Prokurorluq cinayətlərin üstünü açdı

Prokurorluq cinayətlərin üstünü açdı
  19 Fevral 2013    Oxunub:1751
İstintaqı tamamlanmış cinayət işləri məhkəmələrə göndərilib.
Xəbər verildiyi kimi “Bank Olmayan Kredit Təşkilatı Caspian İnvest” MMC-nin vurulmuş maddi ziyanın qaytarılması barədə müraciəti üzrə Ağdam rayon məhkəməsi tərəfindən çıxarılmış xüsusi qərarda da Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində baxılmış və fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, məyyən olunub ki, MMC-nin kredit işçisi Əliyev İba Mərdan oğlu 2010-cu ilin avqust ayından 2011-ci ilin yanvar ayınadək olan dövr ərzində ona etibar edilmiş külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə Cəmiyyətin xəzinədarı Göyüşov Taryel Camal oğlu və Ağdam rayon sakini Əmirov Ceyhun Əli oğlu ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vətəndaşların adlarına saxta kreditlər rəsmiləşdirməklə 30 min 600 manat məbləğində özgə əmlakını mənimsəmə yolu ilə talayıblar.

İ.Əliyev, T.Göyüşov və C.Əmirov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddə ilə ittiham elan edilib və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bundan başqa Nəsimi rayon Qaz istismarı idarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Bakı Apellyasiya Məhkəməsinin təqdimatına Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində baxılmış və toplanmış material üzrə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, Osmanov Yaşar Qiyas oğlu 2006-cı ilin iyul ayından 2009-cu ilin mart ayınadək olan dövr ərzində Nəsimi rayon Qaz istismar idarəsinin rəisi vəzifəsində işləyərkən cəmiyyətin rəhbərliyi qarşısında özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, idarənin xidməti ərazisində fəaliyyət göstərən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna faktiki olaraq 1 yanvar 2008-ci il tarixə 31 min 444 manat məbləğində borcu olmasına baxmayaraq, xidməti ərazidə təbii qaz itkisinin normadan artıq olması faktını gizlətmək, eyni zamanda çatışmayan təbii qazın dəyərinin institutun hesabından ödənilməsi üçün, institutun guya qeyd edilən tarixə 249 min 973 manat məbləğində borcu olması barədə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

Y.Osmanov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham elan edilmiş və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilib.

Digər cinayət işi Yardımlı qəsəbə bələdiyyəsinin fəaliyyətində aşkar olunmuş qanun pozuntuları barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar əsasında başlanaraq istintaq aparılıb.

Müəyyən edilib ki, Ataşov Ramiz Ağadədə oğlu Yardımlı qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işlədiyi 2007-2009-cu illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyənin adından 33 nəfər qəsəbə sakininə müxtəlif ölçülərdə torpaq sahələrinin ayrılması barədə qərarlar qəbul etməklə müvafiq sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmiş, bununla da "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi tərəfindən müəyyən olunmuş qiymətlərlə 122 min 650 manat dəyərində bələdiyyə mülkiyyətində olan 2.453 ha torpaq sahəsini 6.493 manata sataraq dövlətin və bələdiyyənin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

R.Ataşov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə ittiham elan edilmiş və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Yardımlı rayon məhkəməsinə göndərilib.

Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən korrupsiya hüquqpozmaları ilə əlaqədar müxtəlif sahələr üzrə 118 cinayət işinin istintaqı davam etdirilir. Həmin cinayət işlərinin nəticəsinə dair ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.




Teqlər:





Xəbər lenti