ibarətdir ki, müstəqil dövlətimizdə, müstəqil sağlam gəncliyə ehtiyac var. Gənclər bu ölkəni sabah yaşadacaq gücdür. Azərbaycanda narkotiki satan insana qarşı sadəcə hansısa cinayətkar kimi yox, ona Azərbaycan dövlətçiliyinin əleyhinə işləyən bir insan kimi baxıram. Artıq bu bəlaya düşmüş insanlarla, onların bərpası ilə məşğul olan ayrı proqramlarımız var”.

Günəş Fərhadlı
Anar Kəlbiyev


Teqlər: